Modern.az

Əli Kərimli onlardan necə “güclü” oldu?

Əli Kərimli onlardan necə “güclü” oldu?

Ölkə

2 Dekabr 2025, 09:41

Azərbaycanda baş verən siyasi proseslər fonunda cəmiyyətin ən çox səsləndirdiyi suallardan biri budur. Cinayət törədən şəxs saxlanılmalı deyilmi? Hüquq mütəxəssisləri bildirir ki, istənilən dövrdə qanunun aliliyi əsas prinsipdir.

Qanunu pozan istənilən şəxs, statusundan və ya keçmişindən asılı olmayaraq, məsuliyyətə cəlb edilməlidir. Bu baxımdan kimsə toxunulmaz deyil. Dövlətin legitimliyi yalnız hüquqi qətiyyətlə qorunur. Siyasi manipulyasiya və şəxsi toxunulmazlıq mifi isə artıq işləmir.

Xarici güclərin poliqonu deyilik

Analitiklər vurğulayır ki, regionda geosiyasi qarşıdurmaların artdığı bir dövrdə Azərbaycanın daxili sabitliyi strateji əhəmiyyət daşıyır. Ölkənin daxilində kənar güclərin maraqlarına xidmət edən strukturların olması çoxdan bilinir. Lakin bu cür fəaliyyətlərə qarşı dövlət və ictimai rəydə sərt mövqe formalaşıb.

Çünki Azərbaycan nə keçmişin, nə də kənar dairələrin poliqonudur. Xalqın, dövlətin marağı hər şeydən üstündür. Cəmiyyətin artan şüuru bu gün siyasi manipulyasiyalara yer qoymur. Təhlillər göstərir ki, artıq siyasi proseslərdə xarici dairələrə işləyənlərlə milli maraqlara xidmət edənlər bir yerdə deyil.

Siyasi fiqurların ölkədən gedişləri təsadüfdürmü?

Son günlərdə bir sıra şəxslərin ölkəni tərk etmək istəyi ictimai müzakirələrin mərkəzinə çevrilib.

Gültəkin Hacıbəylinin Türkiyəyə gedişi Ramiz Mehdiyevin həbsi dövrünə düşür. Cəmil Həsənlinin xaricə yollanması Əli Kərimlinin saxlanılması ilə eyni tarixlərə təsadüf edir. Bu paralellər cəmiyyətin şübhələrini artırır. Siyasi ekspertlər bildirir ki, bu cür təsadüflər adətən təsadüf olmur.

Çünki siyasi mühitdə hər addımın zamanlaması önəmlidir. Ona görə də bu paralellər diqqətlə təhlil edilməlidir. Çünki siyasi hadisələr heç vaxt təsadüfi olmur.

Əli Kərimli haqqında yaradılan miflər

Son 20 ildə sosial şəbəkələrdə xüsusi qruplar Əli Kərimlini “güclü siyasi alternativ” kimi təqdim etməyə çalışıb. Guya o, o qədər güclüdür ki, “sifarişlə” həbs olunur. Guya azad qalsa, “dünyanı dəyişəcək” potensiala malikdir. Amma analitik faktlar bu iddiaları təkzib edir. Siyasi reallıq tamam fərqlidir.

Birincisi, bu gün dünyada siyasi partiyalar artıq əvvəlki kimi güc mərkəzi deyil. Azərbaycanda da bu tendensiya müşahidə olunur.

İkincisi, Əli Kərimli müxalifət daxilində parçalanmanın əsas fiqurlarından biri kimi tanınır. O, illərdir müxalif düşərgədə güclü olanlara qarşı “udma siyasəti” aparıb. Bu siyasət həm strukturlaşdırılmış, həm məqsədli olub. Müsavat Partiyası ilə davamlı qarşıdurmalar da bunun sübutudur.

Əslində səbəb sadədir, Müsavatın gücünü qəbul edə bilmirdi. Müxalifət olmaq istəyən hər kəsin öz yanında yer almalı olduğunu düşünürdü. Kim bu çərçivədən çıxırdısa, linç edilir, diskreditasiyaya məruz qalırdı. Bu yanaşma illərdir dəyişməyib. Neçə-neçə istedadlı gənc onun siyasi oyunlarının qurbanına çevrilib. Onların üzərindən özünə lider imici formalaşdırıb. Bu imicin üzərində illüziya yaradılıb. Guya İlham Əliyevin alternativi odur.

Lakin analitik faktlar göstərir ki, o, heç vaxt nə Əli Məsimli, nə Fazil Mustafa, nə də Mirmahmud Fəttayevdən güclü olub. Bu məqam ciddi sual doğurur, bəs, onu hansı əl irəli çəkirdi?

Analitiklər qeyd edir ki, postsovet məkanında uzun illər “rus əli” müxtəlif siyasi oyunlarda iştirak edib. Bu təsirin müəyyən siyasi fiqurlar üzərində olması tarixi faktdır. Əli Kərimlinin də addımlarının həmin xəttə uyğunluğu illərlə müşahidə olunub. Sosial mediada xaos yaratmaq, manipulyativ məlumatlar yaymaq bu planın bir hissəsi sayıla bilər.

Cəmiyyət illərdir yanlış bir müqayisə ilə aldadılıb. Guya Əli Kərimli İlham Əliyevə alternativ gücdür. Ancaq bunun mümkün ola biləcəyi iddiası analitik baxışdan tam məhrumdur.

İlham Əliyev bu gün dünya liderləri ilə bərabər səviyyədə tərəfdaşlıq qurur. Onun siyasi çəkisi beynəlxalq müstəvidə sənədlərlə, faklarla təsdiqlənir. Azad Qarabağ, Azərbaycanın regiondakı gücü məhz bu siyasətin nəticəsidir. Əli Kərimli isə illərlə yalnız sosial şəbəkə ritorikası ilə gündəmdə qalmağa çalışıb. Onun hər zaman seçkilərdə boykot qərarlarının arxasında real güc yox, imic saxlamaq cəhdi dayanırdı. Buna görə də “alternativ lider” iddiası öz-özlüyündə mifdir. İctimai rəy artıq bunu dərk edir.

Ramiz Mehdiyev oyunları ifşa olur

Analitiklər bildirir ki, Əli Kərimlinin siyasi davranışları Ramiz Mehdiyevin kurasiya etdiyi dövrlə üst-üstə düşür. Onların cəmiyyətdə illərlə “gizlənpaç siyasəti” yaratması da bu sistemin tərkib hissəsi idi.

Hətta zamanında Hafiz Hacıyev kimilərin Kərimlini “kəskin tənqiqləri” belə bu oyunların bir parçası sayılırdı. Hər şey piar və manipulyasiyanın üzərində qurulmuşdu. Bu gün həmin sistem çöküb. Ramiz Mehdiyevin təsir dairəsi siyasi məkanın xaricinə çıxarılıb. Bu sistemin yetişdirdiyi fiqurlar da dayaq nöqtəsini itirib.

Cəmiyyət onları əvvəlki kimi qəbul etmir. Çünki artıq işıqlar yandırılıb. Xalq həqiqəti görür. İnsanlar kimin nəyi niyə etdiyini daha tez anlayır.

Siyasi manipulyasiyalara yer yoxdur

Bugünkü Azərbaycan cəmiyyəti əvvəlkindən daha ayıqdır. İnformasiya kanallarının genişlənməsi manipulyativ ritorikanı zəiflədir. Sosial şüur güclənib, analiz qabiliyyəti artıb. Xalq siyasi fiqurların niyyətini daha aydın görür. Xarici maraqlara xidmət edənlər artıq maskasız qalıb. Özünü “xilaskar” kimi təqdim edənlərə inam yoxdur. Xalqın seçimi vahiddir, dövlətçilik...

Azərbaycan xalqı manipulyasiya edənlərdən uzaqdadı, dövlətinin yanındadır. Ona görə də Ramiz Mehdiyev sisteminin qalıqlarına yer yoxdur. Bu sistemin Azərbaycan xalqına nə qədər ziyan vurduğu artıq hər kəsə məlumdur. Cəmiyyət bu ziyanı unutmaq istəmir. Xalqın güvəndiyi yol milli maraqlar yoludur. Dövlətin güclü olması bu yolun əsas prinsipidir. Ona görə də siyasi xaos yaratmaq istəyənlər cəmiyyətdə dəstək tapa bilmir.

Azərbaycan bu gün regionda söz sahibi olan dövlətdir. Bu güc dövlətçiliyə bağlılıqdan və siyasi ayıqlıqdan gəlir. Cəmiyyət artıq köhnə oyunların iştirakçılarını tanıyır və onlara meydan vermir. Dövlətin qarşısına qoyulan maneələr nə daxili, nə də xarici güclərin əlində uğur qazanacaq.

Azərbaycan xalqı dövlətinin yanındadır. Milli birliyə, dövlətçilik düşüncəsinə və real liderliyə dəyər verir. Xarici sifarişlərə və manipulyasiyalara yer yoxdur. Dövlət və xalq birliyini heç bir siyasi oyun Azərbaycanı yolundan döndərə bilməz.

Elnur ƏMİROV

Sizə yeni x var
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?