Son günlər ictimai rəyə ciddi təsir göstərən, cəmiyyətin diqqətini çəkən, böyük səs-küy yaradan hadisələr baş verir. Dövlət çevrilişinə cəhd, Konstitusiya quruluşuna təhdid, ölkənin təhlükəsizliyinə qarşı sui-qəsd ittihamları artıq açıq şəkildə səsləndirilir. Adı bu iddialarla hallanan şəxslərin başında isə Prezident Administrasiyasının sabiq rəhbəri, uzun illər hakimiyyətin əsas dayaqlarından biri olmuş akademik Ramiz Mehdiyevin adı çəkilir.
Bəs bu qədər böyük səs-küyə, cəmiyyəti silkələyən hadisənin üzə çıxmasına baxmayaraq, uzun müddət iqtidarda təmsil olunmuş bir sıra keçmiş və hazırkı məmurlar, deputatlar, hakimiyyətyönlü siyasətçilər niyə susub danışmırlar? Danışanların da bir çoxu ümumi, “statusa uyğun” fikirlərlə kifayətlənirlər. Çoxları konkret mövqe ortaya qoymur. Sanki gözləmə mövqeyindədirlər. Amma nəyi gözləyirlər?
“Mövqeni bildir!” - Bu çağırışın müəllifi müasir Azərbaycanın siyasi yaddaşında böyük iz buraxmış mərhum Ümimmilli lider Heydər Əliyevdir.
1993-cü ildə - ölkənin taleyüklü dönəmində səsləndirilmiş bu çağırış təkcə konkret situasiyaya deyil, bütövlükdə siyasi-ictimai məsuliyyətə ünvanlanmışdı. Bütün məqamlarda aydın və konkret mövqe nümayiş etdirmək tələbi görkəmli siyasi xadim Heydər Əliyevin dövlət idarəçiliyi məktəbinin açıq dərsi idi. Amma görəsən o çağırışın səsi bu gün eşidilirmi?
“Ramiz Mehdiyev olayı”na görə susmaq təksə şəxsi qorxu ilə izah oluna bilməz. Burada dərinləşmiş bir siyasi mədəniyyət problemi var – məsuliyyətsiz loyalizm. Bu, nəinki fərdi cəsarətin yoxluğunu göstərir, həm də cəmiyyətlə əlaqənin kəsildiyini sübut edir. İnsanlar görür, eşidir, sual verir. Lakin onların seçdiyi, güvəndiyi adamlar sükut divarının arxasına çəkiliblər, susurlar.
Sükut isə bəzən mövqedir. Amma indiki halda, bu, qorxaq mövqedir.
Sual olunur: uzun illər boyu dövlətin ən strateji strukturuna rəhbərlik etmiş bir şəxsin adı belə ciddi ittihamlarla hallanırsa, parlamentin üzvləri, hakim partiyanın nümayəndələri, sabiq dövlət adamları niyə mövqe bildirmirlər?
Unutmaq olmaz ki, mövqe bildirmək sadəcə keçmiş bir məmurun tənqidi deyil – bu, dövlətin keçmişinə, bu gününə və gələcəyinə münasibətdir. Əgər bir sistemin içində olmuş şəxslər indiki həssas məqamda da mövqesiz qalırsa… Axı cəmiyyət onlardan mövqe gözləyir.
Sosial şəbəkələrdə, ictimai debatlarda bu məsələ artıq geniş şəkildə müzakirə olunur. Vətəndaşlar sual verir, amma bu suallara cavab verməli olan şəxslər - deputatlar, keçmiş məmurlar, hakimiyyətyönlü siyasilər susurlar.
Heydər Əliyev deyirdi: “Dövlət adamı çətin anlarda susmaz – danışar, mövqe göstərər”. Bu gün məhz o çətin anlardan biridir. Məsuliyyətlə danışmaq, aydın və dürüst mövqe göstərmək zamanıdır.
"Mövqeyini bildir!” ifadəsi artıq Azərbaycanın siyasi və mənəvi mühitində ibrətamiz sözə çevrilib.
Mövqe bildirin, cənablar!
A.Qorxmaz