Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə xalça sərgisi keçirilib. Xalçaların üzərində mis qablar, milli çalğı alətləri və digər eksponatlar tədbir iştirakçılarında xalçaçılıq sənətinə marağı daha da artırıb. Sərgi iştirakçılarına məlumat verilib ki, Azərbaycan qədim xalçaçılıq mərkəzidir. Azərbaycan xalçalarının mənşəyi Bürünc dövrünə təsadüf edir. Nümayiş olunan xalçalar unikal naxışları ilə diqqəti cəlb edib. Qonaqların marağına səbəb olan məlumatlar sırasında xalçaların həyat tərzi ilə sıx bağlı olması olub. Bu xalçalar azərbaycanlıların adətləri, ənənələri və inanclarının ayrılmaz hissəsidir. Nümayiş olunan xalçaların bir özəlliyi də odur ki, xalılar tükənməz rəng zənginliyinə malikdir. Xalçalardakı sehirli və rəngarəng çalarlar sərginin gözəlliyini daha da artırıb. Əsrlər boyu Azərbaycanın müxtəlif regionlarında müxtəlif xalçaçılıq məktəbi inkişaf edib. Qubada, Bakıda, Şirvanda, Gəncədə, Qazaxda, Qarabağda və Naxçıvanda toxunan xalçalar yunun keyfiyyəti, boya komponentləri, boyaq və toxuma texnologiyaları, dizayn, orijinal həndəsi naxışlar və obrazları ilə bir-birindən fərqlənir. Mərasimdə qısametrajlı sənədli film də nümayiş olunub. Sərgidə Qazaxıstanda akreditasiyadan keçmiş diplomatik korpusların rəhbərləri, səfirlər, beynəlxalq təşkilatların rəhbərləri, ziyalılar, tanınmış şəxslər iştirak edib.

Modern.az