“Bakı Metropoliteni” QSC Bənövşəyi xətdə qatarların hərəkət intervalını ilk dəfə 5 dəqiqəyədək azaldıb.
Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"Rəqəmsal həllərin tətbiqi, texniki tənzimləmə və optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb. Nəticədə “Avtovağzal–Xocəsən” sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.
Bu addım sərnişin axınının daha çevik idarə olunmasına, eyni zamanda ümumi xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.
Bakı metropolitenində sərnişin rahatlığının təmin olunması istiqamətində texniki və təşkilati tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək",-məlumatda deyilir.