Modern.az

Kəlbəcərdə həyatı dağ qanunları formalaşıdırır

Ölkə

5 Yanvar 2026, 16:25

Orada şəhər komfortu axtarmayın

İşğaldan azad edilmiş ərazilərə bu gün hər birimiz fərqli regionlar kimi baxırıq. Kimsə bu yerləri adi coğrafi məkan kimi qəbul edə bilmir.

Bu torpaqlar yaddaşımızdır. Hər birimiz üçün  uzun illərin həsrətidir. Ona görə də həmin bölgələrlə bağlı baş verən hər hansı hadisəyə həddindən artıq həssas yanaşırıq.

Ekstra həssas yanaşırıq. Orada baş verən ən xırda problem belə bizdə böyük narahatlıq, təşviş doğurur. Bu da təbiidir. Çünki o torpaqların hər qarışı üçün illərlə yanmışıq. O torpaqların azadlığı üçün neçə-neçə oğullarımız ŞƏHİD olub.

Bu gün azad edilmiş bölgələrimizdə baş verən texniki problem, təbii hadisə və ya məişət çətinliyi dərhal geniş müzakirəyə çıxarılır. “Necə ola bilər?”, “Niyə qabaqcadan tədbir görülməyib?”, “Buna kim cavabdehdir?” kimi suallar bir-birini əvəzləyir.

Bunu Yeni ilin ilk günündə gördük. Əslində bu reaksiyaların kökündə xoş niyyət dayanır. İstəyirik ki, işğaldan azad olunmuş bölgələrdə hər şey ideal olsun, orada heç bir narahatlıq yaşanmasın.

Kəlbəcəri o qədər çox istəyirik ki, düşünürük, orda qar yağsın, amma soyuq olmasın, yağış yağsın, amma sel olmasın, gün çıxsın, amma isti olmasın. Bu istək sevgidəndir.

Amma gerçəklik başqadır, elə şey olmur, elə bir dünya yoxdur.

Unutmamalıyıq ki, təbiət bizim emosiyalarımızla, arzularımızla hesablaşmır. Təbiət nə qədər gözəldirsə, bir o qədər də sərtdir. Xüsusilə Kəlbəcərin təbiəti bu sarıdan çox amansıdır.

Bəli, Kəlbəcər kimi dağlıq və iqlimi kəskin olan ərazilərdə bu sərtlik hər zaman özünü göstərəcək. Qışda fırtına olacaq, qar yolları bağlayacaq, elektrik xətləri sıradan çıxacaq. Və bütün bunlar Kəlbəcər üçün fövqəladə hal sayıla bilməz. Bu, normal gerçəklik kimi qəbul edilməlidir.

Diqqət etdinizmi, Kəlbəcərdə güclü fırtına nəticəsində elektrik enerjisinin dayanması dərhal təşviş, vəlvələ mövzusuna çevrildi. Deyim ki, hətta rəsmi qurumlar da ciddi təşvişə düşdülər. Biz burada bir az dayanıb düşünməliyik. Bu cür hadisələr illər əvvəl də olub.

İşğaldan əvvəl həmin bölgələrdə yaşayan insanlar təbiətlə mübarizə aparmırdı, ona uyğunlaşırdı. Sərt iqlim onların həyat tərzinin bir parçası idi. Onlar bilirdilər ki, dağda qış başqa cür olur və buna hazır olmaq lazımdır.

İndi isə biz bəzən şəhər rahatlığını dağ reallığı ilə qarışdırırıq. Elə bilirik ki, hər şey saniyələr içində həll olunmalıdır. Əlbəttə, dövlətin və aidiyyəti qurumların məsuliyyəti danılmazdır. İnfrastruktur qurulmalı, alternativ enerji mənbələri yaradılmalı, risklər minimuma endirilməlidir. Bu istiqamətdə ciddi işlər də görülür. Amma cəmiyyət olaraq bizim də psixoloji adaptasiyamız baş verməlidir.

Azad edilmiş ərazilərə qayıdış ancaq binaların tikilməsi ilə bitmir, axı...

Bu, həm də insanın təbiətlə yenidən barışması, qarışmasıdır. Orada həyat şəhər komfortu üzərində qurulmur, dağ qanunları üzərində formalaşır. Bu qanunları qəbul etmədən sağlam və davamlı yaşayış bir az çətin olar. Bunu sakinlər də, xüsusi nümayəndəlik də fərq etməlidir.

İşğaldan azad edilmiş bölgələrə münasibətdə həssaslıq lazımdır, bunun səbəbi də bir tarixdir.

Amma ekstra təşviş zərərlidir. Sevgi ilə yanaşı, anlayış da olmalıdır. Təbiətin sərtliyinə problem kimi baxmamalıyıq. Bunu reallıq kimi qəbul etməyi öyrənməliyik.

Bilməliyik ki, o torpaqlarda həyat yalnız texnologiya ilə bərpa olunmayacaq. Daha çox təbiətə uyğunlaşmaqla həyat canlanacaq.

Kəlbəcərə həqiqi qayıdış da elə buradan başlayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ