Modern.az

Zəfər paradına kimlər QATILACAQ...

Zəfər paradına kimlər QATILACAQ...

Ölkə

30 Oktyabr 2025, 11:58

Noyabrın 8-də Bakıdakı Azadlıq meydanında Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. Parada hazırlıq işləri davam etməkdədir.

Azadlıq meydanında sonuncu parad 2020-ci il dekabrın 10-da Vətən müharibəsindəki zəfərin şərəfinə keçirilib.

2023-cü il noyabrın 8-də isə Zəfər paradı Xankəndi şəhərində təşkil olunub.

Noyabrın 8-də Bakıda keçirləcək paradda Pakistan Baş naziri Şahbaz Şərifin də iştirak edəcəyi təsdiqlənib.

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın keçirdiyi Zəfər paradlarına ona dost, qardaş olan ölkələrin liderləri qatılırlar:

“Azərbaycanda Zəfər Günü ilə bağlı keçirilən parad təkcə xalqımızın tarixi zəfərinin qeyd olunması deyil, həm də ədalətin təntənəsinin simvoludur, beynəlxalq hüququn və sülhün əldə edilməsinin rəmzidir. Ona görə də, tarixi parad bütün əzilən, haqları pozulan, ədalətsizliyə məruz qalan xalqlar üçün gücün yaratdığı ədalətin nümayiş etdirilməsi hadisəsidir. Məhz buna görə də, Azərbaycanın müttəfiq, dost və qardaş ölkələri Zəfər paradlarında iştirak edirlər. Biz qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın paradda iştirakına şahidlik etmişik. Artıq təsdiq olunmuş məlumatlara görə, qardaş Pakistanın Baş naziri cənab Şahbaz Şərif hərbi paradda iştirak edəcək. Bu paradda qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edə bilər. Nəticə etibarilə, beynəlxalq münasibətlər sistemində, hərbi-siyasi güc faktoru kimi Türkiyə-Azərbaycan-Pakistan üçbucağı mövcuddur. Bu həm siyasi-diplomatik müstəvidə mövcud olan üçbucaqdır, həm də hərbi-siyasi müstəvidə mövcud olan gücdür. Tarixi Zəfərin əldə edilməsində bu birliyin, müttəfiqliyində özünəməxsus rolu var. Ona görə də parad möhtəşəm şəkildə baş tutacaq".

Deputat vurğulayıb ki, ölkədə akkreditasiyadan keçmiş hərbi attaşelər də parada qatıla bilər:

"Adətən belə tədbirlərdə protokol qaydaları əvvəllcədən müəyyənləşdirilir. Mənə elə gəlir ki, Azərbaycanda akkreditasiya olunmuş ölkələrin səfirlərinin və hərbi attaşelərinin də bu paradda iştirakı mümkündür. Azərbaycanda diplomaik nümayəndəliyi olan ya səfirlik, ya da konsulluq səviyyəsində bütün ölkələrlə yaxşı münasibəltərimiz var. Düşünürəm ki, hərbi attaşelər Zəfər paradında iştirak edə bilərlər".

Sizə yeni x var
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq