Cinayətkar aləm və “oğru dünyası” cəmiyyətə ciddi zərər vuran bir fenomendir. Bəzi filmlər, seriallar, musiqi və sosial şəbəkələr cinayətkar aləmi “cəsur” və “ədalətli” kimi təqdim edir. Halbuki reallıq çox fərqlidir. Təəssüf ki, postsovet məkanının digər ölkələri kimi, Azərbaycanda da “oğru dünyası”na maraq olub və indi də var. "Oğru ideyaları", "qanuni oğru" anlayışları xüsusilə gənclərin bəzilərinin diqqətini çəkir.
“Oğru dünyası” anlayışı XX əsrin əvvəllərində, xüsusilə də Sovet həbsxana və düşərgə sistemində formalaşıb. Azadlıqdan məhrumetmə yerlərində yaranan bu qeyri-rəsmi struktur zamanla ciddi iyerarxiya və yazılmamış qanunlar sistemi yaradıb. Məqsəd həm dövlət sisteminə qarşı müqavimət göstərmək, həm də dustaqlar arasında guya “nizam” yaratmaq olub.
Zaman-zaman postsovet məkanında fəaliyyət göstərən "qanuni oğru"lar arasında azərbaycanlılar da tanınıb. Onlar xüsusilə Rusiyada yaşayıblar, indi də qonşu ölkədən belə şəxslərin səsi-sorağı gəlir.
Bəs Azərbaycanda necə, hazırda ölkəmizdə hansısa "qanuni oğru" fəaliyyət göstərirmi?
Bakı şəhər Prokurorluğunun sabiq böyük müstəntiqi, detektiv yazar Müşfiq Abbasov Modern.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda "oğru aləmi" və “oğru” adı ilə fəaliyyət göstərən şəxslər mövcud deyil:
"Ümumiyyətlə, hüquq-mühafizə orqanları Rusiyada “qanuni oğru” kimi tanınan şəxslərin Bakıya girişinə icazə vermir və onların ölkə daxilində hər hansı qruplaşma yaratması qətiyyən mümkün deyil.
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti xüsusilə fəal və prinsipial fəaliyyət göstərir. Bu isə təqdirəlayiq yanaşmadır".
Müsahibimizin sözlərinə görə, özlərini “oğru aləmi”ndə sayan şəxslər dövlət tərəfindən qəbul olunmuş qaydalara riayət etmirlər, guya öz “qanunları” var və bu “qanunlar” da istənilən istiqamətə əyilə bilir.
"Oğru aləmi"nə aid olan bəzi şəxsləri tanıyıram, müəyyən məclislərdə və təsadüfi görüşlərdə onlarla ünsiyyətim olub. Bu şəxslərin “ədalət” anlayışı altında səsləndirdikləri fikirlər əslində yalnız öz maraqlarının müdafiəsindən ibarətdir".
M.Abbasov ünsiyyətdə olduğu "oğrular"la bağlı "konkret adlar çəkmək etik olmaz", - deyə bildirib.

O əlavə edib ki, bu aləm artıq dünyada da tədricən sıradan çıxarılır:
"Hazırda bu şəxslərin bir qismi Rusiyada, bir qismi isə İstanbul və Dubayda yaşayır. Dövlətlər bu məsələni kökündən həll edib və həmin şəxslər faktiki olaraq avara, işsiz insanlar kimi mövcudluqlarını davam etdirirlər. Bu şəxslər müxtəlif söhbətlərə qarışaraq insanları səhv çıxarmağa, kimlərinsə üzərinə pul qoymağa çalışır, “brodyaqa” həyatı yaşadıqlarını düşünürlər.
Belə şəxslərin hərəkətləri hüquq-mühafizə orqanlarına məlum olduqda dərhal ciddi tədbirlər görülür və bu, birmənalı şəkildə həyata keçirilir".
Sabiq müstəntiq bildirib ki, Rusiyada yaşayan "oğru aləmi" nümayəndələrinə Azərbaycanda rəğbət göstərən işsiz-gücsüz insanlar da var və onlar hansısa mübahisəni “həll etmək” adı ilə zəng vurub bu şəxsləri prosesə cəlb etməyə çalışırlar.
"Həmin şəxslər də guya hansısa “böyük qardaş”ın tapşırığını yerinə yetirirmiş kimi davranırlar. Bütün bunlar cəmiyyət üçün artıq təhlükə yaratmır və zaman keçdikcə, bu məsələlər tam şəkildə aradan qalxacaq".
