Azərbaycan və Ermənistan səfirləri Xəzər İbrahim və Narek Mkrtçyanın iştirak etdiyi "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) təşəbbüsünün müzakirəsi keçirilib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) bəyanatında bildirilir.
ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən tədbirdə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Vaşinqtondakı səfirləri, eləcə də ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri və biznes nümayəndələri iştirak ediblər. Qapalı qapılar arxasında keçirilən müzakirə zamanı tərəflər TRIPP təşəbbüsünün regional əlaqənin gücləndirilməsində və Orta Dəhliz boyunca ABŞ-nin davamlı iqtisadi mövcudluğunun yaradılmasındakı rolunu müzakirə ediblər.
ABŞ Dövlət Departamentinin Beynəlxalq Sülhməramlı Əməliyyatlar Ofisinin direktoru və Beynəlxalq Sülh üzrə Xüsusi Elçi Vinay Çavla bildirib: "Avqust ayında Azərbaycan və Ermənistan arasında ABŞ administrasiyasının dəstəyi ilə imzalanan sülh müqaviləsi tarixi bir irəliləyişdir. TRIPP bu sülhün davamlılığını təmin etmək, tranzit marşrutunu rifah mühərrikinə çevirmək üçün bir yoldur".
O, həmçinin vurğuladı ki, bu vizyonun reallaşması üçün Amerika şirkətləri və kapitalı vacibdir və ABŞ administrasiyası onların danışıqlar masasında iştirakını təmin etmək istəyir.
Xəzər İbrahim qeyd edib ki, bu ilin avqust ayında Vaşinqtonda keçirilən liderlərin sammiti regional sülh prosesinin irəliləməsində tarixi rol oynayıb. Azərbaycan səfiri həmçinin Orta Dəhlizin əsas komponenti kimi TRIPP layihəsinin uğurunun təmin edilməsinin vacibliyini vurğulayıb.