Modern.az

Bakıdakı şikayətlə bağlı tədbir görüləcək - GÖRÜNTÜ

Bakıdakı şikayətlə bağlı tədbir görüləcək - GÖRÜNTÜ

Ölkə

16 Dekabr 2025, 10:38

Şəkildə gördüyünüz yer Nizami rayonunun Kamil Balakişiyev küçəsi, "Bolmart" mağazasının qarşısında yerləşən ərazidir. Uzun vaxtdır ki, burada yaranmış vəziyyət sakinlərin ciddi narazılığına səbəb olur. Ərazidə avtomobil saxlayan bir neçə şəxs öz davranışları ilə insanlara faktiki olaraq zülm edirlər. onsuz da dünyada böyük şəhərlərdə maşın parklaması ciddi problemə çevrilib.

Fotoya diqqətlə baxın. Bu maşınların sahibləri elə qaydasız və məsuliyyətsiz şəkildə park edirlər ki, bir maşın iki maşının yerini tutur. 

Binanın sakinləri redaksiyamıza müraciət ediblər. Qeyd edirlər ki, məsələ ilə bağlı binanın komendantına müraciət olunsa da, o da bu şəxslərə gücünün çatmadığını açıq şəkildə etiraf edir. Bu isə problemin nə qədər dərin və nəzarətsiz olduğunu açıq şəkildə göstərir.

Sakinlər haqlı etiraz səslərini qaldıranda isə təzyiq və hədələrlə üzləşirlər. Həmin şəxslər özlərini gah biznesmen, gah hansısa qurumlarla əlaqəli adam, gah da deputatlığa namizəd kimi təqdim edirlər. Bu cür iddialarla onlar insanlarda qorxu yaratmağa və etirazların qarşısını almağa çalışırlar.

Sakinlərin verdikləri məlumata görə, bu davranışı sərgiləyənlər qardaşlardan ibarət bir qrupdur. Onlar illərdir eyni üsulla ərazini faktiki olaraq şəxsi mülkləri kimi istifadə edirlər. Bu hərəkət heç bir çərçivəyə sığmır. Ən narahatedici məqam isə ondan ibarətdir ki, formal baxımdan hüquq-mühafizə orqanlarının dərhal müdaxilə edə biləcəyi açıq mexanizm görünmür. Bu vəziyyət isə özbaşınalığın davam etməsinə şərait yaradır. Halbuki ərazidə yaşayan onlarla sakin avtomobillərini park etməyə yer tapmaqda ciddi çətinlik çəkir.

İllərdir davam edən bu problem insanların səbr kasasını doldurub. İnsanlar artıq kimə və hara müraciət edəcəklərini bilmirlər. Şikayət ünvanlarının nəticəsiz qalması ümidsizliyi daha da artırır. Hətta bu məsələyə görə binadan köçüb getmək istəyənlər də var.

Bu cür halların paytaxtın mərkəzi rayonlarından birində baş verməsi xüsusilə düşündürücüdür. Sakinlər aidiyyəti qurumların məsələyə biganə qalmayacağına ümid etmək istəyirlər. Onlar problemin qanun çərçivəsində və ədalətli şəkildə həllini gözləyirlər.

Dünya dərəbəylik deyil. Normal düşüncəsi ola bilən şəxs heç zaman belə addım atmaz. Yox, əgər həmin şəxslər özlərini "VORZAKON" hesab edirlərsə, Azərbaycan onlar üçün deyil.

Ümid edək ki, sakinlərin bu müraciətindən sonra həmin şəxslər öz əməllərindən utana biləcəklər. Utana bilməsələr, yəqin ki, aidiyyatı qurumlar hərəkətə keçəcək.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır