Azərbaycanın Serbiyadakı Səfirliyinin dəstəyi və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Belqrad şəhərinin mərkəzindəki Taşmaydan parkında Beynəlxalq Novruz Günü münasibəti ilə tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbirdə əvvəlcə qədim Şərqdə baharın gəlişini, təbiətin oynaşını təmsil edən, bolluq, bərəkət rəmzi olan Novruz haqqında məlumat verilib, bu bayramın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, 2010-cu ildə isə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisi tərəfindən 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi qəbul edildiyini bildirib.
Tədbirin keçirildiyi ərazidə Novruzun atributlarından olan tonqal yandırılıb, Azərbaycanın milli geyimlərində olan uşaqlar tonqal ətrafında yallı getməyə başlamış, ətrafdakı insanlar həvəslə onlara qoşulublar. Tədbir zamanı Serbiyanın tanınmış opera müğənnisi Natalya Yoviç “Bu gün ayın üçüdür”, serb müğənni İvana Munca isə “Sarı gəlin” və “Laçın” Azərbaycan xalq mahnılarını ifa etmişlər. Serbiyada fəaliyyət göstərən həmvətənlərimizin övladlarının ifasında “Naz eləmə”, “Uzundərə” və “Nəlbəki” rəqsləri, habelə Polad Bülbüloğlunun repertuarından “Şən Azərbaycan” mahnısı ətrafa toplaşan yerli sakinlər və Belqrad şəhərinin qonaqları tərəfindən maraqla və alqışlarla qarşılanmışdır.Tədbir boyu Müslüm Maqomayevin “Azərbaycan” mahnısı, eləcə də Novruzla bağlı “Səməni nazlı gəlin”, “Novruz gəlir, yaz gəlir” və digər mahnılar səsləndirilib. Tədbirin yekununda ətrafa toplaşmış insanlar səməni, rəngbərəng yumurtalar və Azərbaycan mətbəxinə məxsus ləziz şirniyyatlar, o cümlədən şəkərbura, paxlava, qoğal ilə bəzədilmiş süfrəyə dəvət ediliblər.



Modern.az