Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi uzunmüddətli inkişaf strategiyası ölkəmizin bütün sahələrdə davamlı və dinamik tərəqqisini, regionların sosial-iqtisadi inkişafını təmin edir. Bu xüsusda, qəbul olunmuş Dövlət proqramları, sosial infrastruktur layihələri bölgələrimizdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasında mühüm rol oynayır.
Ötən illər ərzində Azərbaycanın bütün regionlarında şəhər, qəsəbə və kəndlərin siması əsaslı şəkildə dəyişib, əhalinin müasir infrastruktura, kommunal xidmətlərə əlçatanlığı təmin edilib. Eyni zamanda, həyata keçirilən əsaslı islahatlar, yüksəkixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar, sosial-iqtisadi dövlət proqramlarının, humanitar layihələrin ardıcıl icrası Azərbaycanın dayanıqlı və inklüziv inkişafını uğurla təmin edib.
Möhtərəm Prezidentimiz tərəfindən mərkəzi və yerli icra orqanlarında aparılan dəyişikliklər idarəetmədə çevikliyi, hesabatlılığı və vətəndaş məmnunluğunu təmin edir. Bu islahatlar dövlətin institusional gücünü artırmaqla yanaşı, cəmiyyətin dövlətə inamını daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən vurğuladığı kimi, bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti və dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib.
Bu xüsusda, qeyd etmək lazımdır ki, ölkəmizin hər bölgəsində elektrik enerjisi təminatı üçün infrastrukturun yenilənməsi həyata keçirilib. Avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində işlər uğurla reallaşdırılır. Şəhər və rayonlarda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, yeni nəqliyyat qovşaqlarının, yolların, körpülərin modernləşdirilməsi və tikintisi sahələrində əsaslı işlər görülür. Həmçinin məktəb, xəstəxana və sosial obyektlərin inşası uğurla davam etdirilir.
Dövlətimizin başçısı bölgələrdə iş yerlərinin yaradılmasını daim xüsusi diqqət mərkəzində saxlayır. Xüsusən özəl sektor tərəfində bölgələrdə yeni müəssisələrin yaradılması mühüm önəm kəsb edir. Bu baxımdan dövlətimiz sahibkarlığa dəstək və özünüməşğulluq proqramlarının genişləndirilməsi üzrə davamlı işlər həyata keçirir.
Təbii ki, bölgələrimizin inkişafında kənd təsərrüfatı sektoru önəmli rola malikdir. Bu sahənin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi, infrastrukturun genişləndirilməsi, meliorasiya-irriqasiya sisteminin yenidən qurulması, innovativ və qabaqcıl texnologiyaların tətbiqi üzrə önəmli addımlar atılır.
Bölgələrimizdə müasir turizm infrastrukturunun yaradılması, xidmət sahələrinin təkmilləşdirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması istiqamətlərində görülən işlər bu sahəyə göstərilən diqqətin bariz təzahürüdür. Ümumilikdə, sistemli şəkildə reallaşdırılan layihələr bölgələrin canlanmasını, dayanıqlı inkişafını təmin edir səbəb olub.
Şahin İsmayılov
Milli Məclisin deputatı