Milli Məclisin vitse-spikeri Rafael Hüseynovla onun üzvü olduğu Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı arasında yaşanmış mübahisə ictimai müzakirələrə səbəb olub.
Bir neçə gün öncə Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransın moderatoru, vitse-spiker Rafael Hüseynov Azərbaycan dilinin normaları ilə bağlı müzakirələrdə çıxış üçün tədbirə dəvət olunan sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlının sözünü kəsərək deyib ki, ona ayrılan vaxtı başa çatıb.
Sabir Rüstəmxanlı son bir cümlə demək istəsə də, vitse-spiker buna imkan yaratmayıb.
“Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin siz (Rafel Hüseynov – müəl.) hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz”, - deyə Xalq şairi irad bildirb.
Rafael Hüseynov isə Sabir Rüstəmxanlıya fikirlərini söyləmək üçün “başqa gün” müraciət edə biləcəyini bildirib. Bundan sonra Sabir Rüstəmxanlı vitse-spikerə etiraz əlaməti olaraq konfransı tərk edib.
Hadisədən sonra Vətəndaş Həmrəyliyi Partiyası iclas keçirərək təşkilatın üzvü Rafael Hüseynova sədrə qarşı etdiyi hərəkətə görə töhmət elan edib.
Sabir Rüstəmxanlının həyat yoldaşı, Vətəndaş Həmrəyliyi Partiyasının Milli Məclisdəki digər deputatı Tənzilə Rüstəmxanlı məsələ ilə bağlı Modern.az-a danışıb:
“Rafael müəllimlə Sabir bəy iki dost, iki ziyalıdırlar. Uzun illərdir bir yerdə olublar, hər zaman bir-birlərinə sayğılı davranıblar. Kaş ki belə hadisə olmayaydı. Rafael müəllim orada “kuralçı” davranıb. Amma Sabir Rüstəmxanlı Azərbaycan dilinin qorunması üçün bir ömür xərcləyən adamdır. Bunu Rafael müəllim hər kəsdən yaxşı bilir. O, Sabir bəyin ədəbi yaradıcılığını, ədəbi fəaliyyətini, əsərlərini ən yaxşı oxuyub təhlil edənlərdən biridir”.
T. Rüstəmxanlı VHP-ni Milli Məclisdə təmsil edən deputatlardan birinin də Rafael Hüseynovun olduğuna diqqət çəkərək baş verən hadisənin partiya daxilində narazılıq yaratdığını deyib:
“Partiyamızda narazılıq olub ki, niyə Rafael müəllim sədri Sabir bəyə qarşı belə sayğısızlıq edib? Mən bu hadisənin ikisinin arasında həll olunmasını düşünür, arzu edirəm. Fikrimcə, Rafael müəllim bu məsələdə Sabir bəyə bilərək sayğısızlıq edəcək mədəniyyətə sahib deyil”.
Müsahibimiz bildirib ki, hadisə partiya daxilində müzakirə olunarkən ölkədə olmayıb. Ölkədə olduğu təqdirdə məsələnin bu qədər böyüyəcəyinə imkan verməzdi:
“Mən olsaydım məsələni bu qədər böyütməzdim. Hazırda da ölkədən kənarda olduğum üçün nəsə edə bilmədim. Sabir bəy demokratik insandır, hər kəsin fikrinə hörmətlə yanaşır”.
Tənzilə Rüstəmxanlı konflikti partiyadaxili intizam məsələsi hesab edir və digər yerlərdə müzakirə olunmasını istəmir:
“Məsələ çox da gündəmə gəlməməlidir. Amma mən bu hadisədə insanların Sabir bəyə qarşı sevgisini gördüm. Bunlar normal proseslərdir. Hesab edirəm ki, hər kəs bu hadisədən nəticə çıxardı, -bəzi yerlər, bəzi işlər var ki, ona bu qədər müdaxilə olmaz, daha ehtiyatlı və sayğılı yanaşmaq lazımdır. Hər ikisi ağıllı insandır, belə xırda şeylər onları üz-üzə gətirməmlidir” – deyə Tənzilə Rüstəmxanlı bildirib.