Modern.az

Savçenko bizə belə əzizdir?

Savçenko bizə belə əzizdir?

25 Mart 2016, 09:34

Bu ağılsız aksiya kimin olmayan “ağlına” gəlib?

Axı bu, daha çox erməni və kürdlərin diqtəsi ilə təşkil olunmuş ideoloji təxribata oxşayır... Kimdir düşmən dəyirmanına su tökənlər?

Paytaxtda özünü “D18 Hərəkatı”nın (?) üzvləri hesab edən bir qrup “fəal” dünən günorta saatlarında Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında “Nadejda Savçenkoya azadlıq!” şüarı ilə piket keçirib. Onlar rus jurnalistinin öldürülməsində təqsirli bilinən N.Savçenkoya Rusiya tərəfindən 22 il həbs cəzası verilməsinə etirazlarını bildirməyə çalışıblar.

Bu piketçilərdən bir soruşan gərəkdir: ay müsəlman - "pokazuxa"çı petisiyaçılar, heç nə etdiyinizi anlayırsız? Axı, siz düşmən dəyirmanına su tökürsünüz. Siz Rusiyaya, Putinə meydan oxumaq istəyirsiniz? Bu, minlərlə işıq ili bizdən uzaq, əlçatmaz olan Aya Yerdən “qışqırıb” (bir az mədəni şəkildə desək) nəsə demək kimi gülünc deyilmi? Axı, siz kimsiniz ki, Azərbaycana qətiyyən aidiyyəti olmayan bir məsələ ilə bağlı Moskva qarşısında tələblər irəli sürürsünüz? Kimin ağlına gəlib bu lazımsız (dövlətimiz və xalqımız üçün...), heç bir nəticə verməyəcəyi elə qabacadan bəlli olan aksiya? Bununla özünüzü kimə “göstərmək” istədiniz, nəyə nail oldunuz, nə qazandınız? Bu, sadəcə aksiya xatirinə aksiya keçirmək istəyindən başqa bir şey deyildi. Odur ki, çox düzgün olaraq Rusiya səfirliyindən heç kəs sizin -  9-10 nəfərin “pişvazına” çıxmadı.

...1988-ci ildən başlayaraq ötən 28 il ərzində minlərlə oğul-qızlarımız düşmən tərəfindən məhv edilib, yüzlərlə talesizlərimiz 20 ildən artıqldır ki, erməni əsirliyindəir. Niyə neçə illərdir onların müdafiəsinə qalxıb Rusiya, Amerika, Fransa və digər ölkələrin səfirlikləri qarşısında tələblər qaldırmadınız? Sizə nə düşüb ki, Ukrayna təyyarəçisini müdafiə edib, Rusiyanı Azərbaycan əleyhinə daha da qıcıqlandırırsınız? Rusiyanın Türkiyə ilə münasibətlərinin böhran həddində olduğu bir vaxtda bu lazım idimi?

Hardandır sizdə Savçenkoya belə odlu məhəbbət? Axı cəmi 9-10 nəfərin iştirak etdiyi (bu, şəkildən də aydın görünür) bu qurama, təxribatçı aksiyanız bu gün-sabah Azərbaycanın, Türkiyənin başında çatlamayacaqmı? Heç düşündünüzmü bunu? Bu gün hətta Amerikaya, NATO-ya, bütün dünyaya meydan oxuyan super güclü bir dövlətə sizlər hansı təsiri göstərə bilərsiniz? Niyə burnunuzun ucundan o yanı görmək istəmirsiniz? Axı, siz siyasətçi deyilsiniz. Siyasətdən, diplomatiyadan az-çox xəbəri olanlar belə bir səhvə yol verməzdilər. Bu aksiyanızla siz Rusiyanı yox, Azərbaycanı hədəfə çevirdiniz, ölkəmizə özünüzün təsəvvür edə bilməyəcəyi çox ağır bir zərbə vurdunuz.  

Unutmaq lazım deyil ki, bunu istəyib-istəməməyimizdən asılı olmayaraq, Rusiya bu gün hərbi cəhətdən çox güclü, hegemon dövlətdir. Odur ki, Rusiya qarşısında bu gün Amerikanın da “sakit durmağa” məcbur olduğu indiki vəziyyətdə Azərbaycan tam neytral mövqe tutmalıdır və heç kəs, heç bir ictimai təşkilat bu cür mənasız, təxribatçı aksiyalara yol verməməlidir.





Rəhman ORXAN,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...