
Kremldən kurasiya edilən “LifeNews” telekanalının çəkiliş qrupu Suriyanın Əş-Şədad şəhərindəki “İslam dövləti”nin (İŞİD) təlim düşərgəsindən süjet hazırlayıb.
Modern.az saytının məlumatına görə, bu düşərgədə İŞİD yeniyetmələrə təlim keçir. Burada təlim keçənlər “xilafətin şir balaları” adlanır.
Düşərgədəki uşaqlar sonradan döyüşlərə göndərilir.Terrorçuların əlindən qaçan Məhəmməd adlı oğlan ekstremistlərin yeniyetmələri özlərinə necə cəlb etməsindən danışıb. Məhəmməd deyib ki, ilk olaraq onu məscidə gətiriblər. Onun fikrincə, məscidlər uşaqların ideoloji hazırlığının birinci mərhələsi hesab edilir.
“Məni bura şəriət kursuna çağırdılar. Onlar bizi qiyamətlə qorxudurdular, cənnətdən və cəhənnəmdən danışırdılar. Onların öz dərslikləri var və hamısı Quranla əsaslandırılır. Mənim əmim oğlunu inandıra bildilər və o, İŞİD təkibində döyüşməyə getdi”,-deyə qeyd edib.
Əli adlı yeniyetmə isə qeyd edib ki, İŞİD uşaqlara evləri yandırmağı məsləhət görür.
“Bizə izah edirdilər ki, cihad yalnız əlinə “Kalaşnikov” götürüb vuruşmaq deyil. Cihad həm də odur ki, əlin yanacaq götürürsən və iman gətirməyənlərin, inanmayanların evlərini yandırırsan”.
Aqşin KƏRİMOV