Modern.az

“Dəyirman” qrupunun məşhur reperi “AzerGold”da müşavir İŞLƏYİR

“Dəyirman” qrupunun məşhur reperi “AzerGold”da müşavir İŞLƏYİR

Ölkə

20 Dekabr 2025, 10:01

Azərbaycanda 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş məşhur “Dəyirman” hip-hop qrupunu replə maraqlananlar yaxşı xatırlayırlar. Qrupun tərkibinə tanınmış reperlər Miri Yusif, Malik Kələntərli, Elmir Məhərrəmov və Anar Abdullayev daxil idi.

"Dəyirman" 1996-cı ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdı. Bu populyar mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.


Təəssüf ki, qrup 2010-cu ildə dağıldı. 

“Dəyirman” dağılanda qrup üzvlərinin hərəsi öz yolunu seçib.

Fəaliyyəti dayansa da, məşhur "Dəyiman" hələ də öz mahnıları ilə yaşayır - köhnə pleylistlərdə, xatirələrdə və o dövrü unutmayan yaddaşlarda. Xüsusilə də "Ya Qarabağ, Ya Ölüm" mahnısı heç yaddan çıxmayıb.

Modern.az-ın məlumatına görə, “Dəyirman” qrupunun keçmiş üzvlərindən biri - Anar Abdullayev dostlarından fərqli olaraq karyerasını musiqi sahəsində davam etdirməyib.

Anar Abdullayev Azərbaycan Dövlət Neft və Sənayə Universitetində Neft-qaz mühəndisi ixtisası üzrə bakalavr, Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində MBA proqramı üzrə magistr təhsili alıb.


O, ali təhsil aldığı ixtisas üzrə bir müddət xaricdə çalışıb. Belə ki, Qərbi Sibirdə “BK Sever” qazma şirkətində qazmaçı köməkçisi, daha sonra maili qazma mühəndisi kimi, o cümlədən, “Nijnevartovskneftegeofizika” müəssisəsində Geofizika partiyasının rəisi vəzifəsində işləyib.
A.Abdullayev Rusiyadakı fəaliyyətini Moskva şəhərində yerləşən “Smit Avrasiya” şirkətində qazma üzrə mühəndis olaraq davam etdirib.

Daha sonra o, Səudiyyə Ərəbistanının Ras-əl-Zour şəhərindəki “Maaden Mining Company” şirkətinin "PAP 301" layihəsində Əməyin mühafizəsi üzrə mühəndis işləyib.


Vətənə qayıdandan sonra o, 2011-2023-cü illərdə “SOCAR – Integrated drilling” trestində "Ümid", "Bulla-dəniz" qazma istehsalat idarəsinin rəhbəri, qazma işləri üzrə müşavir vəzifələrində çalışıb.

Keçmiş reper Anar Abdullayev hazırda fəaliyyətini “AzerGold” QSC-də yüksək vəzifədə davam etdirir. Belə ki, o, 2023-cü ildən “AzerGold” QSC-də müşavir vəzifəsini tutur.



A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır