Modern.az

Yerli dərman istehsalı qiymət artımının qarşısını alacaq – DEPUTAT

Yerli dərman istehsalı qiymət artımının qarşısını alacaq – DEPUTAT

Ölkə

25 Noyabr 2025, 08:19

Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsi yerli əczaçılığın inkişafına təkan kimi qiymətləndirilib.

Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi müəssisədə il ərzində 800 milyona yaxın tablet və kapsul dərman preparatının istehsalı planlaşdırılır. Məhsullar həm daxili bazara çıxarılacaq, həm də ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Modern.az-a yerli dərman istehsalı ilə bağlı danışıb.

O qeyd edib ki, yeni dərman istehsalı müəssisəsinin fəaliyyətə başlaması ölkəmizdə dərman təminatında xarici asılılığın azaldılması və bazarın daha sabit şəkildə formalaşması baxımından mühüm strateji addımdır:

“Yerli istehsal dərhal kəskin qiymət dəyişiklikləri yaratmasa da, orta və uzunmüddətli dövrdə qiymət artımlarının qarşısını almağa, bazarda rəqabəti gücləndirməyə və sabitlik yaratmağa ciddi təsir göstərəcək. Azərbaycanda dərmanların qiymətqoyma mexanizmi qanunla tənzimləndiyi üçün yeni istehsal müəssisəsi də digər şirkətlərlə eyni şəkildə dövlət nəzarəti altında fəaliyyət göstərəcək”.

MM üzvü deyib ki, dərman sənayesində istifadə olunan xammalın böyük hissəsi dünyada olduğu kimi, bizdə də xarici bazarlardan alınır. Əsas məqsəd xammalın mənşəyindən daha çox, son məhsulun keyfiyyətinə tam nəzarətin təmin edilməsidir. Bununla belə, uzunmüddətli perspektivdə ölkəmizdə bəzi fitoterapiya və biotexnoloji xammal növlərinin istehsalı üçün potensial mövcuddur və bu istiqamətdə araşdırmalar davam edir:

“Yeni müəssisənin beynəlxalq standartlarla qurulması onun məhsullarını təkcə daxili bazar üçün deyil, həm də ixrac üçün əlverişli edir. Gələcəkdə region ölkələri, Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Avropa bazarlarına çıxış nəzərdə tutulur ki, bu da ölkəmizin qeyri-neft ixracını artırmaqla yanaşı, Azərbaycan brendinin farmaseptika sahəsində güclənməsinə xidmət edəcək”.

R.Mahmudov vurğulayıb ki, müəssisədə günəş panellərinin quraşdırılması isə təsadüfi seçim deyil. Əczaçılıq kimi enerji sərfiyyatı yüksək olan sənaye sahələrində alternativ enerji mənbələrindən istifadə həm dünya standartlarına, həm də ölkəmizin “yaşıl enerji” siyasətinə tam uyğundur. Bu addım istehsal xərclərinin optimallaşmasına, enerji yükünün azalmasına, proseslərin daha davamlı və ekoloji təmiz şəkildə həyata keçirilməsinə imkan verir və gələcəkdə məhsulların maya dəyərinə də müsbət təsir göstərəcək. Bu baxımdan, layihə həm iqtisadi, həm sənaye, həm də ekoloji cəhətdən məqsədəuyğun və müasir yanaşmanın nümunəsidir.

Cavid Zahidoğlu

Sizə yeni x var
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!