İctimaiyyətlə dövlət qurumları arasında etibarlı körpü rolunu oynayan mətbuat xidmətləri bu gün yalnız informasiya ötürən struktur deyil, eləcə də operativliyin və etimadın əsas göstəricisidir. Xüsusilə sürətlə dəyişən informasiya mühitində, sosial şəbəkələrin təsir dairəsinin genişləndiyi bir dövrdə mətbuat xidmətlərinin də fəaliyyəti daha çox diqqət cəlb edir. Hansı qurum jurnalistlərlə əməkdaşlıqda maraqlıdır? Kim informasiya sorğularına vaxtında və dolğun cavab verir? Hansı mətbuat katibi media ilə effektiv kommunikasiya qurmağı bacarır?
Modern.az saytı 2025-ci ilin sonlarını nəzərə alaraq bu suallara cavab tapmağa çalışıb.
"Trend" İnformasiya Agentliyinin Azərbaycan xəbərlər xidmətinin rəhbəri Fərid Zöhrabov bildirib ki, o, il boyu hansı mətbuat xidmətlərinin sorğuları cavablandırdığı barədə qeydlər aparır:
“Ümumiyyətlə, mətbuat xidmətləri qurumla media arasında körpü rolu oynamalıdır. Lakin bəzən əksini də görürük. Təcrübəmə əsasən, mətbuatla sıx əlaqəni qurmağı bacaran mətbuat xidmətlərinin adlarını çəkməsəm olmaz.
Bunların arasında "Azərbaycan Dəmir Yolları”nın Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev, DİN Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev, Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətində şöbə rəisinin müavini Ehtiram Xəlilov və şöbənin baş məsləhətçisi Azər Sarıyev, Dövlət Turizm Agentliyin mətbuat xidmətinin rəhbəri Gülnar Mustafayeva, “Aztelekom” MMC-in mətbuat katibi Alidə Mustafayeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, "Xəzər Dəniz Gəmiçiliyi"nin mətbuat katibi Mehman Mehdiyev, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Tural İbadlını göstərə bilərəm”.
"Teleqraf" İnformasiya Agentliyinin redaktoru Bəxtiyar Məmmədli qeyd edib ki, Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ombudsman Aparatı, Dövlət İmtahan Mərkəzi, “Azərbaycan Dəmir Yolları” QSC, Milli Məclisin mətbuat xidmətləri yaxşı fəaliyyətilə seçilirlər.
Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlu mətbuatla işləməkdə həvəsli olanlar sırasında Nazirlər Kabinetinin, Milli Məclisin, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi (Nazirlik yanında Dövlət Vergi Xidmətini də bura əlavə edir), Elm və Təhsil Nazirliyi (nazirliyin nəzdindəki agentliklər də həmçinin), Mədəniyyət, Fövqəladə Hallar, Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mətbuat xidmətlərinin adlarını qeyd edib. Bundan başqa, Ailə, Qadın, Uşaq Problemləri, Diasporla İş Üzrə Dövlət Komitələrinin, Hesablama Palatasının, “AzerGold”un mətbuat katibləri də medianın sorğullarına vaxtında cavab verənlər sırasındadırlar.
AZCON-un tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC, DİM, "Azərişıq", ADSEA, "Azəriqaz", TƏBİB, "ASAN Xidmət", "Azərenerji", Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları, Bakı Metropoliteninin mətbuat xidmətlərinə ünvanlanan suallarımız da heç vaxt cavabsız qalmır”.
Crossmedia.az portalının baş redaktoru Mübariz Göyüşlü ilin ən yaxşı mətbuat xidmətləri kimi Elm və Təhsil Nazirliyi, Azərbaycan Dəmir Yolları, AMEA, Bakı Metropoliteni, Azərbaycan Elm Fondu, TƏBİB, DİN, Baş Prokurorluğun adlarını çəkib.
"Yeniçağ" Media Qrupun rəhbəri Aqil Ələsgər hesab edir ki, mətbuat xidmətlərində çalışan həmkarlarımız əslində o qurumun rəhbərinin siyasətini icra edir:
“O baxımdan bəzən narazılıq etdiyimiz mətbuat xidməti başqa bir quruma keçdikdə tam fərqli media siyasəti aparır. Bu silsilədə ASAN XİDMƏT-i qeyd edə bilərəm, ən uğurlu mətbuat xidməti rəhbəri deyəndə ağlıma ilk gələn Elnur Niftəliyevdir”.
Mətbuat.az saytının rəhbəri Ramil Mirzəyev 2025-ci ildə dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətini qənaətbəxş hesab edib:
“Bəzi qurumlar isə media ilə əməkdaşlıqda peşəkarlığı və operativliyi ilə daha çox seçilir. Onların arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Hərbi Prokurorluq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri xüsusilə fərqlənir”.
Globalinfo.az saytının baş redaktoru Aqşin Evrənin fikrincə, ən yaxşı mətbuat xidmətlərindən TƏBİB-in media ilə kommunikasiya strategiyası müsbət qiymətləndirilə bilər:
“Qurum həm operativlik, həm də məlumatın dəqiqliyi baxımından media ilə əlaqələrini səmərəli qurur. İnsan sağlığının, həyatının həll olunduğu bir sahədə belə dəqiq, operativ yanaşma zəruridir”.
Oxu.az saytının redaktoru Rövşən Əsədovun sözlərinə görə, ən yaxşı olmasa da, digərləri ilə müqayisədə daha fəal olan mətbuat xidmətlərinin rəhbərləri var:
“Ən yaxşı mətbuat katibi jurnalistlərin ünvanlandığı sorğulara anında - ən qısa zamanda cavab verməlidir, lazım olduğu təqdirdə - vaxtaşırı jurnalistlərin qarşısına çıxmalıdır, istənilən suala hazırlıqlı olmalıdır. Hesab etmirəm ki, bu gün hansısa mətbuat katibi brifinq edib jurnalistlərin qarşısına keçib istənilən suala sinəsini sipər edə bilsin. Ona görə də yalnız digərləri ilə müqayisədə operativ, çevik, hazırlıqlı olan mətbuat katibləri var. Sorğulara cavab almaq üçün bəzən günlərlə gözləməli oluruq, bəzən verdiyi açıqlamaya görə təmsil etdiyi qurumu zərbə altında qoyub sonra jurnalist(lər)i və media resurslarını borclu çıxaran katiblərə də rast gəlirik. Onlar anlamalıdırlar ki, sorğulara, suallara vaxtında – çevik cavab vermək elə həm özləri, həm də təmsil elədikləri qurum üçün önəmli və faydalıdır. Bir sözlə, hələ də bu məsələdə vəziyyət ürəkaçan deyil!
Digərləri ilə müqayisədə isə DİN, TƏBİB, FHN, ASAN Xidmət, Ekologiya və Təbii Sərvətlər Nazirliyi daha çevikdirlər”.
Milli.az saytının redaktoru Xəyal Abdullayev bildirib ki, mətbuat xidmətlərinin fəaliyyəti çoxşaxəlidir və bu il bir sıra qurumlar yüksək peşəkarlıq nümayiş etdiriblər:
“Konkret ad çəkmək bəzən çətin olsa da, ümumi müşahidələrimə əsasən, kommunikasiya sahəsində ciddi irəliləyiş göstərən dövlət və özəl qurumlar var. Məsələn, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Bakı Metropoliteni, Birbank / Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr Komandası, ASAN Xidmət və.s”
YurdMedia.az saytının baş redaktoru Murad Əliyev bu xüsusda DİN, FHN-in adlarını ilk olaraq qeyd edə biləcəyini söyləyib. Bununla belə, o bildirib ki, bu barədə seçim etmək bir qədər çətin olar.
"Türküstan" Media Qrupun baş redaktoru Aqil Camal qeyd edib ki, mətbuat xidmətlərinin işi ilə bağlı onu deyə bilər ki, ümumi işgüzarlıq, operativlik əmsalı ötən illərə nisbətdə artıb:
“Bunun da bir neçə səbəbi var. İlk növbədə medianın tələbatı. Medianın davamlı sorğuları mətbuat xidmətlərini işini dinamik qurmağa, operativliyə və məsuliyyətə sövq edir.
İşini düzgün qurmuş, operativ mətbuat xidmətləridən ad çəkmək şərtdirsə, bizim daha çox izlədiyimiz, günlük xəbər axınında fəaliyyətinə rast gəldiyimiz mətbuat xidmətlərindən Milli Məclisin, Nazirlər Kabinetinin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, “Azəriqaz”ın, “Azərişıq”ın, MEDİA və QHT Agentliklərinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Hesablama Palatasının, “Azergold”un mətbuat xidmətlərinin adlarını çəkə bilərəm”.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Media və kommunikasiya şöbəsinin Mətbuatla iş sektorunun mütəxəssisi Səadət Hakiyeva ən yaxşı mətbuat xidmətlərindən Nazirlər Kabineti – İbrahim Məmmədov, Xarici İşlər Nazirliyi – Ayxan Hacızadə, Daxili İşlər Naziriliyi – Elşad Hacıyev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri - Afət Telmanqızı, TƏBİB – Elnur Hidayətoğlu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – Teymur Mərdanoğlu, Diasporla İş üzrə Dövlət Komitəsi – Vəsilə Vahidqızı, "Bakı Metropoliteni"nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi - Bəxtiyar Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – İbrahim Mirzəyevin adlarını qeyd edib.
Bizim.Media saytının redaktoru Alçina Bəşirli bildirib ki, ilin ən yaxşı mətbuat katibləri operativlik, şəffaflıq, media ilə sağlam münasibət qurmaq və ictimai məlumatlandırmada aktiv olmaları ilə seçilirlər:
“Bu ilin ən yaxşı mətbuat katibləri arasında “BakuBus” MMC-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva, DİN-in Mətbuat xdmətinin rəisi Elşad Hacıyev başda olmaqla, bu qurumun mətbuata açıq olan digər əməkdaşları - Anar Qafarov, Elbrus İbrahimov və Cəsarət Qənbərlinin, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun, AYNA-nın mətbuat katibi Tural Orucovun, “Azərişıq” ASC-nin mətbuat xidmətindən Vaqif Aydınoğlunun, Pərvanə Kazımzadənin, DİM-nin mətbuat katibi Xanlar Xanlarzadənin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın adlarını çəkmək istəyərdim. Bu şəxslər mediadan daxil olan sorğulara daha operativ, şəffaf və faktların dəqiq çatdırılması baxımından seçilirlər. Təbii ki, TƏBİB, Elm və Təhsil Nazirliyi, “Azəristiliktəchizat”, Dövlət Turizm Agentliyi də media nümayəndələri ilə komunikasiya bacarığına malikdirlər. Çalışqan və operativ mətbuat katibləri ilə yanaşı, fəaliyyətində müəyyən boşluqlar olan mətbuat katibləri də var. Onların adlarını çəkmək istəmirəm. Çünki məqsəd kimisə tənqid etmək deyil. Ümid edirəm ki, bu sahədə zəif tərəfləri olan mətbuat katibləri də medianın gözləntilərini nəzərə alaraq işlərinə daha ciddi yanaşacaq, operativlik və şəffaflıq baxımından özlərinə çəki-düzən verəcəklər. Nəticə etibarilə, hamımızın məqsədi ictimaiyyətin doğru məlumatlandırılması və media ilə sağlam əməkdaşlığın qurulmasıdır”.
Sfera.az saytının baş redaktoru Ozal Məmmədov deyib ki, ilin ən yaxşı mətbuat xidmətlərindən, bu il xüsusilə operativlikləri, düzgün informasiya idarəçiliyi və media ilə açıq kommunikasiya qurmaq bacarıqları ilə seçilən bir neçə qurumu qeyd etmək olar:
“Xüsusilə hüquq-mühafizə orqanlarının mətbuat xidmətləri burada xüsusi fərqlənir. Hər hansı hadisə, cinayət və ya kriminal istiqamətdə baş verən proseslə bağlı ən kiçik məlumat belə ortaya çıxan kimi Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin Mətbuat Katibliyi tərəfindən anında dəqiq və operativ informasiya paylaşılır ki, bu da cəmiyyətdə çaşqınlığın qarşısının alınmasına mühüm töhfə verir.
Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi də hər hansı yanğın, qəza və digər fövqəladə situasiyalar zamanı operativ məlumatlandırma ilə seçilir və baş verən hadisələr barədə ictimaiyyəti vaxtında məlumatlandırır. Elm və Təhsil Nazirliyinin mediaya açıq və şəffaf yanaşmasını da xüsusi olaraq vurğulamaq lazımdır. Bununla yanaşı, qeyd etmək istərdim ki, ümumən mətbuatın sorğularına ən tez reaksiya verənlər daha çox dövlət qurumları və təşkilatları olur. Ümumilikdə, media ilə şəffaf əməkdaşlığa və məlumatın düzgün ötürülməsinə önəm verən bütün qurumlar bu il yüksək peşəkarlıq nümayiş etdiriblər.
Bununla yanaşı, digər bir sıra dövlət qurumlarının da mətbuat xidmətlərinin operativlik və peşəkarlıq baxımından xüsusi fəallığını vurğulamaq vacibdir. Səhiyyə Nazirliyinin mətbuat xidməti media sorğularına həmişə sürətli və dəqiq cavabları ilə seçilir. Ədliyyə Nazirliyinin operativ fəaliyyəti də jurnalistlər tərəfindən yüksək qiymətləndirilir. İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının da mətbuat xidmətinin rəhbəri Araz Əsgərli informasiyanın vaxtında və düzgün təqdim olunması ilə fərqlənir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də çevik və dəqiq məlumatlandırma fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Bundan başqa, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mətbuat xidməti bütün media sorğularına sürətli və dolğun cavab verməsi də jurnalistlər tərəfindən yüksək qiymətləndirilən nümunələrdəndir”.
Yenisabah.az saytının baş redaktoru İmdad Əlizadə hesab edir ki, ilin ən yaxşı mətbuat katibi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyevdir:
“O, vəzifəsinin öhdəsindən layiqincə gəlir. Hadisələrə və jurnalistlərin sorğularına operativ şəkildə cavab verən İbrahim Mirzəyev işğaldan azad edilmiş ərazilərə qayıdışın təbliğat işini də peşəkarlıqla tənzimləyir. Sosial şəbəkələrdə "Böyük Qayıdış" proqramı ilə bağlı tez-tez paylaşımlara rast gəlirik. Çox gözəl videoroliklər hazırlayırlar. Ona görə də hesab edirəm ki, İbrahim Mirzəyev ilin ən yaxşı mətbuat katibidir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev də jurnalistlərə və ümumilikdə ictimaiyyətə açıq məmurdur. Nə zaman sorğumuz olub, dərhal cavablandırıb. Elşad Hacıyevi də ilin ən yaxşı mətbuat katiblərindən sayıram.
Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızını, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevi, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlunu da bu siyahıya daxil etmək olar. Onlar da vəzifələrinin öhdəsindən layiqincə gəlirlər, jurnalistləri incitmirlər”.
Moderator.az -ın baş redaktoru Hüseyn Ələsgərov vurğulayıb ki, yola saldığımız il dövlət və özəl qurumların media ilə əməkdaşlığı daha peşəkar və daha intensiv xarakter alır.
"Bu, əlbəttə sevindirici haldır. Çünki mətbuat xidmətlərinin operativ və açıq olması bir çox halda bizim işimizin sürətinə və informasiyanın cəmiyyətə vaxtında çatdırılmasında böyük rol oynayır. Bununla belə, hələ də gec cavab verən və bəzən ümumiyyətlə əlçatmaz olan mətbuat katibləri mövcuddur:
Bəzi qurumların adlarını çəkəcək olsaq, ƏƏSMN, DTX, DİN, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Hərbi Prokurorluq, ADSEA və “Azərişıq” ASC ilə daha aktiv əməkdaşlıq edirik. Sorğularımız, bəzi istisnalar olmaqla, operativ cavablandırılır və məlumat mübadiləsi səmərəli təşkil olunur.
2026-cı ildə həm media, həm də qurumlar arasında daha sıx, daha sistemli və daha peşəkar əməkdaşlığın formalaşacağına ümid edirəm”.
"Report" İnformasiya Agentliyinin müxbiri Nihat Pir: "Mən jurnalist kimi daha çox mədəniyyət sahəsi üzrə fəaliyyət göstərirəm deyə, ancaq bu sahədə fikir bildirə bilərəm. Hesab edirəm ki, bütün tənqid və qınaqlara rəğmən, Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsi işinin öhdəsindən gələ bilib. Aydın məsələdir ki, mədəni sahə olduqca mürəkkəb və həddindən artıq individual yanaşmaların olduğu bir sahədir. Bu mənada, nə etsən də, əlaqəni necə qursan da, yenə də kiminsə, kimlərinsə razılaşmadığı, narazı qaldığı məqamlar olacaq və olur.
Ona görə də bu suala tamamilə obyektiv cavab verməli olduğumu düşünürəm. Bu il ərzində sözügedən qurumun media şöbəsi üzrə həm Aynur Kərimova, həm Türkan Cəfərova, həm də Rəvanə Abdullayeva ilə yaxşı anlaşdığımızı deyə bilərəm.
Həmçinin bu il nazirlik yanında fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən dostumuz Fariz Hüseynli ilə kifayət qədər sorğu-cavab mübadiləmiz olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də bir neçə dəfə müraciətim olub və dərhal da cavab almışam. Ona görə də dostumuz Ramiz İdrisoğlunun da adını çəkməliyəm".
Modern.az saytının müxbiri Arifə Kərimzadə bildirib ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Fariz Hüseynli il boyu onun bütün sorğularına ən operativ və məzmunlu cavab verən mətbuat katibi olub.
“Bundan başqa, Mədəniyyət Nazirliyindən Aynur Kərimova, "Azərbaycan Dəmir Yolları"nın mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev, İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinin rəisi Anar Cəbrayıllı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə, DSX-nın mətbuat katibi Afdandil Abbasov, ASAN Xidmət-in mətbuat katibi Elnur Niftəliyevin adını çəkə bilərəm.
Davamlı olaraq datalarla işlədiyim üçün Dövlət Statistika Komitəsinə sorğular ünvanlayıram. Bu komitənin mətbuat katibi Tünzalə Qarayeva sorğularımızı aidiyyatı üzrə yönləndirir, operativ cavab verir, lazım olan dataları əldə etməyimdə çox köməklik edir. Həmçinin Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti jurnalistlərlə koordinasiyalı işləyir",- deyə o qeyd edib.
Filologiya üzrə fəlsəfə dokoru, jurnalist Şəlalə Məhyəddinqızı hesab edir ki, ən yaxşı mətbuat xidməti Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Sosial Media və ictimaiyyətlə əlaqələr şöbəsidir:
“Çünki qurumla bağlı sualları operativ cavablandıran əməkdaşlar həm də sosial mediada multimedia materialları təqdim etməklə ayrıca bir operativlik nümayiş etdirir”.