Müvafiq sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib. Bundan sonra Naxçıvanda qaz təchizatına “Azəriqaz” İstehsalat Birliyi nəzarət edəcək.
Xatırladaq ki, bir müddət əvvəl Muxtar Respublikanın Dövlət Energetika Xidməti də ləğv olunub.
Qurumların belə silsilə şəkildə ləğvi isə ciddi suallar doğurur. Eləcə də, nazirliklərin və bəzi qurumların ləğvi ilə bağlı mülahizələri yenidən gündəmə gətirir.
Təsadüfi deyil ki, ötən aylarda mətbuatda da islahatların başlayacağı, bir sıra qurumların ləğv ediləcəyi və birləşdiriləcəyi barədə xəbərlər yayılıb.
Məsələ ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, qurumların ləğvi düşünülmüş şəkildə həyata keçirilir:
"Bəzi xidmət sahələrinin ləğv edilməsi, idaretmənin təkmilləşdirilməsinə istiqamətləndirilib. Əgər bu xidmət sahəsi əvvəllər yerdə müəyyən işlərin yerinə yetirilməsinə məsul idisə, artıq o işlər görülüb. Məhz bu səbəbdən həmin vəzifənin mərkəzdən idarə edilməsi zərurətə çevrilib. Ona görə də elə xidmət sahələrinə nəzarətin mərkəzə tapşırılması daha məqbuldur. İndi bizdə regional idarələr yaranıb, Prezidentin xüsusi nümayəndəliyi yaradılıb. Bu idarələr bir çox hallarda özünün müsbət nəticələrini göstərir. Elə hesab edirəm ki,bu qurumların ləğvi düşünülmüş qaydada həyata keçirilir. Əsas məsələ burada işlərin daha səmərəli qurulması üçün tədbirlərin vaxtında görülüb, nizama salınmasıdır".
Komitə sədri növbəti mərhələdə Azərbaycanda hansısa nazirlik və ya qurumun ləğv edilməsinin gözlənilib-gözlənilmədiyi barədə bunları deyib:
"Nazirliklərin, müəyyən idarələrin, qurumların ləğvi ilə bağlı mülahizələr söylənilir, ehtimallar səsləndirilir. Lakin biz bunu deyə bilmərik. Bu ölkə başçısının səlahiyyətlərinə aiddir. Ona görə də, bütün sahələrdə islahatlar getdiyi üçün, belə öz fəaliyyətini başa vurub, vəzifəsini yerinə yetirmiş qurumların ləğvi sözsüz ki, zəruridir".
Milli Məclisin deputatı Azər Allahverənovun fikrincə, Naxçıvan Muxtar Respublikası ilə bağlı müəyyən strukturların ləğv edilməsinə dair məlumatların sayının çoxalması çox ciddi struktur islahatlarının həyata keçirildiyini aydın göstərir:
"Bu isə idarəetmədə optimallığın təmin olunmasıdır. İstənilən kontekstdə məsələyə yanaşdıqda görürük ki, bəli, əvvəlki təcrübədə nəzərdən keçirilir. Sonuncu qərar qaz istismarının ləğv olunması ilə bağlıdır. Bundan sonra Naxçıvanda qaz təchizatı "Azəriqaz" İstehsalat Birliyinin nəzarətində olacaq. Bu,ondan xəbər verir ki, burada mərkəzləşdirilmiş idaretmə üsulu tətbiq olunmaqdadır. Günün tələblərinə cavab verəcək bu islahatlar nəticə etibarilə göstərilən xidməti keyfiyyətin artırılması, ümumiyyətlə qaz istismarı ilə əlaqədar bütün mərhələlərin-qazın istehlakçılara çatdırılması və digər məsələlərin sistemli və mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi şəffaflığın təmin olunmasına səbəb ola bilər. Bunlar çox vacib islahatlardır".