Neftçala rayonunda Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə "5 oktyabr – Beynəlxalq Müəllimlər Günü"nə həsr edilmiş tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının və digər müvafiq qurumların rəhbərləri, Neftçala Rayon Təhsil sektorunun rəhbərliyi və əməkdaşları, rayonun təhsil müəssisələrinin direktorları, müəllimlər, veteran təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, abidə önünə tər gül dəstələri düzülüb və Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, ötən təhsil müddətində dünyasını dəyişmiş müəllimlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov müəllimlik peşəsinin müqəddəsliyini vurğulayaraq qeyd edib ki, hər bir müəllim gələcəyin qurucusudur. Onların əzmkarlığı və fədakarlığı sayəsində gənc nəslin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı və bilikli vətəndaşlar kimi yetişdirilməsi təmin olunur.
Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Ulu Öndər Heydər Əliyev müəllim əməyini həmişə yüksək qiymətləndirib, milli təhsil strategiyasının qurulmasında müstəsna xidmətlər göstərib. Bu gün ölkəmizin hər bir bölgəsində aparılan genişmiqyaslı yenidənqurma və quruculuq işləri Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir. Müəllimlərin sosial rifahının yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, yeni məktəb binalarının tikintisi, təhsil infrastrukturunun yenilənməsi Azərbaycanın gələcəyinə xidmət edir və müəllimlərin fəaliyyətinə daha əlverişli imkanlar yaradır. Bu prosesdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Fond tərəfindən paytaxt Bakı şəhəri ilə yanaşı, regionlarda, o cümlədən rayonumuzda da məktəblərin müasir standartlara uyğun yenilənməsi və təhsil mühitinin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bütün bu görülən məqsədyönlü tədbirlər ölkədə təhsil sisteminin daha da inkişafını, eləcə də son illərdə rayonumuzun təhsil göstəricilərinin də artmasını şərtləndirir. Şagirdlərin Respublika Fənn Olimpiadalarında, müxtəlif yarış və müsabiqələrdə, buraxılış və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etməsi sevindirici haldır.
Rayon İcra Hakimiyyətinin başçısı bütün müəllimləri təbrik edərək qeyd edib ki, müəllim peşəsi hər zaman cəmiyyətin ən hörmətli və şərəfli peşələrindən biri olaraq qalacaq. O, müəllimlərə möhkəm can sağlığı, uzun ömür və gənc nəslin sağlam və düzgün yetişdirilməsində yeni-yeni uğurlar arzulayıb.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Rəşad Musayev tədbirdə çıxış edərək, müəllimləri peşə bayramı münasibətilə təbrik edib və vurğulayıb ki, son illərdə müəllimlik peşəsinə maraq xeyli artıb, bu sahəyə gənclərin cəlb olunması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və peşəkar bacarıqlarının artırılması istiqamətində mühüm işlər görülür. O, xüsusilə Müəllimlərin İşə Qəbulu (MİQ) və sertifikasiya imtahanları kimi tədbirlərin müəllimlərin peşəkarlığının yüksəldilməsinə və təhsilin keyfiyyətinin artırılmasına böyük töhfə verdiyini diqqətə çatdırıb.
Təhsil idarəsinin müdiri eyni zamanda bildirib ki, bu addımlar müəllimlərin motivasiyasını gücləndirir, onların fəaliyyətinə daha böyük hörmət və etimad yaradaraq peşəyə marağın davamlı artmasına səbəb olur. R.Musayev rayonda təhsil göstəricilərinin artmasının dövlətin təhsilə göstərdiyi qayğının, həmçinin müəllim əməyinin mühüm amillərdən olduğunu xüsusi vurğulayıb, əldə olunan uğurlu nəticələrə görə onlara təbriklərini və təşəkkürünü çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər- YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin sədri Asudə Cəfərova, Aşağı Surra kənd tam orta məktəbinin direktoru Həbulla Rəhimov və veteran təhsil işçisi, Rayon Ağsaqqallar Şurasının üzvü Salman Abdullayev müəllimlərin cəmiyyətimizdəki vacib rolunu, müəllimlik peşəsinin həm vətən qarşısında, həm də cəmiyyətdə məsuliyyətli və şərəfli missiya olduğunu vurğulayaraq həmkarlarını peşə bayramı münasibətilə təbrik ediblər. Təhsilə göstərilən diqqətə, qayğıya və ölkə suverenliyinin bərpasına görə bütün müəllimlər adından Cənab Prezident İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
5 Oktyabr “Beynəlxalq Müəllimlər Günü” münasibətilə, təhsilin inkişafında göstərdikləri səmərəli fəaliyyətlərinə və rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup təhsil işçisinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin döş nişanları və Fəxri Fərmanları, Neftçala Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub.