Modern.az

Azərbaycanda nə baş verir?

Ölkə

27 Oktyabr 2025, 09:39

Bu sualın cavabı indi hər kəsi rahatsız edir. 
Kimi susur, kimi danışır, kimi də “məni maraqlandırmır” deyib keçməyə çalışır.
Amma elə hadisələr baş verir ki, ona susub keçmək də olmur.
Bu ölkədə baş verən hər şey hamıya aiddir.

Müəllimə də, həkimə də, məmura da, nazirlə çay içənə də, sıravi vətəndaşa da.
Hamı dərs götürməlidir.
“Mənlik deyil” dövrü bitib.

İlk başdan görünən odur ki, sui-istifadə dövrü də bitir. 
“Tanışım var, düzəldərik” dövrü də bitir.
İndi dürüstlüyün, şəffaflığın, gerçəkliyin dövrüdür.
Bu dövrü Qələbə dövrü də adlandırmaq olar.
Çünki 44 günlük Zəfərdən sonra bu xalq, bu dövlət artıq başqa mərtəbəyə qalxıb.


Qayıdaq son baş verənlərə, aysberqin görünən tərəfi odur ki, hər şey Adnan Əhmədzadənin həbsi ilə başladı.
Sonra Ramiz Mehdiyevə 4 aylıq ev dustaqlığı həbs qərarı verildi.
Əslində isə hər şey beş il əvvəl Zəfər Savaşı ilə başlamışdı.
Son baş verənlərə cəmiyyət əvvəlcə “yenə kiminsə iç savaşıdır” kimi baxdı,
bəzi dairələr çalışdı ki, məsələni adi bir xəbər kimi təqdim etsin.
Amma alınmadı.

Çünki bu, iki nəfərin xəyanəti yox, bir sistemin silkələnməsidir. 
Bu, “heç kim toxunulmaz deyil” mesajıdır.
Ölkənin özünü təmizləmək prosesinin davamıdır. 

İndi baxırsan, görürsən ki, hər yerdə nəsə dəyişir.
Siyasətdə də, təhsildə də, mediada da, səhiyyədə də.
Sanki görünməz bir əl cəmiyyəti ələyir, 
Kim dürüstdür, kim maskalıdır, ortaya çıxır. 

İndi vitrinə çıxanlar, ifşa olunanlar, hamısı köhnə dünyanın qalıqları, 
“bizim dünya” dediyimiz dövrdən qalanlardır.
Sadəcə, indi pərdələr yırtılıb, maskalar düşür.
Hər kəsin iç üzü görünür.

Sular durulur.
Cəmiyyət özünü təmizləyir.
Bu mərhələdə vecsizlərə, maskalılara, abır-həyası olmayanlara, utanmaq hissini itirənlərə yer olmayacaq.
Daha oğru doğruluqdan, mənəviyyatsız mənəviyyatdan, yaltaq kişilikdən danışa bilməyəcək. İstəsə belə, cəmiyyət ona imkan verməyəcək.
Unutmamalıyıq ki, bu dövlət Xankəndini, Şuşanı, Kəlbəcəri, Laçını azad edib. 
Vaxtilə “bu, mümkün deyil” deyənlər indi susurlar.
Yadımızdadır, Prezident İlham Əliyev iştirak etdiyi bütün icaslarda deyirdi ki, Qarabağ azad olunacaq!
Və oldu.
Bu qədər sadə və bu qədər möhtəşəm.


Belə bir qüdrətli dövlət Qarabağı işğalçılardan necə təmizlədisə, cəmiyyəti də mənəviyyat terrorçularından elə qurtaracaq. 
Odur ki, baş verənləri eyni zamanda bir savaş kimi dəyərləndirmək olar. 
Bu savaş milli kimliyin və  mənəviyyatın qorunması, cəmiyyətimizin pis ünsürlərdən təmizlənməsinin savaşıdır.
Dövlətin pulu ilə biznes qurmaq, siyasətçi olmaq, partiya saxlamaq, media idarə etmək kimi “nüfuz zənciri” dövrü bitdi. Dövlətin kölgəsində özünü qəhrəman kimi sırımaq zamanı geridə qaldı. 

Baş verənlərə təsadüfi hadisə kimi baxmayın. 
Bu, həm hüquqi, həm də mənəvi xəbərdarlıq, bir növ “son çağırış”dır.
Sözdə yox, əməldə “Dürüst ol, Vətənə xidmət et” deməkdir. 
Bu, yeni Azərbaycanın formalaşma mərhələsidir.
Hər şey aydınlaşır.
Ya dürüst olacaqsan, ya da tarix səni siləcək.
Bundan sonra hər kəs öz adı ilə çağrılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı