Təşkilatçısı gizli, xaricdən idarə olunan onlayn qumar oyunları aktual problem olaraq qalır. Ölkəni ciddi maliyyə itkisinə məruz qoyan bu oyun platformalarına aludəçilər əvvəllər daha çox gənclər olub. Hazırda isə yaş kateqoriyasında şaxələnmə var.
Narkomaniyadan heç də az mənfi təsiri olmayan qumarın alüdəçiləri cəmiyyət üçün də təhlükə mənbəyidir. İş potensialını itirmək həddinə çatan şəxs istər-istəməz başqasına həm yük olur, həm də təhlükə yaradır.
Lisenziyasız mərc və şans oyunları platformaları dövlət nəzarətindən kənarda fəaliyyət göstərir, heç bir vergi öhdəliyi daşımadan böyük maliyyə dövriyyəsi formalaşdırır və nəticədə ölkədən yüz milyonlarla manat vəsaitin çıxmasına səbəb olur. Bu platformaların ən riskli tərəfi istifadəçilər qarşısında hər hansı hüquqi məsuliyyət daşımamalarıdır. Belə hallarda insanlar aldadıldıqda, hesabları bloklandıqda və qazandıqları məbləği geri ala bilmədikdə müraciət edə biləcəkləri rəsmi qurum olmur, çünki sistem qanunsuz fəaliyyət göstərir.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin üzvü Azər Badamov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində mərc oyunların keçirlməsinə icazə verilsə də qumar oyunları ölkəmizdə qadağandır:
"Mərc oyunları operatorları xüsusi lisenziyalar almaqla fəaliyyət göstərir. Onu da qeyd etmək istəyirəm ki, ölkəmizdə qanunsuz onlayn mərc oyunlarına icazə yoxdur. O cümlədən qanunvericiliyimiz xarici mərc oyunların dövrüyyəsinə icazə vermir. Bu baxımdan xarici online mərc oyunlarına girşlər dayandırılır və kibertəhlükəsizlik tədbirləri görülür. Amma qanunsuz fəaliyyət göstərən xarici onlayn mərc oyunlarında böyük maliyyələr dövrüyyə olunur. Belə ki, 2025-ci ildə xarici online mərc oyunlarının dövrüyyəsi 100 milyard dollardan çox olduğu bildirilir. Bunun həm də yaxın gələcəkdə daha da artacağı ilə bağlı proqnozlar verilir. Qanusuz fəaliyyət göstərən xarici onlayn ölkədən valyutanın çıxmasına və vətəndaşların aldanmasına yol açır. Bu baxımdan hesab edirəm ki, qabnunvericiliyimiz xarici mərc oyunlarının ölkəmizin daxilinə ayaq açmaması üçün müvafiq tədbirlər daha da sərtləşdirməlidir."
Sosioloq Elçin Bayramlının fikrincə, problem cəmiyyətdə kök salmaqdadır və sosial-iqtisadi böhranla yanaşı, cinayətkarlığa da yol açır:
“Bu tip oyunlar iki cürdür: Rəsmi-qanuni fəaliyyət göstərənlər və internet üzərindən qeyri-qanuni olanlar.
Son vaxtlar insanlar daha çox qanusuz onlayn lotereya və qumar oyunlar ilə məşğul olur. Vətəndaşlarımız burada ildə 100 milyonlarla vəsait itirirlər. İdarəçilərin kim olduğu, oyunların haradan idarə olunduğu məlum deyil; bunlar şübhəli mərkəzlərdir. Heç bir hüquqi məsuliyyəti yoxdur.
Rəsmi fəaliyyət göstərən digər lotereyaların müəyyən öhdəlikləri var və onlara dövlət nəzarət edir. Onlar Azərbaycanın özündədir, əlçatandır.
Uşaqlar, gənclər və savadsız kateqoriya tələyə düşür.
Daxili İşlər Nazirliyi qanunsuz mərc və şans oyunları ilə bağlı daim maarifləndirmə aparır, izahatlar verir. Hətta qanunsuz olaraq qumar və mərc oyunları təşkil edənlərə qarşı mütəmadi tədbirlər görür. Çünki bəzilərinin Azərbaycanda da bu qanunsuz platformalara işləyən adamları var, belə şəxslər haqqında tədbirlər görülür.
Tam qarşısını almaq isə çox çətindir. Çünki internet elə bir şəbəkədir ki, ora bizim nəzarət imkanlarımız müşküldür. Bu, qlobal bir sistemdir.
Bu qanunsuz mərkəzlər və şirkətlərlə mübarizədə faktiki olaraq yeganə çıxış yolu qalır: insanların özlərinin bu mövzuda savadlanması, məlumatlandırılması və aldanmaması. Xalq arasında bir deyim var: “Müftə pendir yalnız tələdə olur”. Reallıq da məhz budur. Heç bir xarici qumar və ya lotereya sistemində elə mexanizm yoxdur ki, kimsə ora beş-on manat qoyub milyon qazansın. Belə bir şey mövcud deyil.
Amma buna baxmayaraq, bu qeyri-qanuni platformalar insanları cəlbedici reklamlarla aldadırlar: yalançı qaliblər, yalançı uduşlar nümayiş etdirilir. Hətta bəziləri daha da irəli gedərək əvvəlcə doğrudan da real şəkildə beş, on, əlli manatlıq uduşlar verirlər, vəsaiti hesaba köçürürlər ki, insanı həvəsləndirsinlər. Daha sonra isə həmin şəxsin bir neçə yüz, hətta minlərlə manatını mənimsəyirlər.
Bu cür qanunsuz fəaliyyət göstərən platformalarla mübarizə aparmaq son dərəcə çətindir. Burada məsuliyyət əsasən insanların öz üzərinə düşür. İnzibati yolla bu problemi tam həll etmək mümkün deyil. Texniki baxımdan müəyyən addımlar atmaq olar, lakin hüquqi baxımdan çətinliklər mövcuddur. Çünki bu qanusuz platformalar Azərbaycan yurisdiksiyasına aid olmayan xarici məkanlarda fəaliyyət göstərir.
Bununla yanaşı, dövlət tərəfindən müəyyən maarifləndirmə işləri aparılır. Amma texniki tədbirlər də zəruridir. Bir sıra ölkələrdə bu tip xarici resursların bloklanması tətbiq olunur. Azərbaycan internet məkanında da bu cür saytların, tətbiqlərin və reklamların məhdudlaşdırılması üçün texniki filtr sistemləri qurula bilər. Bu, həm sosial, həm iqtisadi, həm də mənəvi baxımdan vacibdir.
Naməlum xarici strukturlar Azərbaycan vətəndaşlarının pullarını talayır, bu isə iqtisadi zərər, sosial problemlər, mənəvi deqradasiya və kriminal hallar yaradır".
Qeyd edək ki, fırıldaqçılardan qorunmaq üçün rəsmi lisenziyası olmayan - “Mostbet”, “Pin-Up”, “1xBet”, “Betbuta”, “10linelotto” kimi qanunsuz mərc və şans oyunlarından uzaq durmaq lazımdır.
Azərbaycanda qanunsuz mərc və lotereya oyunlarının təşkili və iştirak etmək inzibati və cinayət məsuliyyəti daşıyır.
Dünya təcrübəsi göstərir ki, qanuni əsaslarla fəaliyyət göstərən idman mərc oyunları və lotereyalar əyləncə sənayesinin mühüm hissəsidir. Bu sahə iqtisadi aktivliyi artırır, yeni iş yerlərinin yaradılmasına təkan verir və idmanın inkişafına maliyyə dəstəyi göstərir. Qanunlara uyğun fəaliyyət göstərən mərc operatorları oyunçular üçün şəffaf və təhlükəsiz mühit formalaşdırır və eyni zamanda dövlət büdcəsinə vergi daxilolmalarının artmasına əhəmiyyətli töhfə verir.
Məhz buna görə də şansınızı yalnız rəsmi və lisenziyalı oyunlarda sınamağınız vacibdir. Qanuni platformalar həm şəxsi maliyyə təhlükəsizliyinizi qoruyur, həm də riskli və qeyri-qanuni mənbələrə üz tutmamağınıza yardım edir.