Modern.az

Partiyalar Qarabağa nə vaxt QAYIDIR...

Partiyalar Qarabağa nə vaxt QAYIDIR...

Ölkə

18 Sentyabr 2025, 11:06

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 55329 nəfər təşkil edib. Artıq Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb. Məhz hazırki situasiya siyasi partiyaların da öz təşkilatlarını Qarabağ və Şərqi Zəngəzurda qurması məsələsini gündəmə gətirir. Bir sıra partiyalar gələn il üçün işlər planında bunu prioritet kimi qeyd edib.

Modern.az mövzuya dair partiyalar arasında sorğu keçirib:

Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin komitə sədri Fazil Mustafa bildirib ki, partiyanın rayon təşkilatlarının Qarabağdakı rayonlara köçürülməsi üçün zamana ehtiyac var:

“Məskunlaşmanın tam təsnifatı aparılmalıdır ki, harada bizim üzvlərimiz geri qayıdıblar. Müəyyən rayonlara qayıdanlar barədə mənim bilgim yoxdur. Əksəriyyəti hələ ki Bakıdadır və köçməyi gözləyirlər. Bir çoxu digər məcburi köçkünlər kimi geri qayıtmağı arzulayırlar. Proses müəyyən dərəcədə mərhələ-mərhələ həyata keçirildiyinə görə, konkret olaraq, məskunlaşma prosesi hələ təsnifləşdirilməyib. Mən söyləyə bilmərəm ki, bizim nə qədər üzvümüz Laçına və ya Qubadlıya köçüb. Gözləmək lazımdır. Statistik bilgilər əldə etdikdən sonra belə bir fikrimiz olacaq”.

F.Mustafa bölgələrdə siyasi təşkilatlarının fəaliyyət göstərməsi ilə bağlı ümumi qərarlarının olduğunu vurğulayıb:

“Həmin bölgələrlə bağlı bizim rayon təşkilatlarımız var. Bu təşkilatlar daha çox Sumqayıtda, Bakıda məcburi köçkünlər arasında fəaliyyət göstərir. Gələcəkdə kimlər köçəcəksə, artıq biz də yerdəyişmə barədə düşünə bilərik”.

Mili Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Qarabağ və Şərqi Zəngəzurda partiyanın rayon şöbələrinin yaradılmasının hələ ki müzakirə olunmadığını deyib:

“Düşünürəm ki, hələ tezdir. 2026-cı ildən sonra bu barədə düşünmək olar. Bu məsələyə 2027-ci ildən başlaya bilərik. Hələ ki belə bir plan yoxdur. Hazırda əsas məsələ məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıtması, işlə təmin olunmasıdır. İndiki şəraitdə həmin rayonlarda siyasi partiyaların fəaliyyət göstərməsi bəlkə də kimlər üçünsə məqbuldur. Amma bizim üçün məqbul sayılmır”.

AMİP-in sədri, deputat Arzuxan Əlizadə Laçın, Füzuli və Zəngilan təşkilatlarının yenidənqurulması, bərpası istiqamətində fəaliyyətlərinin davam etdiyini qeyd edib:

“Məlumat üçün bildirim ki, bizim əvvəllərdə bir sıra işğal olunmuş ərazilər üzrə rayon təşkilatlarımız fəaliyyət göstərib. Sonradan fəaliyyətini davam etdirənlər də, dayandıranlar da olub. Əslində, AMİP olaraq növbəti 13-cü qurultaya hazırlaşırıq və rayon təşkilatlarımızda konfranslar da keçirilib. Artıq demək olar, proses yekunlaşıb.  Kəlbəcər rayon təşkilatında konfransımızı keçirmişik. Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədidəki qəsəbədə konfransımız baş tutdu. Yəni Kəlbəcər rayon təşkilatı fəaliyyət göstərir. Təbii ki, məskunlaşma başa çatdıqdan sonra təşkilatımızın rayonun özündə fəaliyyət göstərəcəyi hədəflənib. Cəbrayıl təşkilatımız da mövcuddur. Onların əksəriyyəti Sumqayıtda məskunlaşıb. Əvvəllər mövcud olmuş Laçın, Füzuli və Zəngilan təşkilatlarının yenidənqurulması, bərpası istiqamətində fəaliyyətimiz davam edir.  Eyni zamanda digər işğaldan azad olunmuş ərazilərimizin hər birində AMİP-in rayon və şəhər təşkilatının yaradılaması və yenidənqrulması prosesi reallaşacaq. Bu istiqamətdə  partiyanın qarşısında duran hədəflər var. Yaxın zamanlarda bu hədəfləri reallaşdırmağı nəzərdə tutmuşuq”.

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev işğaldan azad olunan ərazilərdə heç bir fərq qoymadan təşkilatlanmanı nəzərdə tutduqlarını diqqətə çatdırıb:

"Siyasi partiyalar ölkənin bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməlidir. İşğaldan azad edilmiş ərazilərimizdə çox böyük tikinti-quruculuq, bərpa işləri aparılır. Məktəblər tikilir, infrastruktur qurulur. Bütün hallarda məskunlaşma nə qədər sürətlə olsa, o qədər yaxşıdır. İşğaldan azad olunmuş ərazilərimizdə bütünü hallarda heç bir fərq qoymadan təşkilatlanmanı təbii ki, nəzərdə tuturuq". 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, kütləvi qayıdışdan sonra Sumqayıt və Bakıda fəaliyyət göstərən bəzi rayon təşkilatları öz fəaliyyətlərini Qarabağda davam etdirəcəklər:

"Təbii ki, işğaldan azad edilmiş rayonlarımızda siyasi partiyaların fəaliyyəti və onların həm də həmin yaşayış məntəqlərində rayon mərkəzlərində və şəhərlərində xalqımızın yanında olması, aparılan quruculuq işlərinə dəstək verməsi, dövlətimizin və möhtərəm cənab Prezidentin hədəflərinin xalqımızın içərisində geniş yayılması tarixi zərurətdir. Mən etiraf edim ki, bununla bağlı hələ işğaldan öncə bir sıra şəhər və rayonlarda təşkilatlarımızın özəyi olub. Ağdam həmişə Ana Vətən Partiyasının ən fəal təşkilatlarından biri kimi özünü ifadə edib. Şuşada və Xankəndidə Ana Vətən Partiyasının özəkləri var. İnsanlarımız daha kütləvi şəkildə orada məskunlaşdıqdan sonra həmin təşkilatlarımız şəbəkəsini genişləndirərək və dövlətimizin hədəflərinin həyata keçmiş olduğu möhtəşəm quruculuq və bərpa işlərinin və digər sahələrdəki önəmli fəaliyyətinin içərisində yer alacaq. Ana Vətən Partiyasının  Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında da yerli təşkilatları fəaliyyət göstərib, indi də göstərir. Həmin rayonların təşkilatları partiyamızın ən aktiv təşkilatları kimi dövlətimizə xidmət etməkdədir. Həmin rayonlarımıza kütləvi şəkildə qayıtdıqdan sonra, yəqin ki, hazırda Sumqayıt və Bakıda fəaliyyət göstərən rayon təşkilatları öz fəaliyyətlərini Qarabağda davam etdirəcəklər".

Ağ Partiyanın sədri Tural Abbaslı əsas məsələlərdən birinin qərargahlarla bağlı olduğunu deyib:

"55 min adam Qarabağın müxtəlif ərazilərinə köçürülüb. Partiyamızın strukturlarında rayon təşkilatları var. Qarabağda ayrı-ayrı rayonlar mövcuddur. 55 min nəfəri rayonlar üzrə böldükdə hər bölgəyə 4-5 min adam düşür. Bu 4-5 min adamın içərisində də sənin üzvlərin, siyasi aktivlər olmalıdır. Rayon təşkilatının rəhbərliyi köçmüş olmalıdır ki, orada partiya qurasan. O regionlarda partiyaların formalaşdırılmasının əsas şərti ofislərin  olmasıdır. Hər kəs bilir ki, işğaldan azad olunmuş ərazilərdə bütün obyektlər, evlər, mənzillər hamısı dövlətin nəzdindədir. Bu məsələnin marağında bir növ dövlət olmalıdır. Partiyaın şəxsi təşəbbüsü düşünürəm, kifayət etmir. Bizdən olsa, günü sabahdan işğaldan azad olunmuş ərazilərdə, ilk növbədə Xankəndiddə, sonra Şuşada və digər rayonlarda təşkilatlarımızı formalaşdırarıq. Bir daha deyirəm, bu məsələ dövlətdən asılıdır. Dövlət tərəfindən partiyaların orada normal fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Orada Azərbaycanın digər rayonlarından fərqli şərtlər var. Yəni bir baxımdan partiyaların işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlaması və işini davam etdirməsi birbaşa dövlətin yanaşmasından asılıdır".

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bunları deyib:

"Bu məsələ vacibdir. Hər bir partiya öz təşkilatlarını, yerli şöbələrini yaratmalıdır. İşğaldan azad olunmuş  ərazilərlə bağlı işlərimiz ortadadır. Qarabağ Azadlıq Hərəkatının o zaman işğal altında olan bölgələrin hər biri ilə bağlı yerli şöbələri vardı. Hərəkat partiyaya çevriləndən sonra həmin şöbələr partiyamızın təşkilatları olub. Onlar fəaliyyətlərini davam etdirirlər. Bizim partiya üzvlərimiz geriyə qayıtdıqca, həmin ərazilərdə öz fəaliyyətlərini davam etdirəcəklər. Şuşa şöbəmizin sədri Şuşada yaşayır, arada Bakıya gəlir-gedir. Digər ərazilərdə də həmin qayda da işlərimiz gedəcək. Biz son bələdiyyə seçkilərində də bu məsələ ilə bağlı təşəbbüs irəli sürdük. Xankəndi, Xocalı və Laçına köçmüş və orada çalışan insanlardan namizədlərimizi verdik. Sonra  məlum oldu ki, orada hələ bələdiyyə seçkisi keçirilmir. Namizədlərimiz vardı. Bizim Ağdam şöbəmizin sədri bələdiyyə üzvü seçilib. O da öz kəndinə qayıdandan sonra rayon təkilatının sədri kimi fəaliyyət göstərəcək. Bu məsələ daim bizim gündəmimizdə və diqqətimizdədir.

Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı söyləyib ki, məcburi köçkünlərin hansı rayonda yerləşməsi, onlardan neçə nəfərinin 18 yaşdan yuxarı olduğu aydınlaşandan, azad olunan rayonlara sərbəst gediş-gəliş təmin olunandan sonra Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən rayon təşkilatlarının azad olunan bölgələrə köçürülməsi məsələsi müzakirəyə çıxarıla bilər:

"Mən bir aydır ki, səhhətimlə əlaqədar partiyada aparılan müzakirələrdə iştirak etmirəm. Onu bildirim ki, işğaldan azad olunan rayonların hər biri üzrə Müsavat Partiyasının təşkilatları fəaliyyət göstərir. Hələlik onlar Bakı, Sumqayıt şəhərlərində və Füzuli rayonunda fəaliyyət göstərirlər.

Qeyd etdiyiniz 55329 nəfər məcburi köçkünün hansı rayonda yerləşməsi, onlardan neçə nəfərinin 18 yaşdan yuxarı olduğu aydınlaşandan, azad olunan rayonlara sərbəst gediş-gəliş təmin olunandan sonra Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən rayon təşkilatlarının azad olunan ərazilərə köçürülməsi məsələsi müzakirəyə çıxarıla bilər.

Məcburi köçkünlərə, itirdikləri əmlaka görə kompensasiya verilməli, köçdükləri torpaqlardan onlara  və onların sonradan dünyaya gələn övladlarına torpaq payı verilməlidir. Bu ədalətin göstəricisi ola bilər".

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin müavini Niyaməddin Orduxanlı:

"Partiyamızın  Qarabağ və Şərqi Zəngəzura aid rayon şöbələrindən artıq Laçın rayon təşkilatı fəaliyyət göstərir.  Özü də ən güclü şöbələrimizdəndir. Qubadlı, Kəlbəcər və digər rayon şöbələrinin yaradılıb qurulması  istiqamətində partiyaya müraciətlər var, bu istiqamətdə rəhbərlik də düşünür. Yaxın gələcəkdə  həmin rayonlarda da Ədalət, Hüquq və Demokratiya Partiyasının şöbələrinin yaradılması gözlənilir. Bizim Laçın şöbəmiz fəaliyyət göstərir. Yerli təşkilatın bütün strukturları var. Ancaq yerli qərargahımız hələ ki yoxdur".

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli vurğulayıb ki, Xankəndidə şəhər təşkilatının yaradılması barədə muzakirələr aparırlar:

"İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın getməsi bu torpaqlara yeni nəfəs verməkdədir. Bir yandan müasir tələblərə uyğun infrastrukturun qurulması, digər tərəfdən insanların doğma yuvalarına qovuşması gözəl bir ahəng yaradır. Bu sistemi saxlamaq üçün təbii ki, ictimai, siyasi fəaliyyətə də ciddi ehtiyac yaranır. Cəmiyyətin nizamının qorunması üçün bu olduqca vacibdir. Hazırda Ədalət Partiyasının işğaldan azad edilmiş ərazilərdə işləyən üzvləri var. Onların arasinda Xankəndində iş quranlar da mövcuddur. Bizimlə daimi olaraq əlaqə saxlayırlar. Biz Xankəndidə şəhər təşkilatının yaradılması barədə muzakirələr aparır və işlərimizi planlaşdırırıq. 
Bundan başqa, bizim Kəlbəcər, Füzuli, Laçın rayon təşkilatımız fəaliyyət göstərir. Məskunlaşma dərinləşdikcə, bu təşkilatlarımız da öz doğma yerlərinə transfer olunacaqlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi