Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ölkə həyatı, beynəlxalq siyasət və sosial məsələlərlə bağlı fikirlərini bildirib. Dövlət başçısı müsahibəsində ölkədaxili məsələlərə toxunaraq, sosial siyasət, idarəetmə sisteminin təkmilləşdirilməsi və optimallaşdırma tədbirləri barədə danışıb.
Prezident məmurların fəaliyyəti ilə bağlı açıq şəkildə iradlarını ifadə edib.
"Mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılmışdır. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam. Yəni bu, məni çox məyus edir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya, mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir. Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var", - Prezident deyib.
Modern.az Naxçıvanın vəzifədən çıxarılmış səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Nəsimi rayon icra başçısı vəzifəsindən uzaqlaşdırılan Elxan İbrahimovla bağlı həmin bölgələrin deputatları ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Milli Məclisin 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən seçilmiş deputatı Ülviyyə Həmzəyeva bildirib ki, seçicilərdən Fuad Nəcəfli dövründə onunla bağlı müraciətlər daxil olub:
“Deputat kimi mənim əsas vəzifəm seçicilərimin müraciətlərini dinləmək, onların gündəlik problemlərini aidiyyəti qurumlara çatdırmaq və həllinə dəstək göstərməkdir. Bu kontekstdə müəyyən dövrlərdə seçicilər tərəfindən idarəetmədə koordinasiyanın yetərincə güclü olmaması, yerli strukturlarla qarşılıqlı əlaqələrin səmərəli qurulmaması və bəzi qərarların icrasında ləngimələr baş verməsi ilə bağlı müraciətlər daxil olurdu.
Hər bir məmur fəaliyyətinə görə cavabdehdir və cənab Prezidentin də vurğuladığı kimi, dövlət etimadı ən böyük məsuliyyətdir. Kimin bu etimadı doğrultduğu və ya doğrultmadığı isə yalnız nəticələrlə ölçülür. Əsas məqsədimiz Naxçıvanın inkişaf dinamikasını qorumaq, insanların sosial rifahını yüksəltmək, infrastruktur layihələrinin davamlılığını təmin etmək və bölgənin strateji əhəmiyyətini daha da gücləndirməkdir”.

Ü.Həmzəyeva islahatların və yeni təyinatların idarəetmə prosesində çevikliyi artıracağına inandığını vurğulayıb:
“Dövlətimiz üçün prioritet Naxçıvanın dayanıqlı inkişafı, dövlət siyasətinin bölgədə səmərəli icrası və idarəetmədə şəffaflıqdır. İnanıram ki, görülən islahatlar və yeni təyinatlar idarəetmə prosesində çevikliyi artıracaq, mövcud problemlərin operativ həllinə və regionun daha sürətli inkişafına müsbət təsir göstərəcək”.

Milli Məclisin 22 saylı Nəsimi - Yasamal seçki dairəsindən seçilmiş üzvü Asim Mollazadə isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun 1 ay da işləmədiyini və onun üzünü görmədiyini deyib:
“Mən də ətraflı məlumat yoxdur. Ətraflı məlumat Prezidentdə var. Prezident etimadı doğrultmadığına görə məmurları vəzifəsindən uzaqlaşdırır. Ölkə başçısı hər zaman məmurlardan dürüst olmaq tələbi ilə çıxış edir. Bu tələb yerinə yetirilmədikdə Prezident məmurları cəzalandırır. Məndə məlumat olmadığına görə, bu məsələ ilə bağlı şərh verə bilmərəm. 1 ay da işləmədi, mən onu görməmişəm. Buna görə də bir söz deyə bilmərəm”.