Modern.az

"Ömrün ustadları": Oğuzun ən yaşlı sakini - HÜSEYN BABA 

"Ömrün ustadları": Oğuzun ən yaşlı sakini - HÜSEYN BABA 

Ölkə

1 Noyabr 2025, 08:40

Modern.az saytının “Ömrün ustadları” rubrikasının budəfəki təqdimatında Azərbaycanın səfalı guşələrindən biri olan Oğuz rayonunun ən yaşlı sakinindən bəhs edirik.

Oğuz rayonu ölkəmizin ən füsunkar, yaşıllıqlar içində bəzənmiş bölgələrindən biridir. Ərazisi 1077 kvadrat kilometr, əhalisi isə 40 mindən artıqdır. 1930-cu il avqustun 8-də əsası qoyulan bu qədim diyar əvvəllər Vartaşen adlanırdı, 1991-ci ildən etibarən isə Oğuz adını daşıyır. Oğuz rayonunun 33 kəndi var. Rayon şimaldan Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası ilə, şərqdən Qəbələ, qərbdən Şəki, cənubdan isə Ağdaş ilə həmsərhəddir.

Oğuzun 40 faizdən çoxunu əhatə edən zümrüd meşələr, buz kimi bulaqlar, gur şəlalələr və dərman bitkiləri ilə zəngin təbiəti də seçilir. Elə bu gözəllik və təbiətin saflığı da bölgənin uzunömürlü sakinlərinin sirlərindən biridir.

Bu cənnətməkan diyarın ən uzunömürlü sakini 88 yaşlı Hüseyn Kərəm oğlu Məmmədovdur.

O, 1937-ci il fevralın 15-də rayonun Xaçmaz kəndində dünyaya göz açıb. Hazırda da doğulub boya-başa çatdığı həmin kənddə yaşayır.

Doğmalarının Modern.az-a verdiyi məlumata görə, Hüseyn kişi ömrü boyu təhsilə və zəhmətə bağlı bir insan olub. Uzun illər məktəbdə ibtidai sinif müəllimi kimi çalışıb, neçə-neçə şagirdin təməl biliyinin formalaşmasında özünəməxsus payı olub.

Hüseyn Məmmədovun 7 övladı - 3 qızı, 4 oğlu var. Eyni zamanda 15 nəvə, 25 nəticə babasıdır. Təəssüflər olsun ki, babanın həyat yoldaşı Kamilə Hidayət qızı Məmmədova dünyasını dəyişib.

Ömrünün böyük hissəsini zəhmətlə, halal əməklə keçirən Hüseyn kişi kənd təsərrüfatı işlərindən də uzaq olmayıb. Oğlunun sözlərinə görə, onun uzunömürlülüyünün sirri elə məhz həm doğma Oğuzun təmiz havasında, həm də sağlam, təbii qidalanmadadır.

Bu gün Hüseyn Məmmədov nəvələri və nəticələrinin əhatəsində, ailəsinin hörmət və sevgisi içində ömrünün müdriklik çağını yaşayır. Oğuzun ən yaşlı sakini həm sadə bir müəllim, həm də zəhmətin və təvazökarlığın simvolu kimi həmkəndlilərinin yaddaşında iz buraxıb.

Ona uzun ömür və can sağlığı arzu edirik!

Qeyd edək ki, hazırda Oğuz rayonunda yaşı 80-dən yuxarı 425 nəfər yaşayır. Onlardan 245-i qadın, 180-i isə kişidir.

Whatsapp
Bizə yazın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?