Modern.az

“Respublikaçı Alternativ Partiyası birdən-birə gəlib...”

“Respublikaçı Alternativ Partiyası birdən-birə gəlib...”

29 Mart 2016, 13:38


Respublikaçı Alternativ Hərəkatının (REAL) bazası əsasında yeni partiya yaradılması siyasətçilərin müzakirə mövzusuna çevrilib.

Bəziləri düşünür ki, REAL bununla alternativ bir qüvvəyə çevriləcək və ənənəvi müxalifəti siyasi səhnədən tədricən sıxışdırıb çıxaracaq.

Politoloq Qabil Hüseynli mövzu barədə Modern.az saytının suallarını cavablandırıb. Ekspert bildirib ki, Respublikaçı Alternativ Partiyasındakılar azsaylı qüvvə olsa da, onlar intellektual şəxslərdən ibarətdir.

“Bununla belə, hələ ölkə miqyasında yeni bir gücə çevrilə bilməyiblər. REAL sadəcə olaraq Bakı miqyasında müəyyən qədər təşkilatlanıb. Bu təşkilatlanma daha çox cəmiyyətdə tanınan, intellektual potensialı ilə seçilən şəxslərin sayəsindədir”.

Qabil Hüseynlinin fikrincə, partiyanın sədri İlqar Məmmədov həbsdən çıxsa,  təşkilatın alternativ bir siyasi qüvvəyə çevrilməsi aparılacaq işlərdən asılı olacaq.

“Bu məsələ İlqar Məmmədovun aparacağı işlərdən asılı olacaq. İndi cəmiyyətin siyasi fəaliyyətə cəlb olunması o qədər də asan məsələ deyil. Bu nöqteyi-nəzərdən digər siyasi partiyaların böhran yaşadığı bir zamanda elektorat toplamaq o qədər də asan deyil. Ancaq düşünürəm ki, müəyyən həddə qədər təşkilatlana bilərlər”.

Politoloq bildirib ki, REAL nə qədər güclənsə də, ənənəvi, klassik müxalifəti sıxışdıra bilməyəcək.

“Mən düşünmürəm ki, REAL ənənəvi müxalifətdən üstün olacaq. Çünki klassik hesab olunan müxalifətin oturuşmuş bir elektoral bazası var. Düzdür, bu baza zəifləyib, amma nəticədə oturuşub. Ənənəvi müxalifətin siyasi inteqrasiya ənənələri yoxdur. Aralarında daha çox siyasi ambisiyalardan qaynaqlanan konfliktlər var. Bu baxımdan, onlar ictimai rəyə təsir etmək imkanlarını xeyli dərəcədə azaldıblar. REAL isə birdən-birə gəlib, bunların yerini tuta bilməyəcək. Ona görə də, mən bununla mövcud siyasi vəziyyətin dəyişəcəyinə inanmıram. Lakin, REAL-ın müəyyən manevrlər edəcəyini və bəyanatlarla proseslərdə aktiv iştirakını proqnozlaşdırıram”.

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...