Hesablama Palatası dövlət qurumlarında, o cümlədən nazirliklərdə və digər büdcə təşkilatlarında maliyyə nəzarəti tədbirlərini, yoxlamaları həyata keçirən ali audit institutudur. Lakin praktiki müşahidələr göstərir ki, bəzi hallarda Palata tərəfindən aparılan yoxlamaların nəticələri ictimaiyyətə tam açıqlanmır, habelə, maliyyə göstəriciləri dəqiqliklə təqdim edilmir və ya məlumatlar mürəkkəb, çətin anlaşılan formada ifadə olunur. Bu isə audit nəticələrinin mahiyyətinin cəmiyyət tərəfindən aydın şəkildə dərk edilməsində müəyyən çətinliklər yaradır.
Bu kontekstdə Hesablama Palatasının audit nəticələrinin açıqlanması ilə bağlı hüquqi çərçivənin, məlumatların açıqlanmasının hansı hallarda məhdudlaşdırıla biləcəyinin, eləcə də maliyyə göstəricilərinin, habelə audit aparılan qurum və təşkilatların konfidensial saxlanılmasının qanunvericilik baxımından təhlil edilməsi xüsusi əhəmiyyət kəsb edir. Audit materiallarında rəqəmlərin tam və açıq şəkildə təqdim olunmamasının hansı hüquqi səbəblərlə izah edildiyi və sözügedən yaanaşmanın şəffaflıq prinsipi ilə nə dərəcədə uzlaşdığı məsələyə hüquqi baxımdan aydınlıq gətirilməsini zəruri edir.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, Hesablama Palatasının fəaliyyəti ilə bağlı illik hesabat Palata tərəfindən hazırlanaraq təqdim olunur.
“Həmin hesabat Milli Məclisdə müzakirə edilir və qəbul olunur. Müzakirələr komitə iclasları, eləcə də plenar iclaslar çərçivəsində aparılır. Hesablama Palatası öz fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hər il hesabatını təqdim edir və bu sahədə hər hansı kənarlaşma müşahidə edilmir”.
Deputatın sözlərinə görə, əksinə, son illərdə Hesablama Palatası tərəfindən hazırlanan hesabatların həcminin artdığını və daha çox məlumatın hesabatlara daxil edildiyini müşahidə edirik ki, bu da təqdirəlayiq haldır:
“Təbii ki, bəzi hallarda müəyyən məlumatların daha detallı təqdim olunmadığı müşahidə edilə bilər. Digər hallarda isə məlumatlar eyni zamanda müvafiq dövlət qurumlarının araşdırması üçün təqdim olunur.
Bununla belə, Hesablama Palatasının hesabatlarına və mətbuat üçün açıqlamalarına diqqət yetirdikdə görürük ki, Palata apardığı bütün yoxlamalar üzrə əsas tapıntı və nəticələri ictimaiyyətə təqdim edir. Xüsusilə son illərdə Palatanın bu istiqamətdə fəaliyyətinin əhəmiyyətli dərəcədə təkmilləşdiyini müşahidə edirik. Bu baxımdan audit nəticələrinin ümumi təqdimatı təmin olunur”.
V.Bayramov həmçinin vurğulayıb ki, hesabatların daha da təkmilləşdirilməsi, daha geniş informasiya və məlumatların daxil edilməsi, eləcə də oxunaqlılığın artırılması ilə bağlı mütəmadi olaraq təkliflər irəli sürülür:
“Hesab edirəm ki, bu istiqamətdə Palatanın hesabatlarının təkmilləşdirilməsi prosesi artıq həyata keçirilir və gələcəkdə də davam etdiriləcəkdir.
Demək olar ki, hər il Palata tərəfindən hesabatlarda yeni yanaşmalar və yeniliklər təqdim olunur. Buna görə də bu, davamlı bir prosesdir. Növbəti illərdə Hesablama Palatasının hesabatlarında məlumatların daha geniş, izahatlı və göstəricilər əsasında təqdim olunacağını müşahidə edə bilərik”.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə ilk növbədə bildirib ki, Hesablama Palatası bu gün Azərbaycanın ən şəffaf və hesabatlı dövlət qurumlarından biridir.
“Təsadüfi deyil ki, “Açıq Büdcə İndeksi”nin 2024-cü il üzrə nəticələrinə əsasən Hesablama Palatası 100 ballıq maksimum qiymətləndirmə ilə ən yüksək nəticə göstərən qurumlar sırasında yer alıb. Bu fakt qurumun fəaliyyətində şəffaflıq standartlarının yüksək səviyyədə olduğunu açıq şəkildə nümayiş etdirir.
Hesablama Palatası audit və yoxlamaların nəticələrini bir neçə kanal vasitəsilə ictimaiyyətə təqdim edir. Aparılan ayrı-ayrı audit və uyğunluq yoxlamaları üzrə məlumatlar qurumun rəsmi internet saytında yerləşdirilir. Audit nəticələri xüsusi hesabatlar və icmallar formasında dərc olunur. Eyni zamanda Palatanın audit jurnalı mövcuddur ki, orada da bu məlumatlarla tanış olmaq imkanı mümkündür. Bundan əlavə, Hesablama Palatası illik hesabatlarını da açıq şəkildə yayımlayır”.
Hüquqşünas qeyd edib ki, Hesablama Palatası Milli Məclisə illik fəaliyyət hesabatı təqdim edir və həmin sənəd eyni zamanda qurumun rəsmi saytında yerləşdirilir:
“Bu hesabatlarda əsas tapıntılar, pozuntuların xarakteri və onlara dair izahlar ətraflı şəkildə əksini tapır. Yeri gəlmişkən qeyd edim ki, son parlament seçkilərinə qədər Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatlar vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunurdu. Doğrudur, son illərdə parlamentin müvafiq komitələri tərəfindən bu müzakirələrə vətəndaş cəmiyyəti nümayəndələrinin dəvəti baş tutmayıb. Lakin bu, Hesablama Palatasının deyil, Milli Məclisin səlahiyyət və qərarları ilə bağlı məsələdir.
Bununla belə, Hesablama Palatası öz açıqlığını burada da qoruyur. Qurum hesabatları vətəndaş cəmiyyəti təşkilatlarına, xüsusilə peşəkar və ixtisaslaşmış qurumlara göndərir. Məsələn, bizim təşkilata da Hesablama Palatası öz hesabatlarını mütəmadi olaraq təqdim edir. Ümumilikdə isə Hesablama Palatası bu gün vətəndaş cəmiyyəti ilə ən fəal əlaqə quran, əməkdaşlığa açıq olan dövlət qurumlarından biridir”.
Hüquqşünas nəzərə çatdırıb ki, Hesablama Palatasının hesabatlarının açıqlığı və şəffaflığı ilə bağlı prinsipial bir mübahisə mövcud deyil:
“Müzakirə doğuran əsas məsələ daha çox məlumatların, xüsusilə rəqəmlərin təqdimetmə dili və forması ilə bağlıdır. Doğrudur, Palata mürəkkəb maliyyə performansı və uyğunluq auditləri həyata keçirir və bu auditlərin özünəməxsus peşəkar, texniki dili mövcuddur.
Eyni zamanda Hesablama Palatası dövlət büdcəsi haqqında qanun layihəsinə, sosial müdafiə xərclərinə və büdcənin icrasına dair rəy verir. Bu rəylər texniki xarakter daşısa da, tam açıqdır və həm Milli Məclisin, eləcə də Hesablama Palatasının rəsmi internet saytlarında yerləşdirilir”.
Ə.Nuriyev eyni zamanda Hesablama Palatası tərəfindən hazırlanan sənədlərin dilinin mürəkkəbliyinə də dıqqət çəkib:
“Qeyd etmək lazımdır ki, bu sənədlərin dili bəzən geniş ictimaiyyət üçün anlaşılmasını çətinləşdirə bilər. Lakin bu, şəffaflıq problemi deyil, daha çox texniki üslub məsələsidir.
Müsbət haldır ki, Hesablama Palatası bu istiqamətdə addımlar atır və hesabatların daha sadə, ictimaiyyət üçün anlaşılan dildə təqdim olunmasını hədəfləyir. Ötən ilin sonunda Palata bu məsələ ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrini müzakirələrə dəvət edib. Hazırda qurum 2026-2030-cu illəri əhatə edən strateji iş planı üzərində çalışır və həmin sənəddə audit və yoxlama nəticələrinin daha sadə və anlaşılan formada təqdim olunması prioritet tədbirlər sırasında yer alır”.
O həmçinin vurğulayıb ki, Hesablama Palatası strateji planını vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə müzakirə edən nadir qurumlardandır:
“2026-2030-cu illər üzrə strateji plan layihəsi geniş şəkildə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə müzakirə olunub və təqdim edilən təkliflərin real şəkildə nəzərə alındığı müşahidə edilib. Mən özüm də həmin müzakirələrin iştirakçısı olmuşam və müxtəlif sahələri təmsil edən vətəndaş cəmiyyəti nümayəndələrinin təkliflərinin qəbul edildiyini görmüşəm. Bu da qurumun açıq dialoqa və ictimai iştiraka verdiyi önəmin göstəricisidir.
Eyni zamanda hesab edirik ki, Hesablama Palatasının yanında ictimai məsləhətçi qurumun yaradılması faydalı olardı. Bu qurum vasitəsilə Palatanın fəaliyyəti mütəmadi olaraq müzakirə edilə, monitorinq və tövsiyələr təqdim oluna bilərdi. Həmin qurumda vətəndaş cəmiyyəti və akademik dairələrin nümayəndələrinin təmsil olunması məqsədəuyğun olardı. Bu, Hesablama Palatasının fəaliyyətinə kənar və obyektiv baxışın təmin edilməsi baxımından da önəmli olardı. Bu təklif müzakirələr zamanı səsləndirilib və müsbət qarşılanıb”.
Ə.Nuriyev onu da əlavə edib ki, bununla yanaşı, bir sıra hüquqi məqamlar da nəzərə alınmalıdır:
“Hesablama Palatasının bəzi məlumatları qanunvericiliyin tələblərinə uyğun olaraq məxfi saxlanılmalıdır. Məsələn, aparılan audit nəticəsində bəzi hallarda cinayət xarakterli faktlar aşkar edilə bilər. Bu halda məlumatlar müvafiq hüquq-mühafizə orqanlarına göndərilir və istintaq prosesinə mane olmamaq üçün açıqlana bilməz. Eyni zamanda dövlət sirri, kommersiya sirri və milli təhlükəsizliklə bağlı məlumatlar da qanunvericiliyə əsasən açıqlanmır. Bu hallar şəffaflıq hüququnun məhdudlaşdırılması deyil, qanuni tələblərdən irəli gələn zəruri məhdudiyyətlərdir.
Nəticə etibarilə demək olar ki, Hesablama Palatası maksimum dərəcədə şəffaf və hesabatlı fəaliyyət göstərən qurumdur. Hesabatların açıqlanması ilə bağlı sistemli problem mövcud deyil. Mövcud müzakirələr əsasən dilin sadələşdirilməsi və ictimaiyyət üçün anlaşıqlılığın artırılması ilə bağlıdır. Qanunla qorunan məlumatların məxfi saxlanılması isə tam əsaslı və zəruridir.
Bu baxımdan Hesablama Palatasının gördüyü işlər və atdığı açıq addımlar nəzərə alınmalı, məsələlərə daha konstruktiv yanaşılmalıdır. Məncə, doğru yanaşma da məhz budur”,- deyə o qeyd edib.