Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə (AQTA) dabaq xəstəliyinə qarşı iri, eləcə də xırdabuynuzlu heyvanların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib.
DİN-dən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı qeyd edilən qanunsuz əməllərə yol verən 26 yaşlı Zərbi Zamanov və qohumu 28 yaşlı Rəvan Zamanov saxlanılıblar.
Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər tərəfindən inşaatda istifadə edilən rəngli boyalar dərman görüntüsü yaratmaq üçün texniki spirtlə qarışdırılaraq qablaşdırılıb. Daha sonra hazırlanan məhlul dabaq əleyhinə dərman vasitəsi kimi satışa çıxarılıb. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən onlara məxsus sexə baxış zamanı kustar üsulla hazırlanan saxta dərman preparatları və digər sübutlar polis tərəfindən aşkarlanıb. Saxlanılan şəxslərdən götürülən maddi sübutların ekspertizası zamanı onların dabaq xəstəliyinin müalicəsində effektsiz olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
“Sonda fermerlərə onlara məxsus heyvanların müalicəsi və tibbi profilaktikası zamanı yalnız rəsmi sertifikatı olan dərman vasitələrindən istifadə etməyi tövsiyə edirik”, - deyə məlumatda vurğulanıb.