Modern.az

Nardaranda Bilik Evi açıldı - FOTOLAR

Nardaranda Bilik Evi açıldı - FOTOLAR

Təhsil

15 Mart 2016, 14:40



Martın 15-i Sabunçu rayonu Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik evinin açılış mərasimi olub.

Bu barədə Modern.az-a Bilik Fondunun İnformasiya təminatı sektorundan bildirilib.

Mərasimdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, 295 nömrəli tam orta məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova, 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Nardaran qəsəbə Rəhiməxanım pirinin axundu Hacı Musa Rza, Fondun əməkdaşları, Nardaran qəsəbə rəsmiləri, yerli ziyalılar və məktəblilər iştirak ediblər.

Deputat  Dilarə Cəbrayılova Nardaran Bilik evinin fəaliyyət proqramı haqqında məlumat verib.

Nardaranda Bilik evinin yaradılmasını dövlətin yerli əhaliyə diqqət və qayğısının daha bir nümunəsi kimi dəyərləndirən akademik Kamal Abdullayev bu ocaqda gənclərin və yeniyetmələrin dünyagörüşünün hərtərəfli inkişafı üçün geniş şərait yaradıldığını, müxtəlif kursların təşkil olunacağını, mütəmadi olaraq ədəbiyyat, incəsənət və dövlət xadimləri ilə maraqlı görüşlərin keçiriləcəyini, gənclərə elmi biliklərlə yanaşı, peşə vərdişlərinin də aşılanacağını vurğulayıb.

K.Abdullayev yerli ictimaiyyət nümayəndələrinin və məktəblilərin ona ünvanladığı sualları da cavablandırıb. 

Tədbir Nardaran məktəblilərinin hazırladığı bədii-musiqili proqramla davam edib.  Mirzə Fətəli Axundzadənin "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah" əsərinin motivləri əsasında səhnəcik göstərilib, şagirdlər şeirlər söyləyib, mahnılar oxuyub, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabından parçalar səsləndiriblər.

Nardaran qəsəbə 295 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Rəhiməxanım Balağazadə Nardaranda Bilik evinin yaranmasına çox sevindiyini deyib.

9-cu sinif şagirdi İlham Nuriyev Bilik evinin məktəblilər üçün qaranlıq məqamlara işıq salacağına inandığını deyib: “Biz dərsimizlə, ümumi dünyagörüşümüzlə bağlı maraqlandığımız suallara Bilik evində cavab tapacağıq. İstərdim ki, mənim oxuduğum məktəb də Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinə qoşulsun”.

Sonda tədbir iştirakçıları Novruz tonqalı ətrafında "Yallı" gediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nizamnaməsinə uyğun olaraq, yerlərdə əhalinin maarifləndirməsi işinin daha gücləndirilməsi üçün Bilik evləri yaradır. Artıq Oğuz və Qax rayonlarda Bilik evləri fəaliyyət göstərir. Yaxın gələcəkdə Gəncə, İsmayıllı və Astarada Bilik evlərinin açılması nəzərdə tutulur.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı