Onlar siyasət meydanında deyil, amma bir çox hallarda diqqət mərkəzində olurlar. Ataları və ya anaları ölkənin taleyüklü məsələlərində önə çıxanda, onların özü də cəmiyyətin maraq dairəsinə düşürlər. Söhbət siyasətçi övladlarından gedir: onlar kimdir, nə işlə məşğuldurlar, valideynlərinin nüfuzu onların həyat yoluna necə təsir edib?..
Ədalət Partiyasının sədri İlyas İsmayılov bu ilin fevralında dünyasını dəyişdikdən bir müddət sonra onun müavini Mütəllim Rəhimli siyasi təşkilatın sükanı arxasına keçdi.
Mütəllim Rəhimli uzun illərdir siyasət meydanındadır. Həmişə aktivliyi ilə seçilən Ədalət Partiyasının hazırkı sədri mətbuata da əlçatan siyasətçilərdəndir.
Mütəllim Rəhimli yalnız siyasi fəaliyyəti ilə deyil, eyni zamanda şəxsi həyatı ilə də maraq doğurur. Cəmiyyətin diqqətində olan bütün ictimai-siyasi fiqurlar kimi, onun da övladlarının fəaliyyəti ictimaiyyətin diqqətini çəkə bilər.
Modern.az saytı “Siyasətçi övladları” rubrikasında bu dəfə Mütəllim Rəhimlinin uşaqlarından bəhs edir.
Bu yazıda Mütəllim Rəhimlinin övladlarının təhsili, fəaliyyəti və cəmiyyətə töhfələri barədə məlumat verməyə çalışmışıq. Məqsədimiz ictimai marağı təmin etməklə yanaşı, şəxsi məxfiliyə də hörmət çərçivəsində real və obyektiv bir mənzərə təqdim etməkdir.
Mütəllim Rəhimlinin iki oğlu var. Böyük oğlu Rəmzi 2004-cü ildə, kiçik oğlu Fəxri isə 2008-ci ildə anadan olub.
Siyasətçinin hər iki övladı hazırda tələbədir.
"Böyük oğlum Rəmzi Memarlıq və İnşaat Universitetinin marketinq ixtisası üzrə ingilis dilində təhsil alır. Kiçik oğlum Fəxri isə bu il Türkiyənin Ömer Halisdemir Universitetində menecment ixtisası üzrə təhsil almağa başlayıb. Rəmzinin II kursa yönəlməsi və ingilis dilində təhsil almasında mənim yönləndirməmin təsiri olub. O, Azərbaycan, rus və inglis dillərində təmiz danışa bilir. Fəxri isə müəyyən səviyyədə rus və ingilis dillərini bilir, lakin bu bilikləri yüksək səviyyədə deyil. Bu il yəqin ki, həmin dilləri daha da təkmilləşdirəcək", - siyasətçi deyib.
Partiya sədri övladlarının siyasətə olan marağından da danışıb:
"Tale elə gətirib ki, onlar gözlərini açandan məni siyasətin içərisində görüb, fəaliyyətimi izləyib, televiziyadakı çıxışlarımı dinləyib, mətbuatdakı yazılarımı oxuyublar. Yeri gələndə nəyi bəyənib, nəyi bəyənmədiklərini mənə deyirlər. Onlar heç vaxt mənim çıxışlarımı sosial mediada paylaşmayıblar. May ayında Ədalət Partiyasının sonuncu qurultayına gəlmişdilər, yaxşı təəssüratları oldu. İlk dəfəydi ki, belə siyasi tədbirdə iştirak edirdilər. Siyasətə meyillərinə gəldikdə, təbii ki, müəyyən müzakirələr aparır, mənim fikirlərimi soruşurlar. Sonra da öz düşüncələrini bölüşürlər ki, bu belə olsa, daha yaxşıdır. Bu da onların doğru düşünə bildikləri üçün özlərində əminlik yaratmaq istəyindən irəli gəlir. Siyasət bizim ailəinin gündəlik həyatının ayrılmaz hissəsidir.
Oğlanlarım heç bir siyasi partiyanın üzvləri deyillər. Fəxrinin hələ 18 yaşı tamam olmayıb. Rəmzi isə artıq yetkinlik yaşındadır. Onu qeyd edim ki, Fəxri siyasətə daha çox meyillidir. Hətta partiyada vəzifə tutmaq iddiasındadır. Fəal və təşəbbüskardır. Reklamı da sevən deyil. Hər şey onun özündən asılıdır. Kimisə siyasətə yönəltmək olar, amma siyasətçi etmək olmaz. Hər bir Azərbaycan vətəndaşı kimi Ədalət Partiyasının qapısı onlara da açıqdır. Mən onları heç vaxt məcburən nəyəsə yönəltməmişəm.
Məşhur şəxslərdən birinin belə bir sözü var: əgər sən siyasətlə məşğul olmasan, siyasət səninlə məşğul olacaq. Azərbaycanda müxalif siyasi partiyalar haqda çox pis imic yaradılıb. Cəmiyyətdə nüfuzsuz adamlar kimi təqdim olunublar. Bunun günahını həmişə iqtidarın üzərinə atıblar. Lakin insan dönüb özünə də baxmalıdır. Yəqin ki, birtərəfli günahlandırma düz olmazdı. Həmişə belə düşünmüşəm. İqtidar-müxalifət münasibətləri düşmənçilik səviyyəsinə gəlib çıxmışdı. 2020-ci ildən sonra iqtidarla müxalifət arasında dialoq yarandı və artıq münasibətlərdə anlaşma var. Bu baxımdan düşünürəm ki, siyasətlə məşğul olmaq qəbahət deyil. Mən övladlarıma siyasətçi olmağı tövsiyə edərdim. Əgər özlərini təsdiq etməyi düşünürlərsə və gələcəklərini bu istiqamətdə görürlərsə, əlbəttə, onlara siyasətçi olmağı tövsiyə edərdim”.
Partiya sədri övladlarından tamamilə razı olmadığını da söyləyib:
“Mən övladlarımdan tamamilə razı olsam və onlar da məni təkzib etməsələr, inkişaf etmiş olmazlar. Mənim onlardan narazı olduğum məqamlar çoxdur. Onlar da mənim bir çox hərəkətlərimi qəbul etmirlər. "İnkarı inkar qanunu" dialektikanın əsas qanunudur. İnkişaf etmək istəyiriksə, bu qanun mütləq cəmiyyətdə və hər yerdə öz əksini tapmalıdır. Onların məni təkzib etdiyi və mənim onlarda qəbul etmədiyim məqamlar çoxdur. Amma bu, barışmaz nöqtədə deyil. Təkzib haradasa, uzlaşma nöqtəsindədir. Onların bu cür olması düşünürəm ki, inkişafın dinamikasını göstərir. Onlar mənim bütün hərəkətlərimi təsdiq etsəydilər, özümə çox şübhə ilə baxardım. Və mən onlardan tamamilə narazı qalsaydım, daxilən düşünərdim ki, burada nəsə çatışmazlıq var. Mən özümdə tərbiyə etdiklərimi bütövlükdə övladlarımda görə bilmirəm. Onlar artıq müasir dövrün gəncləridir. Onlarla bizim aramızda barışmaz nöqtələr həddindən artıq çoxdur.
Çılğınlıq və tez qərar vermə bütün gənclərə xas xüsusiyyətlərdir. Hadisələrə baxışda, müasir texnologiya vasitələrinə münasibətdə belə, biz bir-birimizdən fərqlənirik. Biz daha çox yazılı mətbuata, kitaba üstünlük veririk. Onlar ya dinləməyə, ya da elektron qaydada oxumağa üstünlük verirlər. Üstəlik də düşüncə fərqliliyi var. Onların cəmiyyətə baxışları fərqlidir. Mən görürəm ki, artıq yeni nəsildə dəyərlər də dəyişib. Bizdə milli-mənəvi, əxlaqi dəyərlərə bağlılıq daha çox idi. İndiki nəsildə bu o qədər də əhəmiyyət daşımır. Çox böyük dəyişiklik var. Biz bunu qınasaq da, onlar bunu yenilik kimi qələmə verirlər”.