Modern.az

Sonsuzluğa səbəb olan sindrom - Həkimdən XƏBƏRDARLIQ

Sonsuzluğa səbəb olan sindrom - Həkimdən XƏBƏRDARLIQ

Ölkə

20 Dekabr 2025, 16:09

Polikistik yumurtalıq sindromu (polikistik over sindromu - PCOS) reproduktiv yaşda olan qadınlarda ən çox rast gəlinən hormonal pozuntulardan biridir. Bu sindrom təkcə aybaşı pozğunluğu və ya hamiləliklə bağlı problemlərlə məhdudlaşmır, eyni zamanda maddələr mübadiləsi, dəri, saç və ümumi hormonal tarazlığa da təsir göstərir. Son illərdə PCOS-un daha tez-tez diaqnoz olunması qadınlar arasında bu mövzuda düzgün və anlaşılan məlumatlara olan ehtiyacı bir qədər də artırıb.

Məsələ ilə bağlı Modern.az-a danışan ginekoloq Raul Əzimov bildirib ki, PCOS-un mahiyyətini anlamaq üçün onun yaranma səbəblərinə, müalicə yanaşmalarına və gələcəkdə ana olmaq imkanlarına kompleks şəkildə baxmaq vacibdir.

“PCOS-un yaranmasının tam sübut olunmuş bir səbəbi yoxdur. Mütəxəssislər bu sindromun bir neçə mexanizmin birlikdə təsiri nəticəsində formalaşdığını qəbul edirlər. Ən əsas mexanizmlərdən biri insulin müqavimətidir. PCOS-lu qadınların böyük bir hissəsində bədən insulin hormonuna qarşı həssaslığını itirir və bu da insulinin qanda normadan artıq yüksəlməsinə səbəb olur. Yüksək insulin səviyyəsi isə yumurtalıqlarda kişi tipli hormonların, xüsusilə testosteronun artmasını stimullaşdırır. Androgen hormonlarının artması yumurtaların normal yetişməsini və yumurtlamanı pozur, nəticədə aybaşı gecikmələri və digər PCOS əlamətləri ortaya çıxır”.

Ginekoloqun sözlərinə görə, genetik meyl də burada mühüm rol oynayır:

“Ailəsində PCOS olan qadınlarda bu sindromun rastgəlmə ehtimalı daha yüksəkdir. Xroniki, yüngül iltihabi proseslər və beyinlə yumurtalıqlar arasında hormonal siqnalların tənzimlənməsindəki pozuntular da androgen artımını gücləndirərək xəstəliyin dərinləşməsinə səbəb ola bilər. Müasir həyat tərzi, fiziki hərəkətsizlik, qeyri-sağlam qidalanma və artıq çəki kimi faktorlar son illərdə PCOS-un daha geniş yayılmasına şərait yaradan əsas amillər sırasında göstərilir”.

R.Əzimov onu da əlavə edib ki, PCOS-un müalicəsində ən təsirli və əsas yanaşma həyat tərzi dəyişiklikləridir:

“Dünyada qəbul olunmuş müalicə protokollarında ilk mərhələdə məhz bu addımlar tövsiyə edilir. Sağlam qidalanma və müntəzəm fiziki aktivlik insulin müqavimətini azaltmağa, aybaşı tsiklini tənzimləməyə və yumurtlamanı bərpa etməyə kömək edir. Aşağı glisemik indeksli, lif və zülalla zəngin qidalanma, şəkərli və unlu məhsulların məhdudlaşdırılması hormon balansının stabilləşməsində mühüm rol oynayır. Fiziki aktivlik isə təkcə çəkiyə nəzarət etməyə deyil, eyni zamanda hormonların daha düzgün işləməsinə şərait yaradır. Araşdırmalar göstərir ki, bədən çəkisinin cəmi 5-10 faiz azalması belə ovulyasiyanın bərpasına, aybaşıların düzənlənməsinə və insulin müqavimətinin azalmasına kifayət edə bilər. Zəruri hallarda həkim nəzarəti altında hormonal müalicələr də tətbiq oluna bilər, lakin onların effektivliyi həyat tərzi dəyişiklikləri ilə birlikdə daha yüksək olur”.

Uzman doktor onu da nəzərə çatdırıb ki, polikistik over sindromu diaqnozu qoyulan qadınların böyük əksəriyyəti gələcəkdə ana ola bilir:

“PCOS sonsuzluğa səbəb ola bilən ən yayğın hormonal pozuntulardan biri olsa da, eyni zamanda müalicəyə ən yaxşı cavab verən problemlər sırasındadır. Statistik olaraq PCOS-lu qadınların təxminən 70-80 faizi düzgün müalicə və nəzarət altında hamilə qala bilir. Ovulyasiya bərpa olunduqda isə hamiləlik şansı demək olar ki, sağlam qadınlarla eyni səviyyəyə çatır. Sonsuzluq riskini azaltmaq üçün erkən mərhələdə çəki nəzarəti, qlükoza-insulin balansının qorunması, aybaşı tsiklinin tənzimlənməsi və hormonal analizlərin vaxtında aparılması tövsiyə olunur. Eyni zamanda stressdən uzaq durmaq və siqaret kimi zərərli vərdişlərdən imtina etmək yumurta keyfiyyətinin və ümumi reproduktiv sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır”.

Sonda R.Əzimov vurğulayıb ki, polikistik yumurtalıq sindromu düzgün yanaşma və davamlı nəzarətlə idarə oluna bilən bir vəziyyətdir. Onun sözlərinə görə, erkən diaqnoz, sağlam həyat tərzi və mütəxəssis dəstəyi qadınların həm hormonal sağlamlığını qorumasına, həm də gələcəkdə ana olmaq arzularını reallaşdırmasına real imkan yaradır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi