Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü irəli sürüb. Aministiya aktı 20 min nəfəri əhatə edəcək.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Tanınmış hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Modern.az-a açıqlamasında deyib ki, hazırladıqları siyahıda olan şəxslərin hamısının azad ediləcəyini düşünür:
“Hər dəfə cənab Prezidentə məktub ünvanlananda siyasilərin, din adamlarının, "ömürlük"də olub cəzasının 20 ilini çəkənlərin, jurnalistlərin, blogerlərin də maddələrinin aministiyaya düşməsinə çalışırıq. Aministiyanı Milli Məclis təsdiq edəcək. Bu il Konstitusiya ili və Zəfərimizin 5-ci ildönümüdür. Qoy, həmrəylik bayramımızda ailələrimizdə də bayram olsun. Ailələr də qovuşsun. Bütün tərəflərdən bizi sevməyən var. Hesab edirəm ki, biz özümüzə güvənməli, millətimiz arasında sülh və həmrəylik nümayiş etdirməliyik. Birinci özümüz-özümüzə sülh gətirməliyik. Şübhəsiz ki, Prezident də bunu çox yaxşı başa düşür və çox gözəl də addımlar atır. İnşallah, jurnalistləri, blogerləri, siyasi motivlə tutulanları, həbs müddəti az qalanları azadlığa buraxarlar".
N.Cəfəroğlu qeyd edib ki, aministiya aktı layihəsinin şərtini ödəyən xeyli məhkumun adı onların tərtib etdiyi siyahıda mövcuddur:
"Məsələn, ömürlük həbs cəzası almış "OMON"çu Elçin Əmiraslanov, Qarabağda döyüşmək üçün partizan dəstəsi yaratmış "Qaranquşlar". Eləcə də Tofiq Yaqublu - o, həm də Qarabağ müharibəsi veteranıdır. Elə şərtlərə görə, ən birinci onu buraxa bilərlər.
Yenə deyirəm barışıq, Konstitusiya ilidir. Hər bir insanın ailəsinə dəyər vermək lazımdır. Çoxlu insan buraxlsa, onların qohum-əqrəbası, oğlu-qızı vətən sevgisi ilə coşub-daşacaqlar. Hamımız bir yerdə olacağıq".