“MediaTürk” TV-nin efirində qonaq olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu diqqətçəkən fikirlər səsləndirib.
O, "Əli Kərimli-Ramiz Mehdiyev" əlaqələri ilə bağlı Milli Şura üzvlərinin istintaqa cəlb olunmasını vacib sayıb:
“Əli Kərimli heç vaxt Ramiz Mehdiyevlə birbaşa görüşməyib, arada vasitəçilər olub. Bu vasitəçilər də Milli Məclisdə təmsil olunan Əli Kərimlinin müavinləridir. Onlar qədər Əli Kərimlinin gizli işlərini bilən adamlar yoxdur. İndi durub sən İqbal bəyin, Tural Abbaslının adını çəkə bilərsən. Tural Abbaslı özü Milli Şuranın üzvü olub. İndi Tural Abbaslı Əli Kərimli barədə danışır. Mən kənardan Milli Şuranın Rusiyanın layihəsi olduğunu demişəm, xalqa da xəbərdarlıq etmişəm ki, Milli Şuranın axırı yoxdur, onun arxasınca düşmək olmaz. Qardaş, onda sən içəridə olmusan, Tural Abbaslı və onun kimi 100 nəfər adam Milli Şuranın İdarə Heyətində olub. Gəlin deyin ki, proseslər necə olub, heç olmasa müdafiə edin. Lakin indi qəribə, paradoksal hadisə yaşanır, Milli Şuranın təsisçiləri çıxıb Milli Şuranı ittiham edirlər. Bu necə ola bilər? Sənin heç nədən xəbərin olmayıbsa, sən necə oranın üzvü olmusan? Xəbərin olubsa, sən özün də ittiham olunmalısan. Milli Şura tək Əli Kərimlidən ibarət deyildi ki... Milli Şuranın necə maliyyələşdiyini və digər fəaliyyətləri barədə bilavasitə üzv olanlar danışmalıdırlar. Onlar istintaq prosesinə cəlb olunmalıdırlar. Milli Şuranın rəhbərliyi Gürcüstana Rüstəm İbrahimbəyovla görüşməyə getmişdi. Orada nə söhbət gedib, bunlar bilirlər. İstintaqı obyektiv şəkildə aparmaq istəyirlərsə, iki qrup adamlar dindirilməlidir: parlamentdə təmsil olunan Əli Kərimlinin keçmiş müavinləri və Əli Kərimli ilə birlikdə Milli Şuranı təsis edən adamlar. Bu adamlardan başqa baş verən hadisələrlə, Əli Kərimli-Ramiz Mehdiyev əlaqələri ilə bağlı heç kəs nəsə deyə bilməz”.
Modern.az Ağ Partiya sədri Tural Abbaslıdan barəsində deyilənlərə münasibət öyrənib.
Saytımıza açıqlamasında o deyib ki, Sərdar Cəlaloğlu gündəm yaratmağa həvəslidir:
“Milli Şura yarananda mən Müsavat Partiyasının Divan üzvüydüm. Milli Şura yarananda Azərbaycandakı bütün partiyalar orada iştirak edirdi. Bizim şükür Allaha, heç kəsdən gizləyəcəyimiz nəsə yoxdur. Milli Şura bir dönəm Prezident seçkilərində iştirak etmək üçün siyasi birlik idi. Sərdar Cəlaloğlu düşünürsə ki, bizi istintaqa cəlb etmək lazımdır, etsinlər. Gedək, maraqlı suallar varsa, cavab verək. İndi maşallah, hamı danışır. Problem deyil, danışa bilərik”.
Tural Abbaslı Əli Kərimli barədə həbs olunandan sonra sərt çıxışlar etmədiyini də qeyd edib:
“Burada söhbət Əli Kərimlinin Milli Şuradakı fəaliyyətindən getmir. Biz də Əli Kərimlini yox, Ramiz Mehdiyevi tənqid edirik. Mehdiyevlə əlaqəli kim varsa, onları tənqid edirik. Mən Əli Kərimli azadlıqda olanda daha çox tənqid etmişəm, çünki onlar bizə hücum ediblər, biz də cavab vermişik. İndi mənim “bəli, Əli Kərimli xaindir, filandır” deyə çıxışım olmayıb, olmayacaq da, bəlkə sabah sərbəst buraxdılar. Mən qeyd etmişəm ki, günahkardırsa, bu Sərdar Cəlaloğlu da ola bilər, cavab verməlidir. Amma kiminsə günahı yoxdursa, həbs olunmamalıdır. Əksinə, mən qeyd etmişəm ki, Əli Kərimli bu və ya digər şəkildə şübhəli şəxs kimi istintaqa cəlb olunur, barəsində həbs-qəti imkan tədbiri seçilir, amma Ramiz müəllim evində oturur, əlində də telefonu. Biz bu məsələlərin şəffaf və obyektiv araşdırılmasının tərəfdarıyıq. Hətta mən onu da qeyd etmişəm ki, bu məsələdə Ağ Partiya üzvlərinin də bu və ya şəkildə qanunsuz rolu olubsa, heç onları da müdafiə etmərik. Bizə görə qanun hər şeydən üstündür. Mənim üçün adamın siyasi kimliyi, partiya lideri olub-olmaması önəmli deyil. Sərdar bəyə təşəkkür edirik ki, bizi yad edir, sağ olsun”.