Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən “ÜDM-də müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ iqtisadiyyatın ) rolunun artırılması sahəsində 2016-2018-ci illər üçün Dövlət Proqramı” hazırlanır.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O qeyd edib ki, agentlik kreativ iqtisadiyyatla bağlı daim tədqiqatlar aparır və ölkə ÜDM-də onun rolunu müəyyən edir.
"Tədqiqatlar göstərir ki, 2001-ci ildə Azərbaycan ÜDM-də kreativ iqtisadiyyatın payı 1,1 faiz təşkil edirdisə, indi bu rəqəm 5 faizə qədər artıb".K.İmanov həmçinin bildirib ki, kreativ iqtisadiyyat barədə inkişaf strategiyasının mövcud olduğu Azərbaycanda bu sahənin çoxillik statistikasının məlumat bazası yaradılıb.
“Bu çərçivədə yaxın günlərdə təsdiqi gözlənilən, Müəllif Hüquqları Agentliyi tərəfindən hazırlanan və müvafiq strukturlarla razılaşdırılmış Nazirlər Kabinetinin “Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərar layihəsi hazırlanıb.
Həmçinin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasından irəli gələn və zəngin mədəni irsimizin qorunub saxlanmasına xidmət edən “Azərbaycan folkloru nümunələrinin və ənənəvi biliklərin hüquqi qorunması və qeydiyyatı qaydaları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.
Modern.az