
“"İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” qanun layihəsi komitəmizin üzvü Rafael Cəbrayılov tərəfindən hazırlanıb və təqdim edilib"
Modern. az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli adıçəkilən komitənin martın 17-də keçirilən iclasının müzakirəsinə çıxarılmış məlum qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, adıçəkilən sənəd Konstitusiya qanunu layihəsi olduğu üçün onun müzakirəsi və qəbulu da gələcəkdə müvafiq prosedurlardan keçirilməlidir.
Qanun layihəsinin müəllifi Rafael Cəbrayılov isə qanunvericilik təşəbbüsü sübyekti hüququndan yararlanaraq belə bir sənədi hazırladığını, eyni zamanda, onun hələlik bir ideya olduğunu söyləyib:
"Çünki bu sənəd Konstitusiya qanunu layihəsi olduğu üçün onun müzakirələrə çıxarılması ən azı 63 millət vəkilinin dəstəyi, razılığı ilə müşaiyət olunmalıdır. Onun qəbulu üçünsə ən azı 95 millət vəkilinin lehinə səsverməsi tələb olunur. Mən deputat həmkarlarımla da bu məsələ ilə bağlı fərdi qaydada söhbətlər etmişəm və onlar da ilkin razılıqlarını bildiriblər. Yəni, onların ən azı 63-nün dəstəyini alandan sonra bu sənədi geniş müzakirələrə çıxarmaq və sonda plenar iclasa təqdim etmək mümkün olacaq".
R. Cəbrayılov söyləyib ki, bu sənədlə Azərbaycan heç də üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən geri çəkilmir:
"Burada Konstitusiyanın 130-cu maddəsinə müvafiq 3-cü hissənin əlavə olunması, yəni, Konstitusiya Məhkəməsinə yeni səlahiyyətlərin verilməsini nəzərdə tutan əlavənin edilməsindən söhbət gedir".
Millət vəkilinin dediyinə görə, ümumiyyətlə, insan hüquq və azadlıqların müdafiəsi, onların prioritetliyi məsələsi dünyanın, hüquq sistemin ən böyük nailiyyətlərdən biridir:
"Bu məsələnin bizdə də, yəni, həm milli qanunvericildə, həm də qoşulduğumuz beynəlxalq qanunvericilikdə zəngin normativ-hüquqi bazası var. Yəni, Azərbaycan dövləti də huquqi, demokratik bir dövlət kimi insan hüquq və azadlıqlarının müdafiəsini, onların prioritetliyini özünün əsas istiqamətlərindən biri kimi seçib. Konstitusiyamızın üçdə biri də məhz insan hüquq və azadlıqlarının təmini məsələsinə həsr olunub. Bununla bağlı 2001-ci ildə Beynəlxalq Konvensiyaya da qoşulmuşuq və 2002-ci ildən də həmin Konvensiyanın üzvüyük.
Ancaq bəzən görürsən insan hüquq və azadlıqlarının təmin edilməsi məsələsi adı altında dövlətlərarası qərar çıxaran orqanların milli maraqlarımıza uyğun olmayan qərarları, müqailələri də olur. Belə demək mümkünsə, ikili standartlar burada da özünü göpstərir, hüquq müstəvisinə çıxır. Ona görə də həmin qərarların, müqavilələrin Azərbaycan Konstitusiyasına uyğunluğu baxımdan Azərbaycanda icra olunmasının mümkünlüyünun yoxlanılması məsələsi ilə bağlı belə bir sənədin hazırlanması zərurəti meyadana çıxıb. Burada başqa heç bir məqsəd güdülmür və bəzilərinin də iddia etdiyi kimi, Azərbaycan üzərinə götürdüyü öhdəliklərdən geri çəkilmir.Yəni, bunu başqa cür yozmaq düzgün deyil"-deyə deputat əlavə edib.
Deputat Fəzail Ağamalı həmkarının təklifini, təşəbbüsünü dəstəklədiyini və onun təqdim olunan sənədlə balı ətraflı məlumat verdiyini bildirib. O da hesab edir ki, belə bir qanunun qəbuluna ehtuiyac var:
"Çünki bu gün insan hüquqları və azadlıqları məsələsi ilə bağlı Azərbaycana qarşı qərəzli yanaşmalar və təzyiqlər var. Bu, heç kim üçün sirr deyil. Yəni, ayrı-ayrı dövlətlərin təsiri və iradəsi altında olan beynəlxalq qurumlar vasitəsi ilə ölkəmizə təsir, təzyiq etmək, onu öz himayəsinə keçirmək, müstəqil dövlət və inkişaf xəttindən uzqalaşdırmaq meylləri mövcuddur. Ona görə də insan hüquq və azadlıqlarının müdafiəsi adı altında təsir və təzyiqlərin, qərəzli qərar və qətnamələrin önlənməsi üçün belə bir qanuna ciddi ehtiyac var".
Digər millət vəkilləri Çingiz Qənizadə, Məlahət İbrahimqızı da adıçəkilən sənədi dəstəklədiklərini bildiriblər. Ç. Qənizadə bildirib ki, bəlkə də heç 50 il ərzində bu sənədin icrasına ehtiyac olmayacaq:
"Amma bununla belə, dövlətlərarası qərarları çıxaran orqanların növbəti ədalətsiz qərarları olascağı təqdirdə, bu, bizə ehtiyat bir qanun kimi çox lazım olacaq".
Ağa AKİFOĞLU