Modern.az

Xocalıda Prezidenti güldürən Rahul: Özünə doğma bildiyi adamlara belə deyir - FOTO+VİDEO

Xocalıda Prezidenti güldürən Rahul: Özünə doğma bildiyi adamlara belə deyir - FOTO+VİDEO

Ölkə

16 Sentyabr 2025, 10:36

Prezident İlham Əliyev ötən günlərdə Qarabağ bölgəsində səfərdə olub. Dövlət başçısı Xocalının, Xocavəndin kəndlərində vətəndaşlarla görüşüb.

İlham Əliyev Şuşakənddə olarkən Xocalı sakini Zaur Rzayevin evində qonaq olub, onun ailə üzvləri ilə söhbət edib.

Söhbət zamanı evin balaca övladı Rahulun Prezident İlham Əliyevlə maraqlı dialoqu yaşanıb. Belə ki, xəritədə Azərbaycanı Prezidentə göstərən Rahul daha sonra qoğal yediyini də deyərək hər kəsin üzündə gülüş yaradıb. 

Modern.az Rzayevlər ailəsi ilə əlaqə saxlayıb.
 
Həmsöhbət olduğumuz Zaur Rzayevin səsindən sevinci hiss olunur:

“Elə indi ailəmizlə birlikdə Şuşakəndi gəzirik, buralar çox gözəldir. Vətənə qayıtmaq, bundan sonra öz el-obamızda yaşamaq qədər gözəl hiss yoxdur”. 

Bu sözləri deyəndən sonra fonda qayıdışın sevimli simasına çevrilən Rahulun da səsi gəlirdi: "Ata, gəl ora da gedək".

Doğma yurdunu 30 il sonra görən bu ailəni çox da telefonda saxlatmaq istəməyib axşam danışmaqla bağlı razılaşdıq. 



Bir neçə saat sonra Zaur Rzayev özü bizə zəng etdi, səsindəki sevinc isə hələ də qalırdı:

“Eşidəndə ki, cənab Prezident bizim evə qonaq gələcək çox qürur duyduq. Çünki, bu hər bir vətəndaşın arzusudur. Öz doğma yurdumuza köçməyin sevinci bu xəbərlə iki qat artdı. Qarabağa ilk köç edən ailələrdən olmaq insana xoşbəxtlik hissi bəxş edir. 33 il doğma yurdumuzdan uzaqda yaşamaq bütün məcburi köçkünlər kimi bizim üçün də çətin olub. 

Çox sevinirik ki, bizim doğulub lakin yaşayıb-yarada bilmədiyimiz torpaqlarda övladlarımız yaşayacaq. Buna görə də Ulu öndərimizin siyasətinin uğurlu davamçısı cənab Prezident İlham Əliyevə və ordumuza təşəkkür edirik. Vətəni uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik. Onları böyüdən gözəl valideynlərin əllərindən öpürük” - deyə müsahibimiz xüsusi ilə bildirdi. 

Rahulla dövlət başçısının söhbəti haqqında danışmaq belə hər ikimizdə yenidən gülüş yaratdı:

“Cənab Prezident bizə gələndə ailə üzvlərimizdən ən kiçiyi Rahul da çox sevincli idi. Evdə bir az dəcəllik edirdi deyə anası ən sevimli məşğuliyyəti olan atlas və qlobusu başını qatmaq üçün ona verdi. Cənab Prezident evə daxil olan kimi - İlham baba, salam, - deyib yenidən yerində əyləşdi. Cənab Prezident onun əlində atlası görüb, xəritədə Azərbaycanı göstərməsini istədi. Rahul da bunu məharətlə bacardı. Rahulun 5 yaşı olmasına baxmayaraq 3 yaşından başlayaraq yazıb-oxumağı öyrənib, şifahi toplamalar edir, ölkələri qlobusda rahatlıqla tapa bilir. Həmçinin dünya ölkələrinin bayraqlarını, müəyyən qədər də paytaxtlarını tanıyır. Üzündə sərbəst şəkildə kitab oxuyur”.   


Zaur Rzayev, həmçinin oğlunun naharda yediklərini Prezidentə deməsindən də danışıb:

"Сənab Prezident xüsusi nümayəndəlikdən görülən işlər haqqında məlumat alarkən Rahul Prezidentə səmimiyyəti ilə ürəyindən keçərək naharda yediyi yeməyi deyir. Rahulda bir xasiyyət var, özünə doğma, yaxın bildiklərinə yeni şeylər öyrənəndə onu danışar, nə yediyini deyər, təzə paltar alanda onu göstərər. Uşaqdır, yəqin bu onun səmimiyyətindən, saflığından gəlir. Rahulun da Prezidentə qoğal yediyini deməyi hamımızın söhbət əsnasında gülüşünə səbəb oldu. Sosial şəbəkələrədə də bu görüntülərin səmimi qarşılanması bizi sevindirdi".

Heç şübhəsiz ki, 33 il sonra vətəninə qayıdan hər kəs Rahul kimi bu dövlətin başçısını özünə ən doğma adam bilir. Ali baş komandan illər sonra bizə Zəfəri yaşatmaqla bərabər, Böyük Qayıdış planı və qayğısı ilə 10 milyonun üzündə yenidən gülüş yaradır. Bir zamanlar Azərbaycanı xəritədə tapmaqda çətinlik çəkənlər də, ölkə başçısının apardığı güclü siyasətlə 5 yaşlı Rahul kimi ölkəmizin harada yerləşdiyini də, bu xalqı da, onun liderini də yaxşı tanıyır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi