Modern.az

Ermənistanla sərhədlər açılır? - Nazirdən özəl açıqlama

Ermənistanla sərhədlər açılır? - Nazirdən özəl açıqlama

Ölkə

8 Noyabr 2025, 16:53

Cənubi Qafqazda sülh gündəminin yenidən fəallaşdığı bir vaxtda, Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi və regiondakı yeni nəqliyyat marşrutlarının perspektivləri beynəlxalq və yerli siyasi müzakirələrin mərkəzinə çevrilib. Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra bölgədə formalaşan yeni geosiyasi reallıqlar, xüsusən Zəngəzur dəhlizi məsələsi region ölkələrlə yanaşı, həm də geniş mənada Avrasiya məkanının strateji maraqlarına toxunur.

Bu kontekstdə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və kommunikasiya xətlərinin bərpası məsələsi diqqət mərkəzində qalmaqda davam edir. Hər iki prosesin uğuru isə ikitərəfli danışıqların və Azərbaycanın mövqeyindən birbaşa asılıdır. Ankara isə bu məsələdə hər zaman Bakının maraqlarını prioritet saydığını bəyan edib.

Məhz bu mövzuya toxunan Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Modern.az-a açıqlamasında bildirib ki, sərhədlərin açılması, eləcə də Zəngəzur dəhlizi istiqamətində atılacaq addımlar yalnız Azərbaycanın razılığı və mövqeyi ilə müəyyən olunacaq.

“Hər addımı Azərbaycanla birlikdə atırıq. Azərbaycan nə vaxt razılıq versə, o zaman da Türkiyə və Ermənistan sərhədləri açılacaq”, – deyə nazir vurğulayıb.

Zəngəzur dəhlizi ilə bağlı sualımızı da cavablandıran Abdulkadir Uraloğlu qeyd edib ki, artıq bütün istiqamətlərdə işlər davam edir:

“Ermənistan tərəfi üçün Zəngəzurda görülən işlər heç bir problem yaratmır. Hər şey Azərbaycandan asılıdır. Azərbaycan nə qərar verirsə, biz onun yanındayıq və həmin qərara uyğun addımlar atırıq”.

Nazir əlavə edib ki, bu məsələlər davamlı şəkildə müzakirə olunur.
 

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var