Modern.az

"Ömrün ustadları": Xaçmazın ən yaşlı sakini - Qızpəri nənə

"Ömrün ustadları": Xaçmazın ən yaşlı sakini - Qızpəri nənə

Ölkə

11 Dekabr 2025, 10:27

Xaçmaz rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. 1930-cu ildə rayon kimi formalaşdırılan Xaçmaz bir müddət şəhər tipli qəsəbə statusunda fəaliyyət göstərib, 1963-cü ildə isə ləğv edilərək ərazisi Quba və Qusar rayonlarına birləşdirilib. 1965-ci ildə rayon yenidən bərpa olunub. Şimalda Rusiya Federasiyası ilə həmsərhəd olan Xaçmaz şimal-şərqdə Xəzər dənizi ilə əhatələnir. Mərkəzi Xaçmaz şəhəridir.

Rayonun iqtisadiyyatında kənd təsərrüfatı əsas rol oynayır. Meyvəçilik, tərəvəzçilik, taxılçılıq və heyvandarlıq geniş inkişaf edib. Ərazidə konserv zavodu, üzüm emalı müəssisələri, çörək və qida məhsulları kombinatları, yem istehsalı zavodu fəaliyyət göstərir. Xaçmaz həm də zəngin tarixə malikdir. Sərkərtəpə, Dəyirmantapə kimi kurqanlar, Şeyx Yusif məscidi və türbəsi, Qaraqurdlu kəndindəki Şah Abbas məscid-mədrəsəsi bölgənin qədim diyar olmasının göstəricilərindəndir.

Modern.az saytının “Ömrün ustadları” rubrikasının budəfəki buraxılışında Xaçmazın ən yaşlı sakinindən bəhs edirik.

Rayonun ən yaşlı sakini 113 yaşlı Qızpəri Hacı qızı Əmrahovadır. O, 1912-ci ildə Xaçmaz rayonunun Nağıoba kəndində dünyaya göz açıb. 6 övladı - 3 qızı 3 oğlu var. Qızpəri nənə eyni zamanda 16 nəvə və 32 nəticə nənəsidir. Maraqlı nüans isə ondan ibarətdir ki, Qızpəri nənənin hazırda kötükcəsi yoxdur.

Qızpəri Əmrahovanın həyat yoldaşı Əmrah Balası oğlu Əmrahov da 1912-ci ildə elə Xaçmaz rayonunun Nağıoba kəndində doğulub. 2001-ci ildə isə vəfat edib.

Doğmalarının sözlərinə görə, Qızpəri Əmrahovanın uzun ömür sürməsində kənd həyatı, fiziki fəallıq və təbii qidalanma mühüm rol oynayıb.

113 yaşını adlamış Qızpəri Əmrahovanın bu gün də sağlamlığı və uzun ömrə sahib olması Xaçmazın uzunömürlülük ənənəsinin əyani nümunələrindən biri kimi diqqət çəkir.

Biz də Qızpəri nənəyə uzun ömür və can sağlığı arzu edirik!

Qeyd edək ki, hazırda  Xaçmaz rayonunda yaşı 100-dən yuxarı 2 sakin yaşayır. Onların hər ikisi qadındır.

Whatsapp
Bizə yazın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -