Modern.az

“5-ci kolon”a Ramiz Mehdiyev rəhbərlik edirdi

“5-ci kolon”a Ramiz Mehdiyev rəhbərlik edirdi

Ölkə

15 Oktyabr 2025, 17:05

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanətdə ittiham olunması və barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ölkədə böyük səs-küy doğurub.

Mətbuatda onun Rusiya ilə əlaqələri, “5-ci kolon” yaratması barədə müzakirələr aparılır.

Deputat Azər Allahverənov Modern.az-a bildirib ki, irəli sürülən maddələrin mahiyyəti göstərir ki, istintaqın gedişində digər şəxslərlə bağlı yeni məqamlar üzə çıxa bilər:

 “İstintaq tədbirləri davam etdirilən zaman digər şəxslərlə də bağlı hansısa məqamlar üzə çıxa bilər. Təcrübə göstərir ki, bu maddələr üzrə ittihamlar varsa və məhkəmə yolu ilə təsdiqini taparsa, prosesdə adı hallanan digər şəxslərin də müəyyən olunması istiqamətində tədbirlər həyata keçiriləcək”.

Deputat, həmçinin vətəndaşlara müraciət edərək istintaqa müdaxilədən çəkinməyi və bütün səlahiyyətli məsələləri hüquq-mühafizə orqanlarına həvalə etməyi tövsiyə edib: 

“Vətəndaş olaraq hansısa məsələyə münasibət bildirərkən unutmamalıyıq ki, istintaq davam edir və bizim dediyimiz hər hansı bir söz, sərgilədiyimiz mövqe istintaqa hansısa formada təsir etmək iqtidarında ola bilər. Hadisələri qabaqlamaq yox, bütün səlahiyyəti hüquq-mühafizə orqanlarına həvalə etmək lazımdır. Əminəm ki, zaman-zaman vətəndaşlar da mütəmadi məlumatlandırılacaq”.



Arzuxan Əlizadə isə qeyd edib ki, ittihamlar və səslənən məlumatlar onun üçün təəccüblü deyil, Ramiz Mehdiyevin uzun müddət tutduğu vəzifədə müəyyən çevrələrə təsiri və idarəçilik metodları barədə danışıldığını vurğulayıb: 

"Uzun müddətdir ki, Ramiz Mehdiyevin xüsusilə Rusiya kolonuna – “5-ci kolon”a rəhbərlik etməsi ilə bağlı məlumatlar deyilməkdə idi. Ramiz Mehdiyev uzun müddət ciddi postda təmsil olunub və orada olduğu müddət hansı özünəməxsus idarəçilik metodlarından istifadə edib bunlar da məlumdur. Ona münasibət də birmənalı deyildi. Özünün formalaşdırdığ istər müxalif düşərgədə, istərsə də hakimiyyət daxilində özünün formalaşdırdığı camiə var idi. Görünən odur ki, onun fəaliyyəti olduqca ciddi forma alıb ki, dövlətə çevrilişə cəhddə ittiham olunur. Həmçinin külli miqdarda vəsaitin mənimsənilməsi və digər maddələrdə təqsirləndirilirsə həbs dalğasının davam edəcəyi istisna etmir. Ramiz Mehdiyev bir komanda halında bütün prosesləri həyata keçirib. İstintaq orqanlarının əlində kifayyət qədər ciddi məlumatlar var ki, bu cür ciddi addım atılıb. Bu da təqdir ediləndir. Azərbaycan dövlətçiliyi qorunmalıdır. Biz xüsusi xidmət orqanlarımızın peşəkarlığına tam olaraq güvənirik.  Dövlətçilik əleyhinə atılan – keçmişdə, kim tərəfində edilməsindən aslı olmayaraq sərt şəkildə cəzalandırılmalıdır. Eyni zamanda istər müxalif, istərsə də hakimiyyət camiəsində ətrafında kim olubsa onlar da sona qədər müəyyənləşməli, kökü qazıb çıxarılmalıdır ki, bir də Azərbaycan dövlətinə qarşı xəyanət etməyə qalxa bilməsin".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı