
Ötən il ölkə daxilində bir təhsil müəssisəsindən digər təhsil müəssisəsinə köçürmələrin sayı bakalavriat səviyyəsi üzrə 565 nəfər olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, 57 nəfər digər təhsil müəssisəsinə köçürülmə ilə bağlı xaric olunsa da köçürülmə əməliyyatı başa çatdırılmayıb.
“Bildirək ki, köçürülmənin başa çatdırılmamasına səbəb müvafiq əmrin hesabat alınana qədər sistemə daxil edilməməsi də ola bilər. Ötən il ölkə daxilində magistratura səviyyəsi üzrə köçürülmə həyata keçirilməyib. Bundan başqa, 2015-ci ildə digər dövlətlərin ali təhsil müəssisələrindən bakalavriat səviyyəsi üzrə köçürülənlərin sayı 394 nəfər olub. Magistr səviyyəsi üzrə 1 nəfər köçürülüb”.
Məlumatda bildirilib ki, 2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 93 116 abituriyent ərizə verib.
Onların 52.80%-i oğlan, 47.20%-i qız abituriyent olub. Artıq üçüncü ildir ki, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızların sayından çox olub. Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fərqli olub. Belə ki, Azərbaycan bölməsində oğlanlar (53.24%), rus bölməsində isə qızlar (52.06%) sayca üstünlük təşkil edib".
27.12.2013-cü ildən 25.11.2015-ci ilədək tam orta təhsil və ümumi orta təhsil bazalarında orta ixtisas təhsili səviyyələri üzrə orta ixtisas təhsili müəssisələri tərəfindən 2015-ci və əvvəlki illərə aid "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş əməliyyatlar haqqında yekun statistik məlumatlar açıqlanıb.
Belə ki, son iki ildə 463 nəfər əlavə təhsil almaq üçün qəbul olunub, 4827 tələbə xaric edilib, 183 tələbə kursda saxlanılıb. Həmçinin iki il ərzində 1222 ixtisas dəyişimi həyata keçirilib. Eyni zamanda xarici təhsil müəssisələrindən 20 nəfər köçürülüb. 3348 nəfər akademik məzuniyyət alıb, 3867 nəfər isə bərpa edilib. 2013-2015-ci illərdə isə 49300 nəfər diplom alıb.
Aytən ZƏHRA