Modern.az

Regionlarda təcili tibbi yardım maşınları nə vaxt yenilənəcək? - RƏSMİ

Regionlarda təcili tibbi yardım maşınları nə vaxt yenilənəcək? - RƏSMİ

Ölkə

8 Yanvar 2026, 17:37

2025-ci ilə qədər ölkə üzrə 400-ə yaxın yeni ambulans alınaraq istifadəyə verilib. Ötən il ərzində isə əlavə olaraq 80 ədəd “Iveco” markalı təcili tibbi yardım avtomobili alınıb və onların paylanılması prosesinə başlanılıb. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, təcili yardım xidmətinin bölgələrdə daha da yaxşılaşdırılması, operativliyin təmin edilməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə tədbirlər davam etdirilir.

Qeyd edilib ki, təkcə 2025-ci il ərzində 100-dən çox istismara yarasız avtomobil xidmətdən kənarlaşdırılaraq, yeniləri ilə əvəz edilib.

Bundan əlavə TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən sovet istehsalı olan avtomobillər qismən qalmaqdadır. Hazırda bu sahədə yenilənmə prosesi gedir və köhnə avtomobillərin mərhələli şəkildə yeniləri ilə əvəz olunması istiqamətində işlər aparılır. 

Mövzu ilə əlaqədar saytımıza açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ümumilikdə, əgər biz təbabətdə Qərb standartlarına keçidi hədəfləyiriksə, bu proses təkcə rezidentura sisteminin yaradılması və ailə həkimi modelinin mərhələli şəkildə formalaşması ilə məhdudlaşmamalı, eyni zamanda, paytaxtda, eləcə də regionlarda da təcili tibbi yardım sistemi də köklü şəkildə dəyişdirilməlidir.

“Xarici ölkələrin, xüsusilə Qərb dövlətlərinin təcrübəsinə nəzər salsaq, görərik ki, onların təcili yardım sistemləri “xəstədən hospitala” prinsipi əsasında qurulub. Yəni xəstəxanaya ehtiyacı olan şəxsə xüsusi briqada göndərilir, hadisə yerində ilkin tibbi yardım göstərilir və zərurət yarandıqda pasiyent operativ şəkildə xəstəxanaya çatdırılır. Bu yanaşma, xüsusilə hündürlükdən yıxılma, uçqun altında qalma və digər həyati təhlükəli hallarda insan həyatının xilasında həlledici rol oynayır”.

A.Qeybulla nəzərə çatdırıb ki, bizdə  isə hələ də sovet dövründən qalma “hospitaldan xəstəyə” modeli qalmaqda davam edir:

“Bu sistemin əsas çatışmazlığı ondan ibarətdir ki, vətəndaşlar çox vaxt xırda və təxirəsalınmaz olmayan hallarda belə təcili yardıma müraciət edirlər. Nəticədə təcili tibbi yardım briqadaları həqiqətən ağır vəziyyətdə olan xəstələrə vaxtında çata bilmir.

Təsəvvür edin ki, bu gün Bakı şəhərində faktiki əhali sayı 5-6 milyona yaxındır. Axşam saatlarında və pik vaxtlarda daxil olan çoxsaylı çağırışları mövcud stansiyaların operativ şəkildə qarşılaması real deyil. Bu səbəbdən mövcud sistem tədricən ləğv edilməli, onun yerinə tamamilə yeni, müasir təxirəsalınmaz tibbi yardım modeli qurulmalıdır.

Bu modelə tibbi vertolyotlar, xüsusi təlim keçmiş xilasedici briqadalar və sürətli reaksiya imkanlarına malik mobil qruplar daxil olmalıdır”,- deyə A.Qeybulla qeyd edib.

Əlavə olaraq TƏBİB-dən bildirilib ki, təcili tibbi yardım maşınlarının rayonlarda çağırış ünvanına çatma vaxtı bir sıra amillərdən asılı olaraq dəyişə bilər:

“Ümumi yanaşmaya əsasən, bu müddət orta hesabla 15-20 dəqiqə təşkil edir. Lakin kənd ərazilərində yol və hava şəraiti, həmçinin məsafənin uzaqlığı nəzərə alınmaqla, bu müddət 30 dəqiqə və ya daha artıq ola bilər. Çağırışların pik saatlarında isə həm obyektiv, həm də subyektiv səbəblərə görə gecikmələr baş verə bilir.

Gecikmələrin minimuma endirilməsi məqsədilə çağırışlar prioritetliyə görə çeşidlənir və müraciət  çox olan ərazilərə ətraf bölgələrdən əlavə briqadalar cəlb olunur. Bu, mövcud təcili yardım briqadalarından daha səmərəli istifadə edilməsi məqsədilə həyata keçirilir”,- qurumun rəsmi məlumatında deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır