Səndən cismən ayrılmağımıza saatlar qalır. 5il bundan öncə saatlarla yuxusuz qalaraq səndən gələcək zəngi gözləyirdim. Analar duyar deyirlər, mən də hiss etmişdim, içimdə bir təlatüm, ürəyimdə anlamadığım bir siziltı olduğu halda, hər telefon danışığında bir-birimizə ürək-dirək verib, hər şeyin yaxşı olacağına inandırırdıq. Bəli, çox şey yaxşı oldu, amma hər şey yox. Torpağı qazandıqca, səni və digər mərd oğullarımızı itirdik. Artıq 5 ildir ki, göz yaşlarımızı içimizə axıdıb üzdə möhkəm olmağa çalışırıq, Ziyam.
Ölüm insan üçündür və insanlar öldüyü andan adları unudulur, onun nəşinə ya meyit, ya da cənazə deyilir. Siz isə Allahın 99 adından biri olan Şəhid adı ilə mükafatlandırıldınız. Bütün bunları anladığımız üçün biz Şəhid anaları məğruruq.
Sən yadıma düşəndə burnumun ucu göynəyir, qəlbim, gözüm səni axtarır, səsini duyuram, sənə toxuna bilməsəm də, ürəyimə buraxdığın istiliklə yaşayıram. Özün olmasan da, əksilməmisən, qəlbimdə çoxalırsan, xəyallarımda yenidən canlanırsan. Gəzdiyim yerlərdən keçərkən, bir musiqi səslənərkən ,sözlərin sitat kimi danışılırsa demək sən yaşayırsan. Nə qədər zaman keçirsə ,keçsin bəzi qoxularla, birlikdə bəzi duyğular da heç vaxt ölmür. Mənim üçün, bizim üçün sən hər zaman yaşayırsan, canım oğlum! Aldığım hər nəfəsdə, baxdığım hər yerdə, bir də səndən sonra dünyaya gələn qardaşının, bacının balalarının qəlbində qəhrəman əmi, igid dayı kimi var olacaqsan!
Bir gün əbədi görüşmək ümidi ilə xınalı quzum!
Ay qəlbimin eşqi, ilki
Təkcə sənsən qəlbimdəki,
Səndən sonra kim deyə ki
Çarəsi var ürəyimin.
Şəhid Ziyadxan Əliyevin anası - Müşgünaz Həzi
Arayış: Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən Ziyadxan İbrahim oğlu Əliyev 1997-ci il yanvarın 12-də anadan olub. Valideynləri 2003-2012-ci illərdə Kürdəmir rayonunun Carlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə isə Qubadlı rayonunun Fərcan kənd tam orta məktəbində təhsil alıb.
2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (ATU) “Kompüter mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb.
Ziyadxan Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı hərbi hospitalda müalicə alırdı. Həmin vaxt hərbi təcili tibbi yardım maşınında döyüş meydanından yaralı hərbçiləri daşımaq üçün əsgər lazım olub. Könüllü olaraq döyüş meydanına yollanan Ziyadxan Əliyev yaralı hərbçiləri təxliyyə edən zaman 1 oktyabrda Suqovuşan istiqamətində gedən döyüşlərdə erməni tərəfinin snayper gülləsi ilə şəhid olub. Kürdəmirin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.