2025-ci ildə kişilərin sığınacaqlara yerləşdirilməsi ilə bağlı hər hansı müraciət Komitəyə daxil olmayıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə məlumat verib.
Onun sözlərinə görə, mövcud yardım mərkəzlərində əsasən qadınlar və uşaqlar yerləşdirilir.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan və sosial xidmətlər sisteminə daxil olan sığınacaq hazırda fəaliyyət göstərir. Həmin sığınacaqda vətəndaşların yerləşdirilməsi üçün bütün zəruri şərait mövcuddur. Gələcəkdə bu tip sığınacaqların sayının artırılması istiqamətində də müvafiq işlər aparılır.
R.Süleymanzadə bildirib ki, kişilərin sığınacaqlara yerləşdirilməsi ilə bağlı müraciətlər daxil olmasa da, zorakılığa məruz qalma halları ilə bağlı müraciətlər Komitəyə daxil olub. Bu müraciətlər əsasında yerli monitorinq orqanları tərəfindən mühafizə orderləri verilib.
Qeyd edilib ki, mühafizə orderləri şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunur və istər kişi, istərsə də qadın və uşaqlara qarşı zorakılıq halları baş verdikdə dərhal, 24 saat müddətinə verilir. Daha sonra həmin mühafizə orderlərinin icrası yerli icra strukturlarına həvalə olunur.
Həmin ailələr profilaktik nəzarətə götürülür, zorakılıq törədən şəxslərlə bağlı isə qanunvericiliyə uyğun olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir.