Modern.az

Nə Pəhləvilər, nə də molla rejimi - İranda hakimiyyətə kim gətirilir?

Nə Pəhləvilər, nə də molla rejimi - İranda hakimiyyətə kim gətirilir?

Ölkə

9 Yanvar 2026, 10:15

İnflyasiya, milil valyutanın dollar qarşısında sürətlə ucuzlaşması, zəruri ərzaq və yanacağın bahalaşması İranda ötən ilin son günlərində başlayan sosial etirazların əsas qığılcımı hesab olunur.

Hadisələr zamanla sosial etirazlardan, mövcud molla rejiminin devrilməsinə qədər təkamül keçsə də, aksiyalarda zorakılıq halları yüksələn xətlə inkişaf edir. Azı 36 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı hadisələrdə Cənubi Azərbaycandan olan soydaşlarımızın aktiv olmadığı iddia olunur. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı xəbərlərə rast gəlmək olar. Digər yandan, İran hakimiyyətinin soydaşlarımızın sıx yaşadığı Təbriz, Ərdəbil və digər şəhərlərə çoxsaylı qüvvələr yerləşdirməsinə dair xəbərlər gəlməkdədir. 

Bu kontekstdə Modern.az Güney Azərbaycandan mühacirət etməyə məcbur qalan, amma doğma torpaqları ilə sıx əlaqədə olan, yerli əhalinin yanaşmasından xəbərdar olan ictimai-siyasi fiqurlarla əlaqə saxlayıb.

Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili bildirib ki, Cənubi azərbaycanlılar hazırkı mərhələdə aksiyalarda kativ iştirak etmir. Amma onun sözlərinə görə bu mövqeyi passivlik kimi qiymətləndirmək düzgün deyil:

“Bu mərhələdə kənardan passiv görünən duruşun özü əslində Tehranmərkəzli etirazlara qoşulmamaqla ortaya qoyulan aktiv və şüurlu mövqedir. İran İslam İnqilabından bu yana Cənubi Azərbaycan bir çox etiraz proseslərində ön sıralarda yer alıb. Lakin həm Tehranmərkəzli müxalifətin, həm də mövcud rejimin Cənubi Azərbaycan məsələsinə münasibəti faktiki olaraq eynidir və bu da ciddi etimad probleminə səbəb olur. Məhz bu səbəbdən indiki mövqeni passivlik kimi dəyərləndirmək doğru deyil, əksinə, Güney Azərbaycan milli hərəkatının doğru yerdə və doğru zamanda dayandığını göstərir”.

Siyasi Şərhçi qeyd edib ki, rejim Cənubi Azərbaycan milli hərəkatını, onun haqlarını və varlığını necə inkar edirsə, Tehranmərkəzli müxalifət də eyni yanaşmanı sərgiləyir:

“Bu səbəbdən Cənubi azərbaycanlılar tarixi təcrübələrinə əsaslanaraq Təbrizmərkəzli siyasi xətti üstün tuturlar və bu mövqe tarixi baxımdan formalaşmış prinsipial duruşdur. Mərkəzi hökumətin etiraz səslərinə mütləq qulaq asmalıdır. Hökumət qulaqlarını bağlamaqla heç bir nəticə əldə edə bilməz, əgər tələblər və təmin edilməli haqlar varsa, bu istiqamətdə körpülər qurulmalı, dialoq üçün real zəminlər yaradılmalıdır. Əks halda mövcud vəziyyət davam edərsə, xaos daha da dərinləşəcək və prosesə yeni, fərqli faktorlar daxil olacaq”.

Məhsa Mehdili sonda qeyd edib ki, hazırkı mərhələdə yekun nəticələr barədə qəti fikir bildirmək tezdir: “Çünki proseslərə təkcə daxili amillər deyil, eyni zamanda xarici faktorlar da təsir göstərə bilər. Bu baxımdan hadisələrin gedişatını diqqətlə izləmək daha məqsədəuyğundur”.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü Sadiq İsabəyli isə bildirib ki, kütləvi etirazların əsasən fars bölgələrində və bəzi kiçik etnik qrupların yaşadığı ərazilərdə davam etməsinin başlıca səbəbi ölkədəki bahalıq və inflyasiyadır. Onun sözlərinə görə, insanlar siyasi hakimiyyətdən ümidlərini kəsiblər və artıq məişət xərclərini ödəmək imkanında deyillər.

S.İsabəyli qeyd edib ki, etirazların hansı istiqamətə yönəldilməsi məsələsi hazırda əsas müzakirə mövzusudur və iqtisadi-sosial narazılığın siyasi narazılığa çevrilməsi üçün müəyyən cəhdlər göstərilir:

“Bəzi siyasi cərəyanlar baş verən prosesləri öz maraqları çərçivəsində gündəmə gətirməyə çalışır, kütləviləşən etirazların rejimin süqutuna və alternativ hakimiyyətin formalaşmasına yönəldiyi fikri yayılır. Bu kontekstdə keçmiş Pəhləvi rejiminin qalıntısı olan Rza Pəhləvinin daha çox ön plana çıxarılır və bu istiqamətdə mediada təbliğat aparılır.

Etiraz şüarlarının məzmununu dəyişmək, prosesi istənilən istiqamətə yönləndirmək və xaricdəki farsdilli medianı vahid xətt üzrə hərəkətə gətirmək cəhdləri mövcuddur. Məqsəd fars bölgələrindəki etirazları ön plana çıxarmaq və qeyri-fars millətləri bu proseslərin tərkib hissəsi kimi təqdim etməkdir. Lakin onun sözlərinə görə, qeyri-fars millətləri, o cümlədən Güney Azərbaycan bu ssenariyə qoşulmur”.

S.İsabəyli vurğulayıb ki, Güney Azərbaycan və onun əsas şəhərləri baş verən proseslərə təmkinlə yanaşır və mövqeyini açıq şəkildə ortaya qoyub:

“Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarı ilə azərbaycanlılar Pəhləvi xəttini dəstəkləməyəcəklərini açıq şəkildə bəyan ediblər. Bu mövqe ana dili, milli və siyasi istəklər üzərində formalaşıb və Güney Azərbaycan bundan sonrakı proseslərdə fars mərkəzli rejimlərin maraqları çərçivəsində hərəkət etmək niyyətində deyil.

Rejim daxilindəki cərəyanlar və Rza Pəhləviyə bağlı qruplar, eləcə də media orqanları Güney Azərbaycanı öz maraqlarına uyğun yönləndirərək “Azərbaycan da bu prosesə qoşulub” görüntüsü yaratmağa çalışırlar. Digər millətlərin də bu proseslərə qoşulmaması isə onu göstərir ki, həmin xalqlar öz şüarları və öz siyasi mövqeləri ilə hərəkət edəcəklər”.

Sadiq İsabəyli söyləyib ki, Güney Azərbaycan öz müstəqilliyi və stabilliyi istiqamətində hərəkət etmək niyyətindədir:

“Onun sözlərinə görə, Azərbaycan mərkəzli siyasi hərəkat Güney Azərbaycanda müstəqillik və milli dövlətin qurulmasını hədəfləyir, dövlətçiliyin təmsilçiliyini Tehrana vermək niyyətində deyil və öz dövlət modelini özü seçmək istəyir. O bildirib ki, heç bir siyasi, ideoloji və fars mərkəzli irqçi oyunların tərkib hissəsi olmayacaqlar. Proseslərin mürəkkəbliyi, xarici qüvvələrin təsiri, “Sepahi-Pasdaran”ın apardığı fəaliyyətlər və Güney Azərbaycana təsir edə bilən milli fəalların, liderlərin həbs olunması mövcuddur. Molla rejimi milli hərəkatların aktivləşməsinin qarşısını almağa çalışır, lakin bu, ciddi yanlışlıqdır. Çünki Güney Azərbaycan milli hərəkatları proseslərə nəzarət edir və xalq küçələrə yalnız öz şüarları ilə çıxacağını bəyan edir. “Azadlıq, Hərəkat, Milli Hökumət” şüarı Güney Azərbaycanın əsas siyasi xəttidir və Azərbaycanda farsçılığa yer yoxdur.  Azərbaycanlılar soyqırımı törətmiş Pəhləvi rejiminin və onu dəstəkləyən molla rejiminin yanında olmayacaqlarını bildirir. Daxildə və xaricdə müəyyən proseslər gedir və Güney Azərbaycan uyğun zamanda öz milli-siyasi iradəsini açıq şəkildə ortaya qoyacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır