
Konstitutsiya Məhkəməsinə yeni səlahiyyət verilir.
Modern.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bildirilib.
Qeyd olunub ki, yeni səlahiyyət "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” qanun layihəsində öz əksini tapıb.
Yeni müddəada göstərilib ki, Konstitusiya Məhkəməsi Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilə əsasında insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın ölkə barədə qəbul etdiyi qərarların Konstitusiyaya uyğunluğu baxımından Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsini həll edir.
Qanun layihəsi haqqında məlumat verən komitə üzvü Rəfael Cəbraylov deyib ki, qanun əsas məqsəd Azərbaycana qarşı ikili standartların hüquqi müstəviyə keçməsinin qarşısını almaqdır:
“Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra insan hüquq və azadlıqlarının prioritetliyini özünün dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul etdi.
Ancaq bu gün dünyada ikili standartlar hüquq müstəvisinə gəlib çıxır. Buna görə də düşündük ki, Konstitusiya Məhkəməsinə yuxarıda qeyd olunan səlahiyyətin verilməsi zəruridir”.
Ağa AKİFOĞLU