Yeni ilin ilk 9 günündə Azərbaycanda 431 uşağa ad qoyulub. Onlardan 225-i oğlan, 206-sı olan qız uşaqlarıdır.
Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, oğlan uşaqları arasında ən çox seçilən ad Uğur olub. Belə ki, cari ildə bu ad 44 körpəyə verilib. Siyahıda saxlanılan Raul 34, Yusif 24, Hüseyn 23 və Əli 21 dəfə alınıb. Müasir adlara maraq da diqqət çəkir: Miran 20, Tunar 16, Fateh 15 dəfə seçilib. İlk onluğu Onur və Ömər adları tamamlayır – hər biri 14 uşağa qoyulub.
Qız uşaqları arasında liderliyi Məryəm qoruyub – 25 körpəyə bu ad verilib. Melisa və Aylin adları 24 dəfə seçilərək ilk üçlükdə yer alıb. Ardınca Zəhra 23, Fatimə 22 dəfə seçim olub. Siyahıda Zeynəb və Nilay adları 20, İnci 18, Əlisa 16, Ayla adı 14 dəfə qoyulub.
Qeyd edək ki, 2025-ci ildə doğulan oğlan uşaqlarına da ən çox Uğur adı verilib. Bu ad 1721 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Raul (1301), Hüseyn (1164), Əli (1151), Yusif (1100), Miran (855), Ömər (784), Ayxan (737), Tunar (693) və Murad (677) tutur.
Ötən il qız uşaqlarına ən çox Melisa adı verilib (1200). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1129), Məryəm (1127), Nilay (1112), Aylin (1095), Zəhra (1066), Ayla (1053), İnci (950), Alisa (946) və Fatimədir (803).