Ötən il Azərbaycana Çindən 8 min tabutun gətirilməsi ictimaiyyət arasında suallar doğurub. Bu qədər böyük həcmdə tabutun ölkəyə hansı məqsədlə idxal edildiyi, sifarişçinin kim olduğu və tabutların harada saxlandığı ilə bağlı indiyədək rəsmi açıqlama verilməyib.
Modern.az məsələni araşdıraraq müxtəlif dini icmaların və aidiyyəti qurumların mövqeyini öyrənib.
Azərbaycanda fərqli dini icmaların mövcudluğunu nəzərə alaraq, ilk olaraq qeyri-müsəlman dini icmaların mövqeyi araşdırılıb. Sorğular göstərir ki, ölkədə fəaliyyət göstərən əsas dini icmaların heç biri bu tabutların sifarişçisi olmadığını bildirir.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev saytımıza açıqlamasında bildirib ki, bu məsələ katolik icması ilə heç bir formada bağlı deyil:
“Katolik icması bu tabutların heç birini sifariş etməyib. Ümumiyyətlə, bu mövzuda bizimlə hər hansı qurum və ya şəxs tərəfindən əlaqə saxlanılmayıb”, – deyə o qeyd edib.
Azərbaycanın Pravoslav Xristian İcmasının nümayəndəsi Konstantin Pominov da tabutların onların dini icmasına aid olmadığını bildirib:
“Bu tabutların ölkəyə gətirilməsinin pravoslav icması ilə heç bir əlaqəsi yoxdur. Kim tərəfindən və hansı məqsədlə gətirildiyi barədə məlumatımız yoxdur”, - deyə o vurğulayıb.
Azərbaycan Gürcü–Sefarad yəhudiləri dini icmasının sədri, ravvin Zamir İsayev isə məsələyə dini aspektdən yanaşaraq bildirib ki, yəhudi dəfn ənənələrində tabutdan istifadə olunmur:
“Yəhudilikdə dəfn tabutda həyata keçirilmir. Bu səbəbdən belə tabutlara bizim icmanın ehtiyacı yoxdur”, - deyə ravvin bildirib.
Beləliklə, ölkədə fəaliyyət göstərən əsas qeyri-müsəlman dini icmaların heç biri Çindən gətirilən tabutlarla bağlı sifarişçi və ya istifadəçi olmadıqlarını açıq şəkildə bəyan edib.
Məsələ ilə bağlı rəsmi mövqeləri dəqiqləşdirmək üçün aidiyyəti dövlət və dini qurumlara da müraciət edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, sözügedən tabutlar Komitənin tabeliyində deyil və bu məsələ onların səlahiyyət dairəsinə daxil deyil.
Qafqaz Müsəlmanlar İdarəsinin mətbuat katibliyindən zənglərimizə cavab verilməsə də, qurumda çalışan digər məsul şəxslər bildiriblər ki, ölkəyə gətirilən tabutların QMİ ilə heç bir əlaqəsi yoxdur və onlar bu tabutların sifarişi və istifadəsi ilə bağlı məlumatlı deyillər.
Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri, əsasən, islam qaydalarına uyğun şəkildə icra olunur və bu zaman tabutdan istifadə edilmir.