Prezident İlham Əliyevin Sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Digər sərəncamla bu vəzifəyə Ceyhun Cəlilov təyin edilib.
Modern.az Naxçıvan Televiziyasının (NTV) sabiq sədri Sahil Tahirlidən Prezidentin Muxtar Respublikadakı xüsusi nümayəndəsi Fuad Nəcəflinin işdən çıxarılmasına münasibətini öyrənib.
NTV-nin sabiq sədri Fuad Nəcəflinin işdən çıxarılmasının 10 səbəbini açıqlayıb.
O bildirib ki, Fuad Nəcəfli iş görmək əvəzinə şəkil çəkdirir, daim özünüreklamla məşğul olurdu.
“Nəcəflinin 3 illik fəaliyyəti və ya, fəaliyyətsizliyi ilə bağlı hadisələrin içində olan biri kimi dəqiq deyə bilərəm:
1. İş görmək əvəzinə şəkil çəkdirdi, daim özünüreklamla məşğul oldu;
2. Sosial-iqtisadi nəticəyə gedə bilmədi, şişirdilmiş statistik rəqəmlərlə oynadı;
3. Üst orqan və rəhbərliyi yalan məruzə və məlumatlarla aldatmağa çalışdı (buna nail ola bilmədi);
4. Öz məsuliyyətini, işlərin zəif gedişini nazir və komitə sədrlərinin adına yazıb onları gözdən salaraq özü həmişə məsuliyyətdən yayındı;
5. İllərdir Naxçıvanda dövlətin yetişdirdiyi peşəkar yerli kadrlar öncə vəzifədən, sonra Naxçıvandan uzaqlaşdırdı, beləcə, Gənclər-idman, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal inkişaf və nəqliyyat nazirlikləri, Culfa icra hakimiyyəti, Naxçıvan dövlət televiziyası və digər mühüm qurumlar başsız buraxıldı. Bakıdan dəvət edilən bir çox qurum rəhbəri də eyni aqibəti yaşadı, bir il tamam olmamış şərlənib və ya təhqirlərə dözməyib vəzifələrindən uzaqlaşdırıldılar (bərbad kadr islahatları);
6. Kiçik və orta sahibkarlığın qarşısını öz maddi maraqları naminə aldı;
7. İdarəetmədə xaotik mühit yaradaraq dövləti insanların gözündən saldı;
8. Təmsil etdiyi orqanın güclənməsi və nüfuzunun artmasına çalışmadı;
9. Xüsusən, ən mühüm strateji sahələrin inkişafını blokladı;
10. Şəxsi nümunə göstərə bilmədi, əyyaşlıqdan, boş və mənasız iclaslar keçirməkdən başı ayırd olmadı".