Modern.az

Azərbaycan səfiri Paşinyanı ermənicə salamladı - GÖRÜNTÜ

Azərbaycan səfiri Paşinyanı ermənicə salamladı - GÖRÜNTÜ

Ölkə

10 Dekabr 2025, 11:30

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Berlində panel görüşündə iştirak edib və Cənubi Qafqazda baş verən proseslər barədə fikirlər səsləndirib.

Modern.az-ın məlumatına görə, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev də panel müzakirəsində çıxış edərək Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqları dəyərləndirib.

Səfir Paşinyanı ermənicə "Bari galust Germania" (Almaniyaya xoş gəlmisiniz) deyə salamlayıb.

Nəsimi Ağayev bildirib ki, son illər regionda əvvəl təsəvvür olunmayacaq dərəcədə böyük dəyişikliklər baş verib və Azərbaycanla Ermənistan arasında münasibətlər müstəqillik dövründə ən sabit və sülh şəraitində olan mərhələyə daxil olub. Onun sözlərinə görə, bu gün atılan addımlar gələcək nəsillərin uzunmüddətli və ağrılı münaqişəni miras almamasına imkan yaradır.

Səfir vurğulayıb ki, sülh gündəminin təşəbbüskarı Azərbaycan olub və Bakı bu istiqamətdə aydın məqsəd və qətiyyətlə fəaliyyət göstərir. O, tərəflər arasında əldə edilmiş razılaşmaların real nəticələr verdiyini, sülhün artıq öz bəhrəsini göstərdiyini söyləyib.

Diplomat Vaşinqton görüşlərində razılaşdırılmış məsələlərin tam icrasına ümid etdiyini qeyd edərək, Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan maneəsiz nəqliyyat bağlantısının razılaşmalara uyğun şəkildə təmin edilməsinin vacibliyini xatırladıb. O, sülh sazişinin imzalanmasına mane olan konstitusiya ilə bağlı son maneənin də aradan qaldırılacağına ümid etdiyini deyib.

Səfir həmçinin bildirib ki, Azərbaycan və Ermənistan faktiki olaraq sülh dövrünə qədəm qoyub və hər iki tərəf bunu açıq şəkildə vurğulayır.

Çıxışının sonunda Ağayev Almaniya–Fransa barışığı ilə müqayisə apararaq deyib ki, həmin ölkələr sülhə 18 ilə nail olublar, lakin Azərbaycan və Ermənistan bu mərhələyə cəmi beş ilə çatıb: “Beləliklə, bizim birgə Azərbaycan-Ermənistan komandasının nəticəsi Almaniya-Fransa komandasından 13 il daha irəlidədir”.

Nəsimi Ağayev vurğulayıb ki, azərbaycanlılar və ermənilər tarixən dinc yanaşı yaşayıblar və yenidən belə bir mühitin formalaşacağına əmindir. O, Azərbaycanın bölgədə sülh, sabitlik və rifaha doğru irəliləməkdə qərarlı olduğunu qeyd edib.

 

Sizə yeni x var
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı