“Hər bir müdafiə olunan işlərdə elmi yeniliklər olur. Tarixin hansısa dövrü öyrənilirsə, onu yenidən elmi tədqiqata çəkmək təkrarçılıq olar. Mənim elmi işim Cümhuriyyət dövrü hərəkatında Qafqaz İslam Ordusudur. Bu baxımdan mən də çalışdım ki, indiyə kimi işlənməmiş, toxunulmamış mövzu olsun”.
Bu sözləri Modern.az saytına açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı müdafiə etdiyi yeni elmi işi haqqında danışarkən deyib.
Baş redaktor bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatda Qafqaz İslam Ordusu mövzusu az işlənmişdi:
“Cümhuriyyət dövrünün ictimai-siyasi, iqtisadi və digər sahələrin tarixi işlənilib. Amma cümhuriyyət dövrünün mətbuatında Qafqaz İslam Ordusu mövzusu demək olar ki, az toxunulmuşdu.
Elmi işdə cümhuriyyət dövründə mətbuatın durumu, ona verilən qiyməti, mətbuatın o zaman cəmiyyətdəki rolunu elmi işimdə canlandırmağa çalışmışam.
Bu elmi işin yeniliyi ondandır ki, indiyə qədər cümhuriyyət dövrü mətbuatından Qafqaz İslam Ordusu mövzusu çox az idi. Qəzetlərdə, mətbuatda da bu mövzu çox az işlənmişdi.
Burada həm jurnalistikamızın və həm də hərbimizin tarixi, ordunun formalaşması, orduya Azərbaycan xalqının o zaman verdiyi dəstək də öz əksini tapıb”.
Tarix elmləri üzrə fəlsəfə doktoru adını alan Akif Aşırlı bu işdə ona dəstək verənlərə minnətdarlıq edib.
Qeyd edək ki, Akif Aşırlının dünən Azərbaycan Milli Elmlər Akademiyasında müdafiə etdiyi dissertasiyanın elmi rəhbəri, AMEA-nın müxbir üzvü, Tarix institutunun direktoru, professor Yaqub Mahmudov olub.
Elmi Şuranın iclasına sədrlik edən professor Fəzail İbrahimli A.Aşırlının "Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın yekdilliklə qəbul edildiyini açıqlayıb.
Dissertasiya müdafiəsində elmi rəhbər və Müdafiə Şurasının üzvləri ilə yanaşı, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digər ictimaiyyət üzvləri, elm adamları iştirak edib.
Ağa AKİFOĞLU