Şəki rayonu Çayqaraqoyunlu kənd sakini Zənfirə Sirəfilovanın ağır görmə qüsuru olan oğlunun hərbi xidmətə aparılması cəhdi ilə bağlı şikayəti öz nəticəsini verməkdədir.
Modern.az-ın məsələni işıqlandırmasından sonra, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) Şəki Şəhər Şöbəsində vətəndaş qəbul edilərək çağırışçının təkrar müayinəyə göndəriləcəyi bildirilib.
Zənfirə Sirəfilovanın sözlərinə görə, 2007-ci il təvəllüdlü oğlu Dəyanət Sirəfilov anadan gəlmə ağır dərəcəli görmə zəifliyindən əziyyət çəkir. Bütün tibbi sənədlər SHÇDX Şəki Şəhər Şöbəsində olsa da, qurumun əməkdaşları tərəfindən ailəyə təzyiq göstərilib. 6 aylıq süründürməçilikdən sonra, yanvarın 7-də xəstə gəncin hərbi xidmətə aparılacağı bildirilib. Bu müddət ərzində gəncin təhsil aldığı kollecdə dərslərindən geri qaldığı və imtahanlarda iştirak edə bilmədiyi qeyd olunur.
Məsələ ictimailəşdikdən sonra Zenfira Sirəfilova SHÇDX Şəki Şəhər Şöbəsinin rəisi polkovnik-leytenant Qaraş Abbasov tərəfindən qəbul olunub.
Xanımın sözlərinə görə, yanvarın 8-də səhər saatlarında Dəyanət Sirəfilov komissarlıq nümayəndələrinin müşayiəti ilə Bakıya - Mərkəzi Hərbi Həkim Komissiyasına təkrar müayinə üçün gətirilib. Şikayətçi ana qeyd edir ki, yerli şöbə müayinənin ixtisaslaşmış Zərifə Əliyeva adına Oftalmologiya İnstitutunda keçirilməsinə razı olmayıb.
Hazırda ailə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyindən və hüquq-mühafizə orqanlarından məsələyə tam obyektiv yanaşılmasını gözləyir. Z.Sirəfilova vurğulayır ki, əgər rayon xəstəxanasının illərdir qeydə aldığı diaqnozlar "yox sayılarsa", o, hüquqlarını məhkəmə müstəvisində sonadək müdafiə edəcək.
Modern.az olaraq mövzunu diqqətdə saxlayacağıq.